manera.az
manera.az

Qədim küçə...Köhnə ünvan...Tanış ev - ŞEİR

📅 13.10.2017 10:52

Qədim küçə...Köhnə ünvan...Tanış ev - ŞEİR
AĞASƏFA

Qədim küçə...Köhnə ünvan... Tanış ev,
Necə baxım,divarına,daşına.
Yan ürəyim! Pıçılda hey,danış hey,
Qoy desinlər,hava gəlib başına.

Nə bilsinlər,bu yol necə ağırmış,
Hər keçəndə ürəyimdə dağ artıb.
Deyərdilər ,bu saqqalı ağarmış
Küçəmizin yollarını ağardıb.

Ömür keçdi calandıqca ilə il,
Ümidimi yel apardı,yar aldı.
Mən nə qədər ayaq döydüm,elə bil,
O gözəlin ayaqları yer aldı.

Yaxın dosta ərk eləyib deyərdim:
“Mənə görə bu küçəni tanı,sev! ”
Şəkil üstə ağac kimi göyərdim
Qədim küçə...Köhnə ünvan... Tanış ev.

Hanı mənim ürəyimdə od qoyan,
Pəncərədən oğrun baxıb gülənim.
Hanı mənə “gecəquşu” ad qoyan
Bu küçədə indi kimə güvənim?

Eşqim mənə bu küçədə tor qurub
Ərimədi heç bəxtimin buzları.
Mən keçəndə pıçıldaşıb,göz vurub
Niyə gülmür bu küçənin qızları?

Cavanlığım hey çalınar,çapılar,
Məhəbbətim bir sualdı ömürlük.
Taleyimdə bir tilsimli qapı var,
Açılmadı,bağlı qaldı ömürlük!


Baxış sayı - 3 359 | Yüklənmə tarixi: 13.10.2017 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031