Bəyaz şar, sevinc, yaxşılıq... - HEKAYƏ | MANERA.AZ
Bənövşə Mahmudqızı
(hekayə)
Payız axşamlarından biri idi. Havada yumşaq sərinlik vardı. Payız yeni gəlmişdi deyə, insanlar hələ bu fəslə uyğunlaşa bilmirdilər. Bu onların geyimlərində və əhvallarında təcəssüm edirdi. Şəhərin mərkəzində bir restoranda oturub, çay içə-içə komputerimdə maraqlı xəbərli özümçün təhlil edirdim. Diqqətimin cəmləndiyi bir anda ətrafa yayılan və balaca uşağın gülüş səsini xatırladan bir səs eşitdim. Əlbəttə ki, diqqətim yayındı. Başımı qaldırıb, səs gələn tərəfə baxdım. Gülüş səsləri iki gənc qıza məxsus idi. Qızların hər birinin əlində bir bəyaz şar vardı. Onlar uşaqlar kimi həmin şarlarla oynayıb, zarafatlaşırdılar.
Qızların hər ikisi də çox gözəl idi. Onlar bir-biri ilə zarafat edə-edə əlini insanlara açan, lakin heç dillənməyən bir qadının və onun yanındakı 7-8 yaşlı oğlanın yanından keçirdilər. Balaca oğlan bir az məyus, bir az isə qızların əlindəki şarları görüb, oynamaq həvəsi ilə qızlara baxırdı. Lakin uşağın da anası kimi utancaq olması bilinirdi.Balaca bu mənzərəni izləyərkən qızların biri bunun fərqinə vardı. Bir anlıq duruxdu. Sonra üzündəki təbəssümünü yeniləyərək bəyaz şarla uşağa yaxınlaşıb, " Al, bu sənindir. " - dedi. Sanki uşağa dünyanı bağışladılar. Balaca oğlanın gözündəki işıltını mən oturduğum yerdən görə bilirdim. Balaca təəccübündən heç təşəkkür də edə bilmədi. Hə, bu təəccüb elə gənc qızı da sevindirdi.
Daha sonra isə gənc qız və dostları yollarına davam etdilər.Mənim diqqətim isə hələ də əlindəki şara görə sevinci və təəccübü yerə-göyə sığmayan balaca oğlanda idi. O anasına: " Ana, bax, mənə şar verdilər. " deyirdi. Uşaq bu cümləni bir neçə dəfə təkrar edərək, şarın o tərəf, bu tərəfinə baxırdı. Bu hadisə mənə çox yaxşı təəssürat bağışlamışdı. Və mənim ağlımda bu cümlələr sanki rəqs edirdi: "Bir bəyaz şar, bir bəyaz sevinc, bir bəyaz yaxşılıq... "
MANERA.AZ