Hərdən ilim-ilim itməyim gəlir... - MANERA.AZ
![]()
MANERA.AZ Pünhan Şükürün yeni şeirlərini təqdim edir:
SEVGİMİ GİZLƏYİRƏM
Birdən elə bilərsən
mən səni izləyirəm...
Elə bilmə sevirəm,
sevgimi gizləyirəm.
*
Etiraf edim: hərdən
özüm bilmirəm nədən
yaman sənsizləyirəm...
Aman! Sənsizləyirəm.
*
Eh, kimə gəlim kələk!?
Məndən soruşan gərək:
Niyə şeirlərimdə
səni əzizləyirəm?
*
Aldadıram özümü;
Yana tutub üzümü,
Ucu ilə gözümün
mən səni izləyirəm.
SEVGİM MƏNİM
Gecələr vampir kimi,
Gündüz ocaq, pir kimi,
Əsrarəngiz sirr kimi
Təzadlı sevgim mənim.
Kainatla savaşan,
Tək səninçün sayrışan,
Axan ulduzdan nişan –
Uzaylı sevgim mənim.
Hərdən hərdəm xəyallı,
Gah qarışan röyalı,
Həm abırlı, həyalı,
Niqablı sevgim mənim.
Öz başına iş açan,
Özü özündən qaçan,
Vüsala çatar haçan
Əzablı sevgim mənim.
QUDUZ SEVGİ
Gəl bir səni dişləyim,
Quduz sevgimə yolux.
Ay qız, Aya vurulan
Ulduz sevgimə yolux.
Yox, zarafat edirəm,
Sən qiymətli, mən ucuz.
Məbadə bu umudsuz,
Mutsuz sevgimə yolux.
***
Gəl ki sevgin oldu, hər şeyin olur,
Qoluna güc gəlir, gözünə işıq.
Hər şeydən irəli Allahın olur,
İmanlı olursan sevgiqarışıq.
***
Hərdən tükənməyim, bitməyim gəlir,
Hərdən ilim-ilim itməyim gəlir.
Sevgim utandığı gözündən uzaq,
Sən olmayan yerə getməyim gəlir.
***
Hərdən bir boş mesaj göndər,
Tam ekranı nüsxələyim,
Sükutunun şəklin çəkim,
Dərdlərimə əlac əkim.
***
Sən mənim ömrümün fon musiqisi,
Qaranlıq fəzamın fon işığısan.
Sən həqiqətlərin ən həqiqisi,
Viranlıq dünyamın yaraşığısan.