“İnsanlar məni musiqimə görə sevirlər”
Menara.az-da fəaliyyətə başlayan “Sənin maneran” layihəsinin ilk qonağı Xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Faiq Sücəddinovdur. O, gözəl bəstəkar, gözəl müəllim, ən əsası isə gözəl insandır. Qəlbinin həssaslığı, sevgisi, duyğusunu musiqiyə çevirə bilmiş, qəlbələrə yol tapa bilmiş bir bəstəkardır. Onunla saatlarla hər mövzuda - yağan yağışdan, saralan yarpaqlardan, dənizdən, musiqidən, poeziyadan, adi məişət məsələlərindən söhbət etmək olar. Musiqisi kimi özü də qeyri-adi, səmimi, dolğun, zəngin bir insandır.
- Xoş gördük, Faiq müəllim! Sizcə insan öz peşəsini sevib seçməli, yoxsa seçib sevməlidir?
-Xoş gördük. Öncə deyim ki, insan həyatda hər şeyə görə valideynlərinə borcludur. Təbii ki, insanın gələcək həyatı lap uşaqlıqdan formalaşır. Valideynlər diqqətli olanda onlar uşağı onun potensialına uyğun istiqamətə yönəldirlər. Bu işdə olduqca həssas olmaq lazımdır. Uşağı sındırmamaq və güclə hansısa sənətə sahib olmağa məcbur etməmək vacib nüansdır. Meyli hansı tərəfə, hansı peşəyədirsə onu o istiqamətə yönləndirmək lazımdır.
- Bəs sizdə seçimi kim etdi?
Bizim ailəmizdə heç kim incəsənət meyilli deyildi, amma mənim ruhumda, canımda incəsənətə böyük həvəs vardı. Anam məni musiqi məktəbinə yazdırdı. Başladım piano çalmağa. Mən Nizami metrosu həndəvərində böyümüşəm. Bildiyiniz kimi o zamanlarda oralarda ab-hava başqa cür idi. Buna baxmayaraq mən öz həyatımı musiqiyə bağladım, taleyimi musiqi üstündə qurdum.
- Bu sənəti seçməyiniz sizin üçün yaxşı oldu, ya pis?
Mən yaşa dolduqca bu qənaətə gəlmişəm ki, nə yaxşı ki, məhz bu sənəti seçmişəm. Məşhurluqdan danışmıram. Çox insan məşhur ola bilər. İnsan pis əməlləri ilə də tanına, yaddaşlarda qala bilər. Onu demək istəyirəm ki, düşüncələrimi, fikirlərimi, deyə bilmədiyim sözləri öz musiqimdə ifadə edə bilirəm. İnsanların ürəyinə yol tapa bilirəm.
- Faiq müəllim, sizcə insanlar sizi niyə sevirlər?
Mən duyuram ki, insanlar məni musiqimə görə sevirlər. Bəlkə də onlar mənim insani keyfiyyətlərimi də musiqimdə duyurlar. Sözüm odur ki, musiqi insana xoşbəxtlik bəxş edir.
- Sizin üçün musiqi nə deməkdi?
Mənim üçün musiqi sevgi deməkdir. Ümumiyyətlə, mənim düşüncəmdə sevgisiz həyat yoxdur. Hər şey sevgiylə bağlıdır. Sevgi olan yerdə mədəniyyət var, gözəl münasibət, nəsə yaratmaq həvəsi var. Həyatda sevgisiz heç nə yoxdur. Mənə elə gəlir ki, bütün dünya sevgi üzərində qurulub, sevgi üzərində dayanır. Tanrımıza, vətənimizə, yoldaşımıza, dostumuza olan sevgidir bizi yaşadan. Elə bu meyarlarla da dünya qurulub.
- Faiq müəllim, hazırda nə işlə məşğulsuz?
Yaradıcılıq işləri ilə məşğulam. Bu iş mənimçün ən əsas işdir. Ona görə ki, bu mənim daxilimdən, ruhumdan gələn bir istəkdir. Mən Mədəniyyət və İncəsənət Universitetinin bəstəkarlıq fakültəsini bitirmişəm. Yaradıcı adamam. Bu həm də mənim peşəmdir. Mən mütləq yazmalıyam. Buna böyük tələbatım var.
- Sizcə, insanın həyatda missiyası nədən ibarətdir?
- Bu gün heç kimə demək olmaz ki, belə yaşa, bu cür et. Amma hər bir insan həyatda nəsə eləməlidir. İnsan özündən sonra mütləq iz qoyub getməlidir. Dünyaya nəsə bəxş etməlidir. Hətta gözəl övlad böyüdüb özündən sonra davamçı qoymalıdır həyatda. Öncə insan olaraq vətənpərvər, qayğıkeş, dürüst olmalıyıq və bunu gələcək nəsillərə də ötürməliyik.
- İnsan mütləq xoşbəxt ola bilirmi?
Mən hər kəsə xoşbəxtlik arzu edirəm. İnsan ömrünün axırına kimi xoşbəxt olmur. Böyük yazıçılar, bəstəkarlar deyirlər ki, mən hələ son əsərimi yazmamışam. Hər bir insan düşünür ki, mən bir gün də artıq yaşasaydım həmin bir gündə daha nəsə edərdim. Bəlkə də bu düşüncələrlə ömrünün çox hissəsini də beləcə boşu-boşuna keçirir. Amma son anda yuxudan ayılır sanki. Lakin gec olur. Hər bir insana lazım olduğu qədər ömür verilir...
- Bəs insan necə yaşamalıdır ki, peşman olmasın?
Mən şüar kimi sözlərdən istifadə etmək istəmirəm necə yaşamaq lazımdır. Hər bir insan öz həyatını yaşayır. Amma heç bir insan Allahın qanunlarını pozmamalıdır. İnsan həyatda sərt olsa belə insanlığını itirməməlidir!
- Faiq müəllim, yaradıcılığınızda bilmədiyimiz yenilik varmı?
Bəli, yeni mahnı üzərinə işləyirəm. Baharın gəlişi məndə "Baharın gəlişi" adlı bir yeni mahnını bəstələməyə vadar etdi. Bu yeni əsər mənə bahar nəfəsi, yaşayıb yaratmaq həvəsi gətirib. Sevdiyim işlə məşğulam. Bundan böyük sevinc, bundan böyük xoşbəxtlik ola bilməz.
-Öz fərdi maneralarınızdan danışın, mümkünsə...
- Mənim maneram insanlara qayğıyla, nəzakətlə, mehribanlıqla yanaşmaqdır. Onların sevinclərini, kədərlərini duymaqdır. Və mən daha çox özüm-özümlə danışıram. Hər şeyi, hər bir addımımı, hər bir sözümü düşünüb-daşınıram. Yəqin ki, bu da mənim daxilimdən gəlir...
-Bəs Manera.az?
Sizin bu yeni açılmış sayta uğurlar arzu edirəm. Portalınızda ədəbiyyat və incəsənət xəbərlərini izləməyi unutmayacağam. Xeyirli-uğurlu olsun, "Manera.az" - Xanım Aydın!
Söhbətləşdi:
Xanım Aydın
Manera.az