Eşqin ürəyimdə çoxdan yaranıb - Şeirlər
MANERA.AZ "Yeni İmza" layihəsində Hacı Səfərlinin şeirlərini təqdim edir:
***
O tər kirpiyinin duman, çisiyəm,
Hərdən görünürəm yağışlarından.
Şəhla gözlərinin dilənçisiyəm
Bir nəzir verəsən baxışlarından.
Gecələr qonaqsan, röyamsan mənim,
Günəşlə yerini dəyişməmişəm.
Sən elə birisən dünyamsan mənim,
Nə qədər dünyamı dəyişməmişəm.
Bir pıçıltı gəlir qulağa nəsə
Gözün gördüyüylə danışır sanki.
Bəs o göz ürəyi başa düşmürsə,
Hansı mənzərədən danışırsan ki?!
Özünü tapmasan, qiyamət olar
Gəl, axtar şeirimi, gəz əllərinlə.
Allaha namazla ibadət olar,
Səni də vəsf edim qəzəllərimlə.
Sevgi əvəzinə yerləşdirək biz,
Bütün silahları… ömür bir qala.
Bəlkə ömrümüzü birləşdirək biz,
Niyə ortalıqda bir ömür qala?!
Vüsaldır aşiqin arzusu, kamı
Nəğməsi oxunur, bəstəsi deyir.
Sənə hisslərimdən yazıram, hamı
Mənə ədəbiyyat xəstəsi deyir.
18/04/2020
***
Könlümü açıram, inan mənə gəl,
Eşqin ürəyimdə çoxdan yaranıb.
Mənə cavabında "yox" deyən gözəl,
Bu dünya özü də yoxdan yaranıb.
Eşqimi lazımdır hicri düzəldə,
Belə naz görmədim mən heç gözəldə,
Nə təşbeh tapıram şeir, qəzəldə,
Qaşından törəyib, oxdan yaranıb.
Bilə qəm yaşayıb, əsr etdiyimi.
Onu nəzmə çəkib, nəsr etdiyimi,
Cənnət gözlərinə həsr etdiyimi
Zəif görüb, alaçıqdan yar anıb.
Allahdan başqa bir Yaradan yoxdur,
Yaradıb səni də, belə can yoxdur.
Sənin gözəllikdə yaranan yoxdur,
Nə olsun, bu dünya çoxdan yaranıb.
08/11/2021
***
Dodaqdəyməz təcnis
Nə gözəldir - aşiq şair, yar aşıq.
Al geyinir, çox yaraşır yara şıq,
Gözlər ala, yaraşıqdır yaraşıq!
İstəyirsən təcnis şeir deyəsən.
Könül qışda ağ geyinər, yaz qara,
Qış gəldi ki eşqini gəl yaz qara.
Ağ üstündə ağ silinər, yaz qara -
Qış da gözəl, yaz da gözəl deyə, sən.
Gah keçəsən röyasında o yana,
Ona şeir söyləyəsən, o yana!
Səhər tezdən günə ruhla oyana,
Oyadasan şeir deyə-deyə sən.
Düşdün, aşiq, əgər dərdə, azara
Doğru kəsi az axtar sən, az ara.
Day çatırsan, çox az qalır, az ara.
Ya da hələ azca tezdir deyəsən.
Hacı, oldun yar yolunda sən əsir.
Dilin susar, göz danışar - sənə sirr.
Yara doğru könül adlı çən əsir
Külək qalar, könül olar di əsən.
13/02/2019
***
Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunur
Şəhid gül-çiçəkdir, firavan olur
Gül onda dərilir bağ, bağ olanda.
Bir əsgər döyüşüb qəhrəman olur.
Bir parça tikilib bayraq olanda.
İgidlik bir sudur, Mübariz axın,
Mənbəyi dənizdir o dalğın gücün.
əsin ey küləklər, şimşəklər çaxın!
Artıq dünya bilir bu xalqın gücün.
Tarix yetişdirdi səni elə bil,
Vətən bir tarixdir, sən də vətənsən.
Gecəni, gündüzü sanki Yer deyil,
Qeyrətdən qeyrətə fırlanan sənsən.
Səni eşidəcək gələn nəsillər,
Bizimçün sabahsan, dünən deyilsən.
Üstündən keçsə də min neçə illər
Sən Odlar Yurdunda sönən deyilsən!
Onlar çox iftira, yalan uydurub.
Bunu danışmağa üzləri gəlir.
Düşmən elə bildi bir nəfər vurub
Bilmədi yerinə yüzləri gəlir.
"Qarabağ bizimdir hər zaman, hər an."
Dünya bu sözünlə eşitdi səni.
Haqqın arzusuyla qızınan zaman
Bir namərd gülləsi üşütdü səni
Tezliklə görərik bunu, Mübariz,
O doğma torpaqda yerləşə bildik.
Bir torpaq üstündə ayrılsaq da biz,
Bir məqsəd altında birləşə bildik.
Məqsədin torpaqdı, müstəqil olsun.
Millət alqışladı səni ayaqda.
İstəyir min era, milyon il olsun
Torpaqdan pay olmur, olmayacaq da!
Torpaqdan pay olmur, olmayacaq da!
17/12/2017
***
Kimlər sanırsa eşq dəvasız bəla deyil,
Bilsin çətin bəladı, asan macəra deyil.
Olsun bir az dilində, gülüm, kəlmələr şirin,
Həmdəmlərin ki küsməyi tez-tez vəfa deyil.
Yüzlərlə nazənin mənə gəl cümlə ya'r ola,
Könlüm birindən özgəsinə aşina deyil.
Səbrim tükəndi, yar, yenə gəlsən, qəbu'l olar,
A'zan bitən dəqiqə ibadət qəza deyil.
Allahı kim sevibdisə, məxluqu sevməli,
Yardan gələn ziyanə də qurban, fəna deyil.
Heç kim sevən deyil səni mən sevdiyim qədər,
Ver bir qədər ümid, Hacı gör, binəva deyil?
06/11/2021
MANERA.AZ