“Mənim Qəhrəmanım” müsabiqəsinin qalibləri bəlli olub
[img=left]https://manera.az/uploads/posts/2026-11/1793710306_mg-20261103-wa0021.jpg
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinin qalibləri elan olunub.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində təşkil edilən müsabiqənin əsas məqsədi 14-17 yaşlı gəncləri qrafik hekayəçilik vasitəsilə dövrümüzün yeni qəhrəman obrazını yaratmağa təşviq etmək olub.
Müsabiqəyə təqdim edilən 31 əsər münsiflər heyəti tərəfindən qiymətləndirilib və nəticədə üç qalib müəyyənləşdirilib.
Beləliklə, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin 16 yaşlı tələbəsi Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri arasında 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutub.
Müsabiqə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mədəni dəyərlərin müasir qrafik hekayəçilik dili ilə ifadə olunması və yeni qəhrəman obrazlarının formalaşdırılması baxımından əhəmiyyət daşıyır.