manera.az
manera.az

“Şəxsiyyəti olmayan böyük sənətkar kimi yetişə bilməz” - Müsahibə |MANERA.AZ

“Şəxsiyyəti olmayan böyük sənətkar kimi yetişə bilməz” - Müsahibə |MANERA.AZ



Əməkdar artist Yaqut Paşazadə Vaqif İbrahimoğlunu özünə mənəvi ata sayır

“Yuğ” Dövlət Teatrının aktrisası, Əməkdar artist Yaqut Paşazadə 1973-cü il sentyabrın 19-da Tərtərdə anadan olub. Dövlət Mədəniyyət və İncəsənət Univerisetinin «Dram teatrı və kino aktyoru» fakültəsini bitirib. Həsənağa Turabov və Vaqif İbrahimoğlu kimi böyük sənətkarlardan dərs alıb.

1993-cü ildə “Yuğ” a dəvət olunub. Bu gün həmin teatrın ali dərəcəli aktrisasıdır. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Türkiyə, Qazaxıstan, Misir, Norveç, Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında iştirak edib.
«Birinci akt», «Kafkadan salam» , «Naməlum Axundzadə», «Qəbir qazmaq üsulu» , «Sərhəddə» , «Mərc» , «Misis və Mister Cəsəd»,«Boy » tamaşalarında bir-birindən maraqlı rollar oynayan Yaqut xanım həm də səmimi müsahibdir.

-Yaqut xanım, uzun illərdir ki, səhnədəsiniz, təcrübənizi tələbələrinizlə bölüşürsünüz. İlk dəfə tamaşaçı qarşısına çıxmaq necə bir hiss idi və siz bu hissi necə yaşamısız?

- İlk dəfə səhnəyə çıxanda yəqin ki, hamı həyəcan keçirir. Bu, peşəmizlə bağlı olan məsələdir. Mən özüm də bu həyəcanı keçirmişəm. “Yuğ” teatrında ilk dəfə tamaşaçılarla görüşən an keçirdiyim hissləri bu gün də xatırlayıram. Yanımda böyük aktyorlar, gözəl və insalar var idi və onlar bu həyacana qalib gəlmək, səhnədə keçirdiyim anı xoş duyğularla yaşamağıma şərait yaradılar. Vidadi Həsənov, Məmməd Səfa, Gülzar Qurbanova, Sonaxanım Mikayılova, Fərhad İsrafilov həmin anda mənə dayaq oldular.

- Əməkdar artist, istedadlı aktrisa Yaqut Paşazadəni tamaşaçılar yaxşı tanıyır. Səhnədən kənardakı Yaqut xanım necə bir insandır?

- Təkcə sözə qalsa, mən özümü nə qədər desən tərifləyə bilərəm. Deyərəm ki, Yaqut çox gözəl insandı, savadlıdır... Bəs mən kənardan necə görünürəm? Əsas məsələ məncə budur. Mən qarşı tərəfə sevgi ötürməyə çalışan insanam. Öz ovqatım yaxşı olmayanda belə, çalışıram ki, ətrafımdakılar bunu hiss etməsin. Qarşı təfədəki insanalara yalnız mənfi hissləri ötürmək mənim aləmimdə günay bir işdir. Belə bir deyim var- Başqalarının azadlığı başlayan yerdə sənin azadlığın bitir. Bu məsələyə əməl etməyə çalışram. Gündəlik həyatımı elə qururam ki, başqalarının haqqına girməyə ehtiyac qalmasın. Çünki bu da günah işlərdən biridir.
Qapalı insan olmadığımdan ətrafdakılarla tez ünsiyyət qururam. Lakin hər kəsi də iç dünyama buraxmıram.

- Vaqif İbrahimoğlu Yaqut xanım üçün kimdir?

Vaqif İbrahimoğlu mənim üçün elə Vaqif İbrahimoğludu. Xoşbəxtəm ki, Vaqif İbrahimoğlu ilə bu sənətdə və həyatda müəllim- şagird münasibətində olmuşam. Belə düşünürəm ki, Vaqif İbrahimoğlu Azərbaycan mədəniyyətinin dahilərindən idi. Dahi insanın tələbəsi olmaq xoşbəxtlikdi. Bir var insanın genetik atası, bir də var mənəvi atası. Vaqif İbrahimoğlu mənim mənəvi atamdır. Doğma atama həyatımı borcluyam. Vaqif müəllimə də çox şeylər borcluyam. Çünki 18 yaşımdan başlayaraq düz 21 il bu insanla günün çox zamanını- teatrda məşqlərdə,qastrol səfərlərində, görüşlərdə, yemək süfrəsində bir yerdə olmuşuq. Vaqif müəllim həyatıma çox böyük təsir edən bir insan idi. Bu gün qazandıqlarıma işıq salan, mənə doğru yol göstərən məhz mənəvi atam, ustadım Vaqif İbrahimoğlu olub. –

-İlk dəfə “Yuğ”a gələn qonağı teatrınızın daimi tamaşaçısı eləmək üçün nə edərdiniz?

- Vaqif müəllimin belə bir sözü var idi-Təkcə “Yuğ”a yox, bütün teatrlara gələn tamaşaçını tərbiyələndirmək, onu teatra, sənət adamlarına, bu mühitə öyrəşdirmək lazımdır. Bu tək teatrda deyil, məişətdə də belədir, yeni nəsə alanda adam ilk vaxtlar öyrəşmir, lakin zaman keçdikcə hər şey qaydasına düşür. Teatra da birinci gələn tamaşaçı elə ilk tamaşadan bu mühitə öyrəşə bilmir. Təbii ki, bu bütün tamaşaçıya aid deyil, birinci dəfə baxan kimi səhnədə baş verənləri qavrayan tamaşaçı da var. Biz daimi tamaşaçılarımızla həmişə sevgini bölüşürük.Onlar yaxşı anlayır ki, “Yuğ” sıradan, adi bir yer deyil.

- Tez-tez teatr səhnəsində görünən Yaqut xanım filmlərə, teleseriallara nadir hallarda dəvət alır...

- Mən belə deməzdim, yeni çəkilən teleserialla dəvətlər olur. Amma hər dəvətə razılıq vermirəm, çünki rejissorla mənim tələblərim, şərtlərim və düşüncələrim üst-üstə düşmür. Belə olanda da çəkilmək istəmirəm. Sənətdə olduğum bu illər ərzində böyük kinoya da dəvət almışam, çəkilmişəm də. Düzdür, bu o qədər də mütamadi olmayıb. Bir məsələni də vurğulayım ki, mən teatrı, kinonu, musiqini bir yerdə görürəm, onları bir-birindən ayrı-ayrı təsəvvür eləmirəm.

- Bəziləri deyir ki, sənətkarın şəxsiyyəti məni o qədər də maraqlandırmır, istedadı olması yetər...

- Belə düşünənlər inciməsin, mən belə hesab edirəm ki, bu cür yanaşma kökündən yanlışdır. Təkcə aktyorlar deyil, bütün yaradıcı insanlar ilk növbədə şəxsiyyət olmalıdırlar. Bu, mütləqdir. Şəxsiyyəti olmayan böyük sənətkar kimi yetişə bilməz. Ustadlarımız, müəllimlərimiz bizi belə formalaşdırıblar. şəxsiyyətsiz böyük aktyor olmur. Cılız, mənəvəiyyatsız insana kim hörmət edər, ondan nəsə öyrənməyə çalışar və yaxud da ondan nümunə götürmək istər?

- Uzun illərdir ki, “Yuğ”da çalışırsınız. Belə başa düşdüm ki, bu teatrın kiçik səhnəsi sizi qane edir?

- Şablon səslənsə də deyəcəm, Yaqut xanım üçün bu teatrın səhnəsi dünyada ən böyük səhnədir. Özünü təsdiq etmək istəyən yaradıcı insan üçün məkanın böyük-kiçiyi əsas deyil. Tamaşaçı nəfəsi dəyməyən hansısa bir böyük səhnə mənə nə verəcək? Aktyor, aktrisa tamaşaçının, tamaşaçı da onların nəfəsini duymalıdır. Əks halda hər iki tərəf nakam qalacaq.

- Yeni mövsümdə sizi hansı yeni rollarda görə biləcəyik?

- Yeni işlərim çoxdur. İnşallah yeni mövsümdə teatrımızda 3 premyera olacaq.

Turan ETİBAROĞLU
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031