manera.az
manera.az

“Yazıçı cərrahdır, o, təşrih edir, insanın ruhunu müalicə edir!”

“Yazıçı cərrahdır, o, təşrih edir, insanın ruhunu müalicə edir!”
Fikrimcə, sual vermə prosesi iki məqsəd daşıya bilər: birincisi odur ki, bilmədiyin bir şeyi öyrənmək üçün nəyi isə soruşursan, ikinci də, kiminsə rəyi sənin üçün maraqlı olduğundan ona müraciət edirsən. Mənim üçün maraqlı olan və daim bu barədə düşündüyüm məsələləri haqda müsahibimin fikirlərini öyrənməyə çalışacam.

- Kənan müəllim, xarici dillərə tərcümə olunmuş bədii ədəbiyyat nümunələrində tərcüməçinin bioqrafiyası, fəaliyyəti, çevirdiyi əsərlər barədə geniş material verilir. Əksər tərcümə kitablarında isə tərcüməçinin həmin əsər haqqında, müəllif haqqında fikirləri və geniş rəyi, tərcümə prosesindəki özəlliklər haqqında qeydləri olur. Bu sözləri Azərbaycan dilinə tərcümə edilmiş əsərlərdə görmürəm…

Bu, o qədər də prinsipial məsələ deyil. Amma tərcümə kitablarında tərcüməçi haqda məlumat verilməsi əlbəttə, yaxşı olardı. Oxucu tərcümə olunmuş əsərin təsadüfi bir adam tərəfindən çevrilmədiyini biləndə həmin kitabı əminliklə oxuyur. Bizim tərcümə təsərrüfatımız isə çox qarışıqdır, bəzən ciddi əsərlərin kimlər tərəfindən çevrildiyini, həmin adamların bu əsərləri hansı səviyyədə dilimizə çevirdiyini bilmirik. Bu mənada əlbəttə, sizin iradınız haqlı iraddır.

- Tərcüməçilərə qarşı bu biganəlik, deyərdim ki, qısqanclıq nədəndir?

Açığı, bilmirəm, bu, biganəliyin nəticəsidir, ya qısqanclıqdan irəli gəlir, amma onu deyə bilərəm ki, bizdə işinə vicdanla yanaşan tərcüməçilər barmaqla sayılacaq qədər azdır.

- Bu hal tərcümə prosesinə marağı ləngitmir ki?

-Düşünmürəm ki, ləngidir. Çünki son illər bizdə tərcümə işi çox sürətlə gedir. 150 cildlik dünya ədəbiyyatının nəşri, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması çox böyük nailiyyətdir. Əlbəttə, iş varsa, qüsurlar da olacaq. Amma əsas məsələ odur ki, iş iş bilənə tapşırılsın. Bizdə bu sahənin Vilayət Hacıyev, İlqar Əlfioğlu, Nəriman Əbdülrəhmanlı, Saday Budaqlı, Etimad Başkeçid kimi peşəkarları var.

- Tarixin lap qədim qatlarından son dövrlərədək yaranmış bütün ədəbi əsərlərində özündən əvvəlki ustadlara rəhmət oxunmuş, müəllif özünü əvvəl yaşamış ədiblərin şagirdi hesab etmişdir. Bu ənənə yalnız son illər qırılmışdır. İş o yerə çatmışdır ki, gənc yazarlar özündən əvvəl yaşayan ədiblərə, onların əsərlərinə inkarçılıqla yanaşırlar. Bunun səbəbləri barədə çoxlu rəylər olsa da, mənim də öz fikrim vardır. Düşünürəm ki, 37-ci ilin repressiya prosesi ənənələri qırdığı üçün bu xoşagəlməz hal yaranmışdır?

Fikrinizlə qətiyyən razı deyiləm. İnkarı inkar dialektikanın ümumi qanunudur, inkişafın periodik olaraq təkrarlanması xassəsidir. Hər gələn yeni köhnəni o mənada inkar edir ki, öz yeni düşüncəsini gətirir. İnkar olmasa, inkişaf da olmaz. Bu, əbədi və təbii bir prosesdir. Söhbət yaxşı mənada inkardan gedir. Yaradıcı insan özünəqədərki yazılmışları oxumadan, bilmədən inkar edirsə, bu, cahillikdir, amma səndən əvvəlkilərin yazdıqlarını oxuyandan sonra inkar edirsənsə, deməli, sənin deməyə yeni sözün var. Sən onu inkar etməklə onun nə bədii dəyəri azalır, nə də sıradan çıxır. Yenilikçi düşüncə hər zaman inkara meyllidir, çünki o da öz məhsulunu təqdim edir. Atalar və oğullar problem zəncirvari və heç zaman bitməyən bir problemdir. Məncə, buna görə rəncidəhal olmağa dəyməz.

- Bəzi bayatı və xalq mahnılarımız da “təftişçilərin” qınaq obyektinə çevrilmişdir. Dərindən baxanda adam özü də çaşıb qalır: axı müdrikdən-müdrik babalar doğrudanmı belə bayağı nümunələr demişdir? Bəlkə bu sadəlikdə bir dərinlik vardır ki, biz başa düşmürük?

Məs, meyvələrdə üç meyvə var,
Biri alma, biri heyva, biri nar.
Alma sənin, heyva sənin, nar mənim…


Babaların hamısı müdrik olmayıb axı. Bayağılıq həmişə olub, indi də var, bundan sonra da olacaq. Sadəliklə bayağılıq arasında isə zəmin-asiman fərq var.

- Ədəbiyyatda “ədəbi dil” termini vardır. Bu hansı dildir? Ədəbi nümunələrin yarandığı dil, yoxsa xalq dilinin müəyyən çərçivələrə, normalara, qəliblərə uyğunlaşdırılmış forması bu ifadəni bildirir? Bəzən də ədəb çərçivəsində yazılmış nümunələr nəzərdə tutulur, amma bunun tam əksini də görürük. Ümumiyyətlə, bu məsələyə aydınlıq gətirmənizi istərdim.

İlk anadilli mətnimiz “Kitabi Dədə Qorqud” dastanıdır ki, bu mətn ədəbi dilin şifahi növünə aid edilir. Sonrakı mərhələlərdə bu dilin kitab üslubu formalaşıb və bunun nəticəsində dilimiz əcnəbi dil ünsürlərinin basqınına məruz qalıb. İndinin özündə də dilimizdəki sözlərin əksəriyyəti alınma sözlərdir və biz bəzən hansısa əşyanın dilimizdəki adını tapmaqda çətinlik çəkirik. Bu mənada şifahi dilin sintaksisində yazmağı daha məqsədəuyğun hesab edirəm. Çünki şifahi dil yad sözü qəbul etmir, öz təmizliyini qoruyur. Biz bundan çəkinməməliyik. Vaxtilə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev ədəbi dili xalq dili ilə eyniləşdirmək üçün öz əsərlərini məhz xalq dilinin sintaksisində yazıblar. Amma sonralar bu ənənə qırıldı, sovet sistemi bu prosesin qarşısını aldı. Dil öz şirinliyindən məhrum edildi, sxematikləşdi. Əgər biz xalq dili deyiriksə, burda heç bir çərçivə və qəlibdən söhbət gedə bilməz.

Xalq dili heç bir çərçivəyə sığan deyil. Ümumiyyətlə, dilin çərçivəyə salınması onu qısırlaşdırır, inkişafdan saxlayır. Dil canlı orqanizmdir və buna görə də daim yenilənməlidir. Əgər siz yazıçı olmağı qarşınıza məqsəd qoymusunuzsa, norma və üslubları öyrənməlisiniz, amma bu normaların əsiri olub qalmamalısınız.

- Azərbaycan dilinin bütün türk dilləri içərisindəki aparıcı rolu barədə çox deyilmişdir. Bu dilin ən geniş yayıldığı dövr isə Səfəvilərin hakimiyyəti vaxtı olmuşdur. Çox geniş bir coğrafi ərazidə işlənən həmin dil Azərbaycan dilinin Ərdəbil dialekti idi. Artıq onun dövranı sona çatdığından ədəbi dilimizdə başqa təmayüllər formalaşmışdır. Amma ölkəmizin cənub zonasında həmin dialektin çox zəngin nümunələri olsa da, ədəbi dildə onun əks olunmasına rast gəlinmir. Digər regionların dialektlərindən bol-bol istifadə edən yazarlarımızın bu laqeydliyini necə izah edərdiniz?

-Çox həssas və maraqlı məqama toxundunuz.Bu yaxınlarda dəyərli tənqidçimiz Rəhim Əliyevlə söhbət edirdik. O, dedi ki, dünya ədəbiyyatında dialektli ədəbiyyat yetərincədir. Məsələn, İngiltərədə, Avstraliyada yaşayan yazıçıların hər biri öz ingilis dialektində yazırlar. Amma Azərbaycanda dialektli ədəbiyyat yoxdur, çünki bizim dialektlər cüzi fərqlər istisna olmaqla bir-birinə çox yaxındır. Bizim dilimiz o qədər də zəngin dil deyil və buna görə dialekt sözlərdən istifadə etməkdə heç bir qəbahət görmürəm. Məncə, cüzi fərqlərə görə regional təsnifat aparmaq düzgün deyil. Elə sözlər var ki, bir neçə bölgədə eyni mənanı daşıyır. Məsələn, Bakı dialektində işlənən sözlərin çoxu təbrizlilərin danışıq dilində də eyni mənada işlənir. Mən bir neçə dəfə Təbrizdə olmuşam və onlarla danışıq əsnasında elə sözlər eşitmişəm ki, təəccüb qalmışam. O sözlər bizim kənddə də eyni mənanı daşıyır. Bu, bizim kökümüzün bir olmasını göstərir. Dil bütün sözlərə açıq olmalıdır, hansısa söz bizim dilimizə yatmayacaqsa, tədricən aradan çıxacaq. Bu, təbii bir prosesdir.

- Son vaxtlar klassiklərimizə “bütün cəbhə boyu” hücum vardır. Bunun pis, yaxud yaxşı olduğu ilə işim yoxdur. Amma Mirzə Cəlil haqqında bir mühakiməni heç cür başa düşmürəm. İddia olunur ki, o, millətin olan-olmaz bütün eyiblərini faş etdiyi üçün, camaat həmin əməllərə guya bir az da şirniklənmişdir. Bu haqda fikriniz necədir?

Yazıçı suvaqçı deyil, onun işi eyiblərin üstünü örtmək deyil, o eyibləri göstərməkdir. Yazıçı cərrahdır, o, təşrih edir, insanın ruhunu müalicə edir. Mirzə Cəlil və onun qələmdaşları toplumu qaranlıqdan işığa çıxardılar. Bu, danılmaz bir faktdır. Mirzə Cəlilin yazdıqları müasir Azərbaycan ədəbiyyatı üçün çox ciddi əhəmiyyət kəsb edir. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında ona görə çoxlu karikaturalar verirdi ki, toplum savadsız idi, yazıb-oxuya bilmirdi.

- Mirzə Cəlilin missiyası nə idi?

Mirzə Cəlil öz üzərinə çox böyük bir missiyanı, maarifçilik missiyasını götürmüşdü və bu da bir müddət keçdikdən sonra öz bəhrəsini verdi. Onun dühası xalqı cəhalət bataqlığından xilas etdi. Mirzə Cəlili buna görə ittiham etmək cahillikdən başqa bir şey deyil.

-Kənan müəllim, istəsək də, istəməsək də indi bütün dəyərlər Qərb ölçüləri ilə qiymətləndirilir. Elə ədəbi nümunələr də bu qəbildəndir. Yazarlar Nobel mükafatını son məqsəd kimi görürlər. Amma bu qərb mükafatı qərblilər kimi yazanlara verilir. Bəlkə biz tamam başqa yolla, məsələn, Çingiz Aytmatov, Orxan Pamuk və s.-lərin yolu ilə gedək? Adi bir qırğız dəmiryolçusunun, çərpələng uçuran uşağın milli ruhu dərinliklərinə qədər təsvir olunur, əsər isə dünya şöhrəti qazanır. Siz necə düşünürsünüz?

İmitasiya istənilən halda gülünc görünür, çünki ilkinlikdən məhrumdur. Yəqin bilirsiniz ki, Avropa İntibahı deyilən mədəniyyət hadisəsinin mənbəyi avropalıların vaxtilə Şərqdən oğurladığı kitablardadır. Şərq mədəniyyətinin kökləri çox qədimdir. "Yunan mədəniyyəti" adlanan mədəniyyət prototürk mədəniyyətinin təhrif edilmiş kalka-tərcümə variantıdır. Bu mədəniyyətin kökündə qədim Trakiya, qədim Hitit, qədim Ellin, qədim Makedon, qədim Etrusk, qədim Sak, qədim Hun və bununla yanaşı kiçik xalqların yaratdığı məişət mədəniyyəti dayanmaqdadır. Sadəcə, əvvəl ellinosentristlər, sonra avrosentristlər bu mədəniyyəti İon (yunan) tayfasının adına yazmaqla əzəmətli qədim Şərq mədəniyyətinin qarşısına guya qədim Avropa mədəniyyəti çıxartdılar. Belə olduğu halda biz bu boyda mədəniyyəti bir kənara qoyub hibrid mədəniyyətdən nəsə götürməyə çalışırıq. Qərb səndən oğurlayır, sən də qərbdən, bu qarşılıqlı çırpışdırmanın da nəticəsində ortaya əcaib bir şey çıxır. Markesi dünya üçün maraqlı edən öz köklərinə bağlılığı idi. “Yüz ilin tənhalığı” bir nəslin timsalında Kolumbiyanın keçdiyi tarixi yolu əks etdirir. Eləcə də Çingiz Aytmatov. Onun bütün əsərlərinə qırğız ruhu hakimdir.Orxan Pamuk haqqında da eyni sözləri deyə bilərik. Onun romanlarının əksəriyyəti Şərq simvolizmindən qaynaqlanır. Məsələn, “Mənim adım qırmızı” romanı. Əsərdəki hadisələr Şərq nəqqaşlarının və xəttatlarının çevrəsində inkişaf edir. Orxan Pamukun digər romanlarına da İstanbul ruhu hakimdir. Bu gün bütün dünya Orxan Pamuku oxuyur. Demək, ədəbiyyata qərbin ölçüləri yanaşmaq bizi yanlış yola sürükləyir.

- Məgər bizim öz ölçülərimiz, dəyərlərimiz yoxdurmu?

Biz ciddi ədəbi mətnlər yaratmaq üçün ilk növbədə öz içimizdə arxeoloji qazıntılar aparmalıyıq, bizim mənəvi dünyamızda o qədər xam torpaqlar var ki, hələ də o ərazilərə insan ayağı dəyməyib. O əraziləri kəşf edib ədəbiyyata gətirə bilsək, bu, bizim ən böyük uğurumuz olacaq.

Söhbətləşdi: Şəhla Aslan
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30