Xalq Şairi: “Əsgəri bu zəfərə hazırlayan bir də Söz silahıdır”

Xalq şairi Sabir Rüstəmxanlı tanınmış şair Ramiz Qusarçaylının yeni nəşr olunan “İki gül” adlı şeirlər kitabı haqqında sosial şəbəkə hesabında paylaşım edib.
Manera.az xəbər verir ki, Sabir Rüstəmxanlı paylaşımında Ramiz Qusarçaylının bundan əvvəl oxuduğu “Vətən” poemasını da xatırladaraq əsəri Azərbaycan poeziyasının parlaq nümunələrindən biri kimi dəyərləndirib.
Xalq şairi bu il nəşr olunan “İki gül” kitabının da Ramiz Qusarçaylının lirikasının yeni uğuru olduğunu vurğulayıb. Onun sözlərinə görə, kitab şairin böyük poetik istedadının özəlliklərini və Azərbaycan poeziyasında özünəməxsus yerini bir daha nümayiş etdirir. Kitaba ön söz yazan akademik Nizami Cəfərovun əməyini də xüsusi qeyd edib.
Paylaşımın diqqətçəkən məqamlarından biri Sabir Rüstəmxanlının 1987-ci ilə aid xatirələridir. O, Ramiz Qusarçaylının həmin il qürbətdən ona yazdığı məktubu yada salıb. Həmin dövrdə Donetsk vilayətinin Makeevka şəhərində kömür mədənində ağır əmək şəraitində çalışan şairin Vətən həsrəti ilə qələmə aldığı misraları xatırladıb.
Sabir Rüstəmxanlı qeyd edib ki, Ramiz Qusarçaylı qürbətdə yaşasa da, Vətəndən qopa bilməyib. Onun fikrincə, şairin bu dərin Vətən sevgisi sonradan “Vətən” poemasında və “Azərbaycan bayrağı” şeirində özünün parlaq poetik ifadəsini tapıb.
Xalq şairi paylaşımında ədəbiyyatın Zəfərin qazanılmasındakı mənəvi roluna da diqqət çəkib: “Savaşda qələbə qazanan Əsgərdir, Silahdır. Ancaq əsgəri bu zəfərə hazırlayan bir də Söz silahıdır. Buna görə də qələbədə ədəbiyyatın rolunu da unutmaq olmaz”.