manera.az
manera.az

Bakı Qısa Filmlər Festivalında builki yeniliklər

📅 17.11.2021 11:02

Bakı Qısa Filmlər Festivalında builki yeniliklər
Bakıda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Mədəniyyət Nazirliyindən Manera.az-a bildirilib ki, noyabrın 23-dək davam edəcək festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.

Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltaraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də var. Beləki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.

Festivalın daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olacaq. “British Council” ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.


Baxış sayı - 500 | Yüklənmə tarixi: 17.11.2021 11:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031