Eşq ağlıma güc gəlir - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində gənc şair Nofəl Sadiqin şeirlərini təqdim edir:
“Məktub"dakı sən
Yenə məktub yazıram..gecənin qaranlığı
Bəlkə oxuyub səhər,
Bitər nigaranlığı.
Yenə məktub yazıram..otağa işıq düşür
Açmağa çalışıram
Fikrim dolaşıq düşür.
Yenə məktub yazıram, eşq ağlıma güc gəlir
Mən ki tez göndərirəm
Sizin ünvana gec gəlir.
Yenə məktub yazıram, qələm kağızı öpür.
Hər sətrin sonuna,
Mürəkkəb sevgi səpir.
Sənə məktub yazıram, gəl bu həsrəti bitir.
Bircə gün görüşmürük,
Elə bil, illər ötür
Elə bil, illər ötür.
Ad günü
Bu gün ad günündür, unutmamışam
Rəsminə baxaraq səssiz qalıram.
Əvvəllər hədiyyə alardım, indi
Birtəhər özümü ələ alıram.
Yuxuda gördüm ki, çox fikirlisən
Bu qədər eyləmə fikir deyirəm.
Gördüm ad günündür hamı toplaşıb
Mən də ad günündə şeir deyirəm.
Bizim aramızda məsafə yoxdur
Mən addım atdıqca uzaqlaşırsan.
Mən ölən eşqimlə üz-üzə gəlirəm
Sən öz taleyinlə qabaqlaşırsan.
Sənsiz keçirdiyim hər bir ad günün
Soyuq qəlbə qəm dağılan günüdür
Bir sözlə, ad günün mübarək olsun
Bu gün ayın sən doğulan günüdür.
Düşüb
Mən səndən nigaran, sən özgəsindən,
Bu dərddən üzülən can xəstə düşüb.
Bizim taleyimiz eyni olmayıb,
Sadəcə dərdimiz üst-üstə düşüb.
Bir bülbüləm,çəməndə yad olmuşam
Daha oxumuram naşad olmuşam .
Baxma bağçadayam azad olmuşam
Uçanda ürəyim qəfəsdə düşüb.
Ey külək,əcəlim gələndən sonra,
Yarıma xəbər ver, biləndən sonra
Onu unutmadım öləndən sonra,
Yadıma sonuncu nəfəsdə düşüb.
Dərd
Sevinc qonaq kimi gəlir,
Müvəqqəti yararlıdır.
Yoxlayır hər saat məni,
Dərd daha etibarlıdır.
Yalnız dərdimə borcluyam,
Gecə tənha qalmamağı.
Dərdli olmaq dərd deyil ki,
Dərddir, dərdin olmamağı.
Öz əhdinə sadiq qalır,
Dərd ürəyə qovuşanda.
Elə bil, məndən danışır,
Kimsə dərddən danışanda.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.