manera.az
manera.az

Sevməmişdən ayrılaq.. - Təbrizli şairin şeirləri

📅 04.01.2021 10:37

Sevməmişdən ayrılaq.. - Təbrizli şairin şeirləri
MANERA.AZ Təbrizli gənc şair Duman Ərdəmin şeirlərini təqdim edir:

Qaçmaq

Hamı yatırsa gecələr
Mən yerin altına qulaq asıram,
Sən demə, gördüyümüz röyalar
yer altında yaşanan həyatlardır...
Hamımız dustağıq,
hamımız sürgün
bu yer üzündə.
Ulduz keşik çəkir,
it keşik, pişik keşik çəkir...
Dənizdəki bəyaz quşlar
həbsxanaya göndərilən məktublardır.
Hələ ki yeri qazırıq,
hələ ki qaçmağı düşünürük.
Qaçmağı...

Məzar

Mən əvvəlcə quş idim,
Mən əvvəlcə balıq.
Göy üzündəki təyyarələr,
Dənizdəki gəmilər
Ən böyük xatirədirlər.
Sonra qovulanda,
Yəni insan kimi doğulanda
İçimə bir məzar verdilər,
Hər kəsin içinə bir məzar verdilər,
Daşı dedilər.
Sonra vaxtı gələndə könüllücə
"Uzan və öl" dedilər.
Məzarlıqda qoca bir itdən sordum:
- Ay it, ay it, mən nəyəm?
- Sən məzarsan, - dedi, - məzar...

Bulud

Əgər bu buludların altında
saçlarımız ağarırsa,
Əgər saçlarımızın üzərində
buludlar yox olursa,
başmaqlarımız yırtılırsa,
buludların altında
sevdiyimiz köynək
təmizlik köhnəsinə çevrilirsə,
əgər bu buludların altında
biz iki baş, iki bədəniksə,
gəl sevgiylə yormayaq özümüzü,
sevməmişdən ayrılaq...

/525.az/
Esmira Fuadın təqdimatında


Baxış sayı - 641 | Yüklənmə tarixi: 04.01.2021 10:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031