manera.az
manera.az

Yeganə Cansail: “O söz mənə deyilməsəydi...” - MÜSAHİBƏ | MANERA.AZ

Yeganə Cansail: “O söz mənə deyilməsəydi...” - MÜSAHİBƏ | MANERA.AZ

MANERA.AZ-ın budəfəki qonağı gənc jurnalist və yazar
Yeganə Cansaildir.

Qeyd edək ki, Yeganə Cansail Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ədəbi yaradıcılığ və ekran dramaturgiyası" ixtisasına yiyələnib.

Jurnalist olaraq müxtəlif qəzetlərdə çalışıb.

İlk dəfə televiziyada intellektual "Telekitab" layihəsi ilə fəaliyyətə başlayan Yeganə hazırda Region TV-də "Ferma" realiti-şousunun aparıcısıdır.

Yazar kimi 2012-ci ildə Prezident təqaüdünə layiq görülən Yeganə "Göy adamı" şeirlər kitabının müəllifidir.

Yeganə Cansaillə müsahibəni təqdim edirik:


-Yeganə xanım, sizi digər gənc aparıcılardan fərqləndirən, televiziyaya yazılı mətbuatdan gəlməyinizdir. Kifayət qədər ciddi köşələr yazırdınız. Bəs televiziyaya niyə getdiz?

- Bəli, bu mövzuda təvazökarlıq nümayiş etdirməyəcəyəm. Həqiqətən də, bir zamanlar köşələrimlə saytlarda, qəzetlərdə tanınan imza idim. Televiziya gəlişim təsadüfən oldu. Məqsəd deyildi, təklif idi. Amma düşünürəm ki, doğru seçim etmişəm. Çünki tv-nin əhatəsi, izləyicisi daha genişdir. Səsini eşidənlər çoxdur. Həm tv-də işləyib də köşə yazmaq mümkündür. Baxmayaraq ki, zaman məhduddur.

- Düşünürsüzmü ki, həqiqətən aparıcı verilişlərdə qərarlara təsir edə bilmir?

- Məncə bu yalnış fikirdir. Hazırda aparıcısı olduğum Ferma realiti şouda iştirakçı qərarlarına bəzən təsir etdiyim anlar olur. Təbii ki, bu təsir heç də pis niyyət daşımır. Amma, bəli razıyam sizinlə, bəzi verilişlər vardır ki, orda qərarlar aparıcıdan öncə artıq verilmişdir. Aparıcı isə sadəcə fiqurdur.

- Bu gün müşahidə olunan tendensiyalardan biri də aparıcılara bəzən sponsor tapma öhdəliyinin qoyulmasıdır. Belə bir hal başınıza gəlibmi? Bunu nə qədər doğru hesab edirsiz?

- Belə bir halı prodakşn tərəfindən yaşamışam. Tanınan kanallardan birində yayımlanacaq programa aparıcı kimi dəvət olunmuşdum, amma sponsor tapmaq kimi bir şərtlə üz-üzə qaldığımçün həmin tv-dən də, layihədən də imtina etdim. Düşünürəm ki, verilişə sponsor tapmaq aparıcının vəzifəsi deyil. Hər kəsin öz işi var.

- Daha öncə kitabla bağlı bir veriliş aparırdınız. Veriliş arzuolunan reytinqi əldə edə bilmədiyi üçünmü Ferma layihəsində aparıcı kimi işə başladınız?

- Mən tv-də ilk fəaliyyətimə kitablar haqda müəllifi olduğum “Telekitab” layihəmlə başlamışam. Nəzərə alsaq ki, ölkədə kitaba, ədəbiyyata maraq o qədər də böyük deyil və bu riskin qarşısında biz bu verilişi nə az, nə çox 3 il davam etdirdik. Regionlarda bu verilişi sevən gənclər var idi. Məhz onların dəstəyi və sevgisi məni bu işə daha çox həvəsləndirdi. Fermadan əvvəl bir çox layihələrdə işləmişəm. Məşhurların sevgi hekayələrindən bəhs edən “Sevgi nağılı” layihəmiz də kifayət qədər sevildi. Lakin Ferma layihəsi mənim iş həyatımda fərqli mərhələ yaratdı.

- Bu gün Ferma realiti şouda baş verən bəzi nüanslara görə tənqid olunursunuz... Həqiqətən, bu sizi tanıyanların sizdən gözləntisidir, yoxsa adi tamaşaçı rəyi?

- Əgər ortada iş varsa mütləq tənqid və tərif də olmalıdır. Mən hər şeyi gözə alıb bu işə başladım. Bilirdim ki, kitabdan, elmdən veriliş hazırlayan bir insanı birdən-birə şounun içində görüb topa-tüfəngə tutacaqlar. Amma insanları razı salmaq mümkünsüzdür. Çünki mütləq hər bir işinə qulp qoyan olacaq. Mənimsə məqsədim aparıcı üçün tamaşaçılara mövzu fərqinin olmamasını sübut etməy idi. Mən aparıcıyamsa, tamaşaçı məni qəbul edirsə, deməli mənim təqdimatımda şounu da qəbul edəcək. Ola bilər ki, auditoriya fərqi olacaq, bu normaldır. Çünki hər verilişin öz tamaşaçı kütləsi var. Əsas məhsulu necə təqdim etməkdir.

- Ferma verilişində nəyi anlatmaq istəyirsiz? Verilişin bir missiyası varmı və ümumiyyətlə, verilişə missiya yükləmək doğru bir şeydirmi?

- Bu layihənin ideyası rəhbərimiz Rəşad Məmmədov tərəfindən irəli sürülüb və artıq 1 ildir ki, efirdə yayımlanır. Verilişin əsas mövzusu 12 nəfər şəhərli gəncin birdən-birə qapalı kənd həyatına düşməsi və müəyyən çətin şərtlər altında bu həyata uyğunlaşmasıdır. Layihədə iştirakçılar qarşılıq olaraq həm də kifayət qədər böyük məbləğdə pul qazanır, hətta Fermada tanış olub sevənlər, ailə quran cütlük belə olub. Bəzən bu verilişdə baş verən bəzi hadisələrə görə dostlarım, tamaşaçılar və başqa insanlar tərəfindən qınanıram. “bu nə verilişdi, özlərini apara bilmirlər?”, “ordakı gənclər niyə bu qədər dava edirlər?”, “orda sevən qızların tərbiyəsi yoxdu” və s.bu kimi heç nəyi bəyənməyən tamaşaçı rəyləri ilə üz-üzə qalıb həvəsdən düşməmək... amma mən sual verirəm, siz heç sevib sevdiyiniz adamla bir kənara çəkilib tək qalmaq istəməmisinizmi? Yaxud, siz əsəbləşəndə bir-birinizə hansı hörmətli, mehriban, xoş kəlmələri deyirsiniz? Təbii ki, nəzərə alsaq ki, qapalı məkanda fərdlərin qazanmaq uğrunda mübarizəsindən söhbət gedir və bizim verilişə dəvət etdiyimiz gənclər Mars planetindən deyil, aramızda olan insanlardandır, məncə başqa fikirləri deməyə ehtiyac yoxdur. Səmimi olaq və özümüzü ideal insan kimi göstərməyək. Mən iştirakçıları müdafiə etmirəm, lakin onlara qarşı düşmən kəsilən tamaşaçıları da bəzən başa düşmürəm. Nəyin heyfidir, yaxud qisasıdır, anlamıram...

- Verilişdə sərt obrazınız var. Düşünmürsüzmü ki, bunu edənlər olub və bu formatda iştirakçılarla sizin aranızda disharmoniya yaranır?

- Xeyr, əksinə bu obrazda olmaqdan zövq alıram. Bunu əvvəllər edən olub, olmayıb, deyə bilmərəm, amma belə bir verilişdə bunu edən ilk bizik. Doğrudur, bu obraz iştirakçılarla mənim aramdakı münasibətlərə hardasa ziyan vurur, çünki sözü üzə deyən, onları hər yanlış addımında ittiham edən aparıcı onlar üçün bir əzrayıl, düşməndir həm də. Amma verilişi tərk edən iştirakçılar sonradan məhz bu xarakterə, münasibətə görə mənə haqq veriblər. Amma təəssüf ki, həyatda ətrafımdakı insanlara qarşı bu obrazda münasibət göstərə bilmirəm.

- Yazar Yeganə Cansail ilə teleaparıcı Yeganə Cansail arasında hansı fərqlər mövcuddur?

- Yazar Yeganə olduqca sakit, müşahidəçi, heç kəsi sancmayan insandır. Aparıcı Yeganə isə başabəladır, sözləriylə yandıran oddur. hər iki Yeganə olmaqdan razıyam.

- Sizin verilişləri başqa birisi etsəydi və siz də kənardan izləsəydiniz, səmimi deyin, nə düşünərdiniz?

- Əvvəla, mən özüm haqda yüksək fikirdəyəm. Düşünürəm ki, verilişin aparıcısıyamsa deməli hər şey keyfiyyətli və gözəl olmalıdır. Sizə kiçik bir sirr açacam, bəlkə də, o söz mənə deyilməsəydi, bu gün mən aparıcı olmazdım. Bir insan var idi, bir gün gəldi otağa və dedi ki, Yeganə mən də veriliş aparmışam, amma görəndə ki, məndə bu iş alınmır, mən bu işdən əl çəkdim. Sən də bu işdən əl çək, aparıcılıq sənə görə deyil. Doğrusu bu söz mənə ilk dəfə pis təsir etdi. Amma güclü insan olduğum üçün fikirləşdim ki, niyə məndə alınmasın. Düz bir il öz üzərimdə işlədim, nitqimə, hətta kilolarıma belə diqqətlə yanaşdım. Və bir gün mən məqsədimə çatdım. Həmin insanla üzləşdik, o adam məni öz televiziyalarına dəvət etdi, hətta o tv-yə getmədiyim üçün məndən incidiyini də demişdi. Məhz həmin gün anladım ki, əgər insan bir işi istərsə bu mümkünsüz deyil. Yetər ki, istə və işlə. Qaldı ki, məni kiminsə əvəzləməsinə... yox, mən həm də çox eqoist və qısqancam. Öz yerimdə başqalarını görə bilmirəm...

- Niyə eyni tv-dən uzaqlaşıb sonra yenə qayıtdınız?

- Görürsüz də, burada artıq yazıçı, hərdəmxəyal Yeganənin xasiyyəti özünü göstərir. Çox qəribə bir hal idi, hər şey həyatımda yaxşı idi. Maaşım, işim, tamaşaçı sevgisi... sanki, mən birdən-birə hər şeydən bezdim və getmək qərarı verdim. Görünür bəzən eynilik də adamı yorur. Təbii ki, bunu işin üzərində etməməliydim, çünki mənə güvənən, etibar edən insanlar var idi. Mən onlara qarşı bu səhvi etdim, amma gec olmadan da geri qayıtdım...və qayıtmağıma peşman da deyiləm.


Söhbətləşdi: Tural İsmayılov
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031