manera.az
manera.az

Sevdasına qul olanlar - Ramin Cilovdarlının şeirləri

Sevdasına qul olanlar - Ramin Cilovdarlının şeirləri
Manera.az Ramin Cilovdarlının şeirlərini təqdim edir:

***
Ərşə çəkdi odumu,
Baxt deyilən budumu?
Taxt deyilən budumu?
Düşdüm, könül adamı.

Gülü yaza tanıtdım,
Könlü saza tanıtdım,
Dili sözə tanıtdım,
Qoşdum, könül adamı.

Mən gəzənlər ayrıdı,
"Könlüm ondan sayrıdı".
Hər nə gördüm əyridi,
Çaşdım könül adamı.


***
Bu qurduğun alaçıq,
Sənin olmaz, belə çıx.
Naqqa sarı yol açıq,
Varmaq istərsən, gedək.

Zimistanda gülmüşük,
Dünya bizim bilmişik.
Kimik, hardan gəlmişik?
Sormaq istərsən, gedək.

Yol gedənə yol yoldaş,
Ağac-daşı bol, yoldaş.
Dünya durduqca, qardaş,
Durmaq istərsən, gedək.


***
Zülüm dərdmiş bu dünyada,
Əhlihal olmaq Ormanlı.
Bir sızqa ömürdən yaxşı,
Bir an sel olmaq, Ormanlı.

Qalmaz, ya bir sözüm qalar,
Nə dünyada gözüm qalar.
Odum sönər, közüm qalar,
Qorxum kül olmaq, Ormanlı.

Qınadım, bəxt sərt ha deyil,
Yaşadığın vaxt ha deyil.
Bu dünyada dərd ha deyi,
Dərdi bol olmaq, Ormanlı.


***
Hardasa qərib səsdim,
Gəldim dünyaya, küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.

Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz nə çəkdim,
Ya da nə duydum getdim.

Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim.


***
Allaha nə var ki, abi,
Hər nə çəkir bəndə çəkir.
Ya bəllənir saçlarında,
Ya da ürəyində çəkir.

İnsan-insan olsa kəndi,
Nə əyilən nə çökəndi,
Ürək dərdə suçəkəndi,
Yanından ötəndə çəkir.

Ömürdümü, bu ömür də,
Ya buyruqda, ya əmirdə,
Siz çəkəni bu ömürdə,
Yazıq Ramin gündə çəkir.


***
Hər şeyin bir vaxtı var,
Vaxtdı elə bilerəm
Haqqdan gələn nə varsa,
Haqqdı elə bilerəm.

Bahar ötüb qış gəlir,
Dünya daha boş gəlir,
Başıma hər iş gəlir,
Baxtdı elə bilerəm.

Nə yanarsız ömrümə,
Bürünmüşəm abrıma,
Qoyun gedim qəbrimə,
Çoxdu elə bilerəm.


***
Ömrümü yollarına,
Sərdim, halalın olsun,
Könül nədi, ruhumu,
Verdim, halalın olsun.

Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı,
Gördüm, halalın olsun.

Baxışların nə laldı,
Nə verdisə məlaldı.
Nə verdimsə haladı,
Dərdim, halalın olsun.


***
Yenə düşdük sevdalandıq,
Dərdə şükür, dərdə şükür.
Kimiksə, əzəl olandıq,
Bir də şükür, bir də şükür.

Könlü arı qalıbdısa,
Ruhu duru qalıbdısa,
Minnən biri qalıbdısa,
Mərdə şükür, mərdə şükür.

Könlümüzü kimlər alır,
Bu can bizə minnət olur,
Seçən, yerin cənnət olur,
Yurda şükür, yurda şükür.


****
Heç bilmirəm səadəti,
Harda qoydum, harda gəzim.
Baharda gül-çiçəkdimi,
Yoxsa boran-qarda gəzim?

Az özünü yor dedilər,
Nə vicdan, nə ar dedilər.
Varın yeri var dedilər,
Gərək daha var da gəzim.

Mən burdayam, sədam orda,
Yadlaşıram, yadam orda.
Ruhum, könlüm, odam orda,
Rəvadırmı burda gəzim?


***
Sənnən işim yoxdu, Allah,
Məni bir bəndə öldürdü.
Gah nazınnan, gah gözünnən,
Baxıb güləndə öldürdü.

Olmadı bu ömür mənlik,
Ağıl başlıq, ruh bədənlik.
Dedilər günah ölənlik,
Duyub biləndə öldürdü.

Günahlarım qul xatası,
Yıxdı məni gül xatası.
Göz görəsi, əl çatası,
Öldürdü, gündə öldürdü.


***
Bəndələri azır yoldan
Daha allahın-allahın
Gücü çatmır bir əzazil
Şaha allahın-allahın

Günahlar ərşə çıxdımı
Elə hər olan baxtdımı
Baxmağa vaxtı yoxdumu
Aha allahın-allahın

Varammadı könlümüzə
Gəlib-gedən güldü bizə
Ömür payı gəldi bizə
Baha allahın-allahın

Aşıq

Aşıq Nazim Əsədoğluna

Bu havada mən öləjəm,
İnsafına qaldı, aşıq.
Bu nə sazdı, bu nə səsdi
Bu nə dərvişhaldı, aşıq?

Soldu getdi gül olanlar,
Çəkdi bizi yol olanlar,
Sevdasına qul olanlar,
Nə bəxtəvər quldu, aşıq?

Dərdi təzədi dünyanın,
Qəmi məzədi dünyanın,
Üzü sazadı dünyanın,-
Axır haqqı buldu aşıq.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031