Ankara’da Türk Dünyası Dialoq Forumu başladı

Türk dünyasının müxtəlif ölkələrindən dövlət rəsmiləri, diplomatlar, media nümayəndələri, alimlər və ictimai xadimləri bir araya gətirən “Türk Dünyası Dialoq Forumu” Ankarada işə başlayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq forumun açılış mərasimində Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran açılış nitqi ilə çıxış ediblər.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq forum 30–31 oktyabr tarixlərini əhatə edir. Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə toplantısı çərçivəsində təşkil olunan forum “Fikirdən Dialoqa, İrəli” (“Fikirden Diyaloğa, İleri”) şüarı altında keçirilir.
Forumun əsas məqsədi Türk dünyası xalqları arasında mədəni əlaqələri və ortaq tarixi yaddaşı gücləndirmək, TDT-yə üzv və müşahidəçi ölkələr arasında media, kommunikasiya və nəşriyyat sahələrində əməkdaşlığı inkişaf etdirməkdir.
l
İki gün davam edəcək tədbir çərçivəsində panel müzakirələri, dəyirmi masa görüşləri, mədəniyyət və incəsənət proqramları, eləcə də sərgilər təşkil olunacaq.
Forumun gündəliyində Türk dünyasının geosiyasi mövqeyi, enerji və nəqliyyat imkanları, müdafiə sənayesi, parlament diplomatiyası, qadınların ictimai-siyasi həyatda təmsilçiliyi, media əməkdaşlığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin tətbiqi kimi aktual məsələlər yer alır.
Tədbirdə, həmçinin ortaq dil və mədəni irsin qorunması, Türk diasporunun fəaliyyəti, universitetlər və elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Forum Türk dünyasının müxtəlif sahələrdə əməkdaşlığının möhkəmləndirilməsi və ortaq gələcəyə dair fikir mübadiləsi üçün mühüm beynəlxalq platforma kimi nəzərdə tutulub.