Tural Sahabdan “Qalstuklu statuslar”...
Bildiyimiz kimi qalstuk ciddiyyətin rəmzi sayılır. Klassik geyimdə, qalstuklu bir adam görəndə onun ciddi biri olduğunu düşünürük. Bunun üçün də, bütün ciddi insanlar bu cür geyinir. Bəs hara qədər olmalıdır bu ciddiyyət?!- bunun bir sərhəddi olmalıdır, ya yox?
Bəzi insanlar bu ciddiliyi o qədər ifrat dərəcəyə çatdırır ki, adam oturub, ağlamaq istəyir. Bu üslub məsələsində daha çox nəzərə çarpır. Üslublar nə üçündür və ya üslublardan bunların xəbəri varmı? Bilirlərmi, evdə- ailədə rəsmi və ya elmi üslubda danışmaq olmaz?! Sevdiklərimizlə, dostlarımızla məişət üslubunda danışmalıyıq. Rəsmi üslubda danışmaq bizi ağıllı göstərməz, əksinə sıxıcı biri halına gətirər. Onun üçün bu ciddi olmaq məsələsini bir az düşünmək lazımdır...
Sosiallaşma, sosial fəaliyyət, sosial şəbəkə- gördüyümüz kimi hər biri sosial sözü ilə işlənir. Bəs bu sözün mənasını anlayırıqmı, məsələn, sosiallaşma deyəndə nə nəzərdə tutulduğunu bilirikmi?! Deməli, sosiallaşma cəmiyyətə- insanlara qaynayıb, qarışmaq, insanlarla birlikdə nələrsə etməkdi. Yəni, içində əyləncəni, öyrənməyi ehtiva edən bir anlayış. Sosial şəbəkə də insanların öz fikirlərini paylaşmaq, yeni dostlar tapmaq, öyrənmək və ən əsası da əylənmək üçün istifadə etdikləri bir məkandı. Yorucu bir iş günündən sonra “profilimiz”ə daxil olub bir az dincəlmək istəyirik. Bir status yazırıq. Bu statusda nəsə fikirli olub, bir hərf səhvi edirik. Elə bu zaman “ağıllı”nın biri bu səhvi sənə xatırladır, özü də yarım saatlıq mühazirə ilə. Getdi bütün dincəlmək arzun, pozuldumu bütün əsəblərin! Ay qardaş , nə olub, mən məcburammı burada bütün dil qaydalarına riayət etməyə?! Ya da, bir şəkil paylaşırsan mütləq bir «mız» qoyan tapılır. Ya səni əxlaqsızlıqda, ya savadasızlıqda günahlandırır. Bunların əlindən gərək yazacağın statusu, paylaşacağın səkli redaktə, korrektə ( şəkli demirəm ha...) edib, elə paylaşasan. Üstə gəl, bunları edərkən mütləq klassik geyimdə, qalstukda olmalısan.
Qardaşlar, bacılar inanın ki, bu həyat bizim düşündüyümüz qədər ciddi deyil! Biz həyatı ciddiyə alsaq, o da bizi alacaq. Gəlin gülməyə, əylənməyə də zaman ayıraq. Paylaşımlar edərkən ağlaşma, şüvən qurub, onsuz da qanı qara olub bura daxil olan dostalarımızı incitməyək.
Hər kəsin dost siyahısında yəqin ki, dost bildiyi insanlar var. Onun üçün həyatda- dostlarımızın arasında necə davranırıqsa, burada da elə davranaq. Dostlarınızla gəzməyə gedəndə qalustuq taxırsızmı, ancaq elmi vəya rəsmi üslübdamı, danışırsız? - təbii ki, xeyr. O zaman burada da bu “qalstuklu” statuslardan xilas olaq. Təbii ki, yazdıqlarımıza, paylaşdıqlarımıza diqqət edib, ədəb- ərkan qaydalarından kənara çıxmayacağıq (həyatdakı kimi), ancaq yersiz ciddiyətdən də uzaq duraq!
Manera.az