Azərbaycan ədəbiyyatının olduqca böyük potensialı
Əhməd Qəşəmoğlu
Artıq bir əsrə yaxındır ki, Azərbaycan ədəbiyyatı öz axtarış aparmalarının güclənməsi ilə fərqlənməkdədir. Sovet rejiminin yaranması ilə bu axtarışlar daha çox rus ədəbiyyatına yönəldi. Şairlərimizin və nasirlərimizin bir çoxu rus ədəbiyyatının nümayəndələrini örnək hesab edərək onlardan bəhrələnməyə (bəzən isə yamsılamağa) çalışdılar. Puşkin, Lermontov, Yesenin, Mayakovski, Turgenev, Çexov, Tolstoy, Qorki, daha sonra sovet yazıçılarının böyük bir hissəsi az qala etolon kimi qəbul olunmağa başlandı. Amma dərhal qeyd etmək lazımdır ki, Dostoyevski kimi digər intellektual mahiyyəti ilə seçilən rus yazıçılarına o qədər də meyl olmadı. Bu olduqca ciddi bir faktdır və o zamankı ədəbi mühit barədə əhəmiyyətli məlumat verir.
Nazim Hikmətin SSRİ – yə gəlməsi ilə, Azərbaycanla əlaqələrinin güclənməsi ilə ədəbiyyatımızda bir Nazim Hikmət kultu da yarandı. Ötən əsrin altmışıncı illərində sovet ədəbiyyatında, ilk növbədə rus ədəbiyyatında mühüm keyfiyyət dəyişikliyi baş verdi- dünya ədəbiyyatının təsiri sovet ədəbiyyatına artdı. Sovet ədəbiyyatı, o cümlədən azərbaycan ədəbiyyatı yeni bir mərhələyə keçdi. Bizim “altmışıncılarımız” yarandı və ümumən uğurlu fəaliyyət göstərməyə başladılar. O zaman ədəbiyyatda müəyyən bir azad fikirlilik gücləndi. İsa Hüseynoun dəst xətti ilə nəsrimizdə yeni era başladı. Ən xoş olan cəhətlərdən biri altmışıncıların, xüsusi ilə Bəxtiyar Vahabzadənin, Anarın dünya ədəbiyyatı ilə yanaşı Türk ədəbiyyatının mütərəqqi ənənələrini də ədəbiyyatımıza gətirməsi oldu. Məmməd Araz, Elçin, Əkrəm Əylisli kimi yazıcılarımız ədəbiyyatımızda yeni ovqat yaratdılar. Ədəbiyyatda axtarışlar təkcə altmışıncılarla məhdudlaşmadı. Altmışıncı illərdən başlayaraq ədəbiyyatımızda bir Rəsul Rza erası başladı. O bir tərəfdən Fizuli, Sabir ruhunun, digər tərəfdənsə ən modern mütərəqqi qərb ədəbiyyatı ənənələrinin təbliğatçısı oldu. İlyas Əfəndiyev nəsrdə və dramaturgiyada mühüm dəyişikliklər etdi. Digər yazıçılarımızın da yaradıcılığında müsbət keyfiyyət dəyişiklikləri baş verdi. Amma bu dəyişikliklər hamısı zamanın axarında baş vermiş dəyişikliklər idi. Mirzə Fətəli Axundovdan başlayan bir realizm ənənəsinin davamı idi.
Əslində Azərbaycan ədəbiyyatının potensialı daha böyükdür. Yer üzündə sürətli qloballaşma getdiyi indiki vaxtda bizim ədəbi potensialımızın əhəmiyyəti olduqca artmaqdadır və biz bu potensialımızdan ilk növbədə özümüz faydalanmalıyıq. Öz potensialımızı daha çox acdıqca dünya ədəbiyyatına ciddi töhvələr verməklə mühüm bir mövqe qazana bilərik. Son cümlələrim bəlkə də, bəziləri üçün bir qədər fantastik, şişirtmə görünə bilər. Amma ciddi fəlsəfi, sosioloji təhlil apara bilən hər kəs bu cümlələrin həqiqətə nə qədər yaxın olduğunu duya bilər. Fikrimi bir qədər də açıqlayım.
Azərbaycan unikal bir mədəniyyətə malikdir. Öz çoğrafi şəraitinə, etnik mənsubiyyətinə görə Azərbaycan hər zaman dünyanın bir çox mədəniyyət sistemlərinin- həm də aparıcı mədəniyyət sistemlərinin qovşağında olub. Müasir ciddi elmi araşdırmalar göstərir ki, Azərbaycanda lap qədimlərdən türk xalqları yaşayıb. Turan elləri hər zaman Altaydan gəlmə türklərlə İran-Qafqazdan gəlmə türklərin qaynayıb qarışma dünyası olub. Qədim Qafqaz qədim türk məskənidir. Şumerlərin Qafqazdan, Şamaxı ətrafından köç edib getməsi barədə də elmi faktlar günü gündən çoxalmaqdadır. Şumer mənbələrində onların başı buludlara dəyən dağların başından – Dilmondan köçüb gəldiyi deyilir. Şamaxıdan İsmayıllıya gedən yolda, dərədən dərhal sonra, sağ tərəfdə, başı buludlara dəyən dağların başında Ağsuyun Dilman kəndi var. Şumer dastanlarında Şam köklü sözlər, Şamxat kimi adlar var və s. Böyük ehtimalla onlar Xəzər dənizin sahillərindən enərək iki çay arasına getmişlər. Yeri gəlmişkən, onu da deyim ki, Tur Xeyerdal Bakida olarkən gözəl şairimiz Vaqif Bayatlı və onun xanımı Tamam Bayatlı bu fakt barədə ona məlumat vermişdilər. Xeyerdal faktın olduqca inandırıcı olduğunu demişdi və söz vermişdi ki, növbəti səfərində hökmən Dilman kəndinə gedəcəkdir (onun ölümü buna imkan vermədi). Amma onlar gedərkən bütün şümerləri və onlara qohum xalqları götürüb aparmamışlar ki. Görkəmli azərbaycan alimi Voroşil də dəfələrlə qeyd edirdi ki, eramizdan əvvəl Azərbaycanda hun tayfaları yaşamışdır. Elə mənim anamın da mənsub olduğu ən qədim naxçıvan tayfalarından birinin adı hunnaz tayfasıdır. Amma eyni zamanda tarixdən də məlumdur ki, bu torpaqda müxtəlif tarixi dövrlərdə müxtəlif etnik mənsubiyyətə məxsus insanlar da yaşamışdır. Beləliklə minilliklər, əsrlər boyu Azərbaycanda aparıcı türk mədəniyyəti ətrafında bir çox başqa mədəniyyətlər də təbii olaraq inteqrasiya olunub, birləşmişlər. Nəticədə, müasir Azərbaycan mədəniyyəti türk, iran, yəhudi, qafqaz, atəşpərəst, yəhudi, xristian, islam, daha sonra slavyan, sovet mədəniyyətinin təsiri altında formalaşıb yekunlaşmışdır. Olduqca bir unikal mədəniyyət sistemi əmələ gəlmişdir. Məhz buna görədir ki, xalqımız indi öz tolerantlığı ilə seçilir. Amma əslində bu söz azərbaycanlılar üçün dəqiq deyil.
Azərbaycanlılar dözümlülük mənasında tolerant deyillər. Bu torpaqdakı müxtəlif etnik mənsubiyyətlər uzun əsirlər boyu biri birinə dözərək yaşamamışlar. Onlar biri-birinə məhəbbətlə- bir ahəng işində yaşamışlar. Bu baxımdan azərbaycan tolerantlığı indiki mənada bütün yer üzü üçün mühüm bir nümunə kimi də öyrənilə bilər. Qloballaşmanın sürətlə getdiyi indiki vaxtda, bir çox güc mərkəzlər mədəniyyətləri, sivilizasiyaları biri birinə müxtəlif subyektiv texnologiya ilə yaxınlaşdırmaq istəyir. Azərbaycanda bu yaxınlaşma, çuğlaşma uzun əsrlər boyu təbii yolla gedib. Məhz elə bu baxımdan, Azərbaycan mədəniyyətinin xüsusiyyətlərinin dərindən öyrənilməsi həmin texnologiyaların indiki kimi dağıdıcı yox, bəşəri dəyərlərə, sosial sistemin tələblərinə uyğun olaraq daha mütərəqqi qurulmasına yardım edə bilər. Azərbaycan ədəbiyyatı bu sahədə ciddi ədəbiyyat nümunələri yarada bilər.
Azərbaycan mədəniyyətinin formalaşmasında onun möhtəşəm ədəbiyyatı olduqca böyük rol oynamışdır. Diqqətlə fikir versək bizim folklorumuzun nə dərəcədə zəngin olduğunu görərik. Bizim folklorun arxasında şumer, şaman, təsəvvüf dünyagörüçlərindən doğan dərin bir fəlsəfi sistem var. Bizim nağılları bir çox xalqların nağılları ilə müqayisə etsək bunun şahidi olarıq. Bizim nağıllar sadəcə bir süjet qurmağa, nəql etməyə xidmət etmir. Eyni zamanda simvolik olaraq cəmiyyətin, həyatın, dünyanın hikmətlərini, idarəedicilərin fəaliyyətini özündə əks etdirən simvolik bir məna daşıyır. Mən yaşlandıqca, fəlsəfi biliklərimi artırdıqca bir çox nağıllarımıza və onların yaradıcılarına heyrətim daha da artır. Bayatılardakı poetik tutum xalqımızın tarixi barədə olduqca zəngin material verir. Dünyanın ən mükəmməl dastanlarından biri bizim Dədəd Qorqud dastanıdır. Dünyanın ən böyük şairi çox vaxt Nizami hesab olunur. Nəsimi poeziyası iradənin, əqidənin, Fizuli poeziyası qəlb aləminin dərinliklərinin, Xətai poeziyası imanın poetikləşməsi sahəsində dünyada analoqu olmayan zirvələrdir. Klassik Azərbaycan ədəbiyyatı eyni zamanda türk, islam mədəniyyəti ilə nəfəs alır. Türklərin çöl, göy tanrı, Tenqri mədəniyyəti, islamın Quranı- Kərim potensialı mədəniyyətimizə, ədəbiyyatımıza, elmimizə nur yayır. Bu ədəbiyyat isə irfan ədəbiyyatıdır. Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının bel sütunu elmdir.
Ədəbiyyat tariximizə diqqət verək. Ən böyük şairlərimiz eyni zamanda böyük alimlərdir. Nizami elmin fəzalarını poetik zirvəyə qaldıran dahi şəxsiyyətdir. Onun əsərlərində öz dövrünün əxi alimlərinin təsiri aydın görünməkdədir. Nəsimi, Fizuli, Xətai məhz təsəvvüf elmindən bəhrələnərək o zirvəyə qalxmışlar. Mədəniyyət, elm tariximizə bələd insanlar gözəl bilirlər ki, təsəvvüf elminin, onun müxtəlif qollarının, xüsusi ilə xəlvətiyyəliyin, hürufiliyin formalaşması məhz Azərbaycan alimlərinin adı ilə bağlıdır. Azərbaycan elminin, fəlsəfəsinin arxasında o dövrlər yaşamış Tusi, Sührəverdi kimi bütün dövrlərin böyük alimi sayılacaq dahilər var. Müasir dünya elmi hələ bu dahilərin zirvəsini lazımınca fəth edə bilməyib. Hələ dünya indi indi işraqilik fəlsəfəsini- nur fəlsəfəsini dərk etmədədir. Müasir riyaziyyatın, astronomiyanın, sosiologiyanın, pedoqoqikanın, psixologiyanın hələ Tusi səviyyəsinə qalxmasına çox var. İndiki mürəkkəb dövrdə sosial idarəetməni elmi əsaslarla qurmağa kömək olan sosial idarəetmə elminin əsasını Tusi qoymuşdur. Belə misalları xeyli uzatmaq olar. Nağıllarımızı yaradan müdriklərin eyni zamanda elmi biliklərinin yüksək səviyyədə olmasına şübhə yoxdur. Bəzən bir çoxları aşıqlarımızı təhsilsiz, biliksiz hesab edirlər. Amma onların hər biri on ildən artıq bir vaxtda usdad yanında, ustad məclisində irfan elminin dərinliklərinə varıb aldıqları biliklər indiki universitet tələbələrinin aldığı biliklərindən daha dərin və sistemli idi. Aşıq Ələsgər kimi aşıqlarımızın bu yöndə getdikləri dərinliklərə hələ bizim bir çox professorlarımız gedə bilməyib. Bütün bu deyilənlər bir Azərbaycan ədəbi ruhu yaradır. Bu ədəbi ruh öz nurunu kainat nizamından-haqq dünyasının nizamından alır. Bu ədəbi ruha köklənən haqq dünyasına köklənir və onun yaratdığı əsərıər haqq aləminin, deməli həm də bəşəriyyətin nizamına uyğun olur. Bu nizama uyğun əsərlərin hamısı əbədi yaşar əsər olurlar. Seyid Əzimin, Sabirin, Cəlil Məmmədquluzadənin, Cavidin, Hadinin ruhu özünün qüdrətini Azərbaycan ədəbi ruhundan alırdı. Bir qədər sufizm, təsəvvüf barədə danışmaq istərdim.
Bəzi adamlar sufizmi, onu xarakterizə edən orta əsr islam mədəniyyətinin böyük töhvəsi olan təsəvvüf fəlsəfəsini arxaik bir şey kimi qəbul edir. Yaxud bəziləri sufizmə mistik bir düşüncə kimi baxır. Bir başqaları da sufizmi qədim yunan fəlsəfəsinin bir əks sədası kimi təqdim edir. Müasir qərb fəlsəfəsi sufizmi ekzotik bir baxımdan yanaşır. Əslində isə sufizmin mahiyyəti tam başqadır. Bu mahiyyətin indiki dövrdə açılması, onun incəliklərindən istifadə edilməsi elmimizin inkişafına ciddi şəkildə kömək edə bilər. Sufizmin, təsəvvüf fəlsəfəsinin dərindən öyrənilməsi, bizim elm, ədəbiyyat tariximizin orta əsrlərə aid olan layını hərəkətə gətirər, bu gün elmimizin, təhsilimizin, musiqimizin, incəsənətimizin, ümumiyyətlə mənəviyyatımızın, iqtisadiyyatımızın, siyasətimizin ciddi şəkildə inkişafına kömək edə bilər. Bizə öz milli köklərimiz üzərində müasirləşməkdə yardımçı ola bilər.
Süfizmin(təsəvvüfün) mahiyyəti barədə müxtəlif mənbələrdə müxtəlif çür izahlar var. Amma mənim fikrimcə o izahlarda müəyyən bir yarımçıqlıq var. Fikrimcə, təsəvvüf fəlsəfəsinin yaranması, sufizmin indiki şəkildə formalaşması aşağıdakı kimi baş vermişdir. İslam dini yarandıqda, müsəlmanlar hakimiyyətə gəldikdə Məhəmməd peyğəmbər əsil alimlərə xüsusi diqqət verməyə başladı. Onların bir necəsini öz məsləhətçiləri, əsabələri kimi öz ətrafına topladı. O dövrlərdə uzun illər formalaşan, Şumerlərdən, Akkadlardan, Babilistandan, Misirlilərdən, Yunanıstandan keçib gələn dünyəvi elmlər, fəlsəfə elmi Yunanıstanın çökməsi, rasionalizm çərçivələrində sıxılaraq xeyli zəifləmiş, parakəndə bir hala gəlmişdi. Xüsusi ilə Aristotelin fəlsəfəni rasional düşüncə üzərində istiqamətləndirməsi, sonralar real həyatda bu rasional düşüncənin suallar doğurması, elmə münasibət, cəhalətin yayılması alimləri, dünyəvi elmləri bərbad hala salmışdı. Peyğəmbərin dünyəvi elmlərə verdiyi qiymət, alimlərə göstərdiyi ehtiram, konkret olaraq Qurani Kərimin gətirdiyi yeni düşüncə dünyəvi elmlərin inkişafı üçün olduqca mühüm imkanlar yaratdı. Fəlsəfənin uzun əsrlər ilişib, dolaşıb qaldığı bir çox məslələrin izahı üçün imkan yarandı. Quranı Kərim peyğəmbərin dünyanın nizamı, haqq dünyası, insanlığın düzgün inkişaf yolu barədə vəhy yolu ilə aldığı məlumatları müəyyən obrazlar, kodlarla vasitəsilə insanlara çatdırdığı surələr toplusudur. Vəhy- dünyanın nizamı, mahiyyəti, insanlığın doğru yolu barədə yalnız xüsusi insanların- peyğəmbərlərin ala biləcəyi məlumatlardır. Qurani Kərimdə belə məlumatlar daha əhatəli və daha dərindir. Məhz buna görə də Quranı Kərim eyni zamanda dünyəvi elmlərin düzgün istiqamətdə inkişafına kömək edə biləcək olduqca ciddi, əvəzsiz mənbədir. O dövrün islam alimləri bunu dərk etdilər və onlara elmdə inqilab edə bilmək imkanı yarandı. Bu imkandan daha çox o zaman özlərinə sufi deyən alimlər bəhrələndi və onların yaratdığı təsəvvüf elmi sufilik elmi kimi tanınmağa başladı. Sufi alimlərin tədqiqatında əsasən üç komponent mühüm rol oynayır. 1) intellekt; 2) özünün daxili aləmini yer qayğılarından, nəfsdən təmizləməklə kosmo kontaktın gücləndirilməsi. Bu hesaba bəsirətin, intuisayın inkişafı. Yekununda kainatın bir hissəciyi olaraq kainatın ritmini, sirrlərini bir eşq munasibətində hiss etmək; 3) Dini kitabların- ən əvvəl Qurani Kərimin tövsiyyələrindən, potensialından dərindən istifadə etmək, onun göstərdiyi yolla getmək. Müasir qərb alimi isə əsasən bir komponentlə - intellektin gücünə tədqiqat aparır. Əslində, təhlil etsək sufi-təsəvvüf alimlərinin götürdüyü yol daha doğru yoldur. Çünki bu yol yer üzündə bütün elmi araşdırmaların, elmin tətbiqinin ahəngə xidmət etməsinə səbəb olur. Qərb alimləri isə nə qədər ciddi elmi nəticələr əldə etsələr də göz qabağında olduğu kimi günü – gündən yer üzündə gərginliyin daha da artmasına – ahəngin pozulmasına səbəb olurlar. Çünki bu elm sahələri əsasən rasional biliklər əsasında, biri birindən təcrid olunmuş halda inkişaf edir. Deməli təsəvvüf alimlərinin elmi inkişaf etdirmək istədikləri istiqamət, onların əldə etdiyi nəticələrdən asılı olmayaraq, strateji baxımdan daha düzgün yoldur. Sadəcə 14 cü əsrdə Şərq aləminin, eləcə də islam aləminin süqutu nəticəsində təsəvvüf fəlsəfəsi yekunlaşa, daha praktik tövsiyyələr verə bilmədi. Təsəvvüf alimlərinin əldə etdikləri olduqca dərin, vacib nəticələr bağlı boxçalar kimi tarixin rəflerinə atıldı. Dünyəvi elmlərin bu günkü imkanları bu boxçaları açmaq üçün gözəl imkanlar yaradır. Azərbaycan elmi, ədəbiyyatı da öz inkişaf istiqamətində bundan istifadə etsə elmdə, ədəbiyyatda əvəzsiz nəaliyyətlər əldə edə bilər.
Müasir dövrün ən məşhur yazıçılarından biri olan Paulo Koelyo bunu bizim yazıçılardan daha əvvəl duydu. O uzun müddət Qazaxstanda yaşayaraq türk, Tenqri mədəniyyətini, şərqi öyrəndi. Nəticədə nəhəng bir yazıçıya çevrildi.
Mən Anarın zaman-zaman sufizm fəlsəfəsi ilə maraqlanmasını, Mövlud Süleymanlının folklorumuzun dərin qatlarına enməsini, Ramiz Rövşənin sözlərimizin enerjisini, ahəngini, rənglərini üzə çıxarmasını, Vaqif Bayatlının ruh yaddaşımızı axtarmasını həmişə rəğbətlə qarşılamışam. Kamal Abdullanın əsərlərində bu mədəniyyətimizin, ədəbiyyatımızın dərin qatlarını öyrənərək istifadə etmək yönü özünü göstərməkdədir. Ona görə də onun ədəbiyyatda həqiqiqətən ciddi uğurlar əldə etməsinə imkanları var. Müasir ədəbiyyatımızın potensialı bu sərvətimizə yiyələnməyimizdədir. Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının potensialı daha çox bu məsələdədir. Həmin xüsusiyyətlərin öyrənilməsində, orataya çıxarılmasında Azərbaycan ədəbiyyatı fövqalədə işlər görə bilər və bununla olduqca önəmli mövqe qazanar.
Sonda, bir neçə cümlə də indi bəziləri tərəfindən örnək olaraq göstərilən postmodernizm haqda danışmaq istəyirəm. Postmodernizmi nə çox tənqid etmək lazımdır, nə də təqdir etmək lazımdır. Ondan yaradıcı surətdə istifadə etmək lazımdır. Necə? Müasir cəmiyyətdə hər hansı bir prosesdə, idarəetmədə çoxvariantlılıq – muxtəlif şəkildə düşünmə, müxtəlif xarakterli qərarlar qəbul etmə və s. doğrudan da müsbət haldır və təqdir edilməlidir. Amma hansı çoxvariantlılıq? Bizə o çoxvariantlılıq lazımdır ki, o xalqımızın, ölkəmizin, ailəmizin tərəqqisinə, bu sahədə müəyyən bir ahəngin yaranamsına xidmət etsin. Hansı çoxvarianlılıqsa gərginliyə xidmət edir, dağıdıcı xarakter daşıyır ondan qaçmaq lazımdır. İindi ortada olan postmodernizm liderləri postmodernizmi bir zəruri həyat normasi kimi meyar səviyyəsinə qaldırırlar. Bu qətiyyən doğru deyil! Postmodernizm bir vasitədir. Onun yaxşı- tərəqqimizə kömək edən tərəflərindən istifadə etməli, pis - dağıdıcı tərəflərini isə rədd etmək lazımdır. Yəni postmodernizm meyar deyil, onun uzərində də meyar olmalıdır. Bu meyar mənim təklif etdiyim ahəngyol elmində geniş bəhs olunan sosial sistemin tərəqqisi meyarlarıdır. Bu meyar bizə cəmiyyətimizdə əhalinin get-gedə daha çox fiziki sağlamlaşmasına, mənəvi zənginləşməsinə, əməyə yaradıcı münasibət təlabatının artmasına kömək etməlidir. Dövlətimizin daha da qüdrətlənməsinə səbəb olmalıdır.
Manera.az