manera.az
manera.az

İlahi güc sevgidir - O da qalib gələcək | MANERA.AZ

İlahi güc sevgidir - O da qalib gələcək | MANERA.AZ

Əbülfət MƏDƏTOĞLU

Deyəsən bu xoş bir təsadüfdü. Çünki bu yazını oxuduğumuz gün, yəni mətbuatda işıq üzü gördüyü tarix Silahlı Qüvvələr günüdü. Sovet dönəminin ifadəsi ilə desək, kişilərin bayramıdı. Doğrudu, indi çox məsələlər bir-birinə qarışıb. Ona görə də belə tarixi məqamlara, tarixi günlərə o qədər də çox önəm verilmir. Lakin mən Qarabağ savaşının şahidi və iştirakçısı kimi, ordu quruculuğundan az-çox xəbərdar olan vətəndaş kimi yazımın özü də şənbə yazımın məhz bu günə təsadüf etməsini xoş bir ovqatla qarşılayıram. Düşünürəm ki, bu yazım həm də hərbi geyimli bütün kişilərə, onların arasındakı dostlarıma və bir də qazilərə bir növü bayram hədiyyəsidi...

Bəli, müharibənin "daş dövrü"ndə mənim və dostlarımın oturub-duruduğu məclisdə ilk badələr həmişə səngərdə olan oğulların şərəfinə qaldırılardı. Bizi tanıyanlar bu adətimizi bəyənir və bizə qoşulurdular. Çünki onda səngərə daha çox könüllülər, ürəyinin təpəri olanlar gəlirdilər. Belə ki, ordu quruculuğu başladı, ordu formalaşdı, ondan sonra nizam-intizam da öz yerini aldı, orduya münasibət də cilalandı və hətta əsgərin davranışı, geyimi artıq bizdə bir daxili fəxarət hissi yaratdı. Gördük ki, bizim də ordumuz var. İnandıq ki, bizim də əsgərimiz hər kəs qarşısında öz sözünü deməyə qadirdi. Amma biz, yəni sovet dönəmnin adamları, sovet ordusunda xidmət keçənlər Milli Ordumuzun da formalaşmasını, onun da oturuşmuş bir orduya çevrilməsini zaman-zaman arzulamışıq. Şükür ki, arzumuz yerdə qalmadı...

İndi arxada qalan illərə tərəf boylanıram və atəşkəsə qədər olan zaman kəsiyinin içərisində yaşadığım, şahidi olduğum döyüş səhnələrini, şəhid dostlarımı, qazi qardaşlarımı xatırlayıram. İnanın ki, bütün bunlar bir kino lentinə bənzəyir. Özü də tarixi və sənədli kino lentinə. Çünki bu kinonun, yəni bu filmin rejissoru da, operatoru da, aktyorları da elə o səngərdəkilərin hamısı idi. Sadəcə, onlar ortada olan və müəllifi bilinən gerçək ssenarini çəkmirdilər. Amma bunun əvəzinə həqiqətən ortada olan və həqiqətən də uğrunda döyüşməyin zərurət olduğu, ssenarisinin isə xalqın min illik yaddaşından süzülüb gəldiyi bir Qarabağ filminin qəhrəmanları kimi döyüşürdülər. Bu döyüşdə filmlərdə olduğu kimi səhnələri dəyişmək, fraqmentləri əvəzləmək, aktyorları təzələmək mümkün deyildi. Lakin bu filmdə döyüş səngərinin istiqamətini, o səngərdəki əsgərləri və nəhayət, o səngərin konkret adını dəyişmək olurdu. Yəni döyüş Şuşa uğrunda, Laçın uğrunda, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Xocavənd uğrunda gedirdi. Səngər məhz bu bölgələr idi... Döyüşənlər də bu xalqın pələng ürəkli, qeyrətli və geri dönməyin yolunu unutmuş, özü də bilərəkdən unutmuş şəhid oğullarımız idi... qazilərimiz idi... "Vətən uğrunda" deyən oğullarımız idi...

Hər dəfə həmin o barəsində yazdığım anları düşünəndə neçə-neçə adı, soyadı ürəyimdə təkrarlayıram. Hətta onların hansı kənddən, hansı ailədən olduğunu bilməsəm belə, onlar mənim üçün son dərəcə əziz idilər. İndi də ruhları əzizdi mənim üçün. Və onların son döyüşlərini, səngərdə qəlpələrin parçaladığı bədənlərini unutmaq və o anda yaşadıqlarımı yaddaşımdan silmək gücündə deyiləm. Heç cür mən onu silə bilmərəm yaddaşımdan. İnanın ki, hərdən yuxularımda o anları anbaan yaşayıram. Heyf, heyf o oğullardan! Doğurudu, oğul Vətən üçüdü və Vətən üçün doğulan oğul da həmişə "Təki Vətən yaşasın!" deyib səngərə atılıb, döyüşə tələsib və qazilik haqqını qazanıb, şəhidlik zirvəsinə yüksəlib...

Bir neçə ay bundan öncə qəribə bir hadisənin şahidi oldum. Bir neçə gün unuda bilmədim o hadisəni. Sonra gördüm ki, o hadisə mənim içimdə misralara çevrilib.

Sol qolunu
düyülmüş
yumruğuyla
bədəninə sıxıb
sağ ayağını
sürüyüb aparır
arxasınca...
əslində o,
tək ayağıyla
yeriyir
sol əliylə də
salam verir...
sanki
bununla
yaralarının
yarımçıq saxladığı
savaşın
gözlərindən tökülən
alovun işığında
hamıya və
hər kəsə
hələ bitmədiyini
deyir! -
Qarabağ qazisi!..

***
Bu bayram günündə xatirələrdən ayrılıb reallığa, içində olduğumi zamana qayıtmaq istəyirəm. Elə bir zamana ki, o zamanın çərçivəsi və bu çərçivənin müxtəlif ölçülü qapı-pəncərəsi səhərə, günəşə açılır. Təbii ki, böyük Səməd Vurğunun dediyi kimi, günəşdən ancaq yarasalar qorxur. Bu mənada içimdəki qorxunu boğmağı bacaran, günəşi sevən hər bir insan kimi mənim Dan üzünə, elə Günəşin özün də oxunası dualarım, deyiləsi sözlərim var. Həmin o duaların da, sözlərin də arasında Allahın izniylə həmişə alqış və sevgi-məhəbbət şah damarı təşkil edir...

Bax elə bu yerdə, yəni sevgini, məhəbbəti vurğuladığım anda bilgisayar yazarımıza diqqət yetirirəm. Yenə xanım yazarın çöhrəsinə təbəssüm qondu. Bu təbəssüm öz-özünə onun həmişə dilə gətirdiyi sözü mənə xatırladır. O sözü sizə də çatdırıram. Gülər xanım vurğulayır ki, Əbülfət müəllim şənbə günləri nədən yazır yazsın, axırı məhəbbətlə qurtarır.

Mən onunla tamamilə razıyam və elə burdaca vurğulamaq istəyirəm ki, bütün şirinli-acılı göz yaşlarının damarında məhəbbət var. Çünki ağlayanda da sevgidən ağlayırsan. İtirdiyin üçün, bir daha görə bilməyəcəyin üçün ağlayırsan, tapanda da sevgidən ağlayırsan... Çünki sevinirsən, sevincini ifadə edirsən. Bu yerdə yadıma rəhmətlik Tofiq Bayram düşür. Onun çox kövrək şeirlərinin birində belə deyiliridi:

Dünyada hər ana öz anam kimi,
Bircə toy günündə ağlayaydı kaş!..

Bəli, indi gördünüz və inandınız ki, sevincdən də ağlamaq olur. Elə mən də bu bayram günündə şəhid dostlarımı xatırlayıb onların ruhu önündə baş əyməklə həm də ordumuzun bugünkü durumu qarşısında bir fəxarət hissi keçirirəm. Çünki tez-tez baş çəkdiyim və dostlarımın xidmət keçdiyi, hərbi hissələrdə gördüklərim məni həmişə qürurlandırıbdı! O ki, qaldı sevgiyə...

Hə, bütün zamanlarda, bütün məkanlarda və mənə elə gəlir ki, hətta məzarda da insanın, onun cəsədinin ehtiyac duyduğu bir şey varsa, o da diqqət və məhəbbətdi. Bunlar ruhu da yaşadır, cismi də... Bunlar ruhu da qanadlandırır, cismi də güvəncli edir... Bunlar Günəşin də hərarətini artırır, ona üz tutanın gözünün nurunu da. Təbii ki, içdən gələn sevgi və içdən qaynaqlanan diqqət, yəni təmənnasız sevgi və diqqət burda baş qəhrəmandı - şəriksiz və müzakirəsiz. Elə mən də rəhmətlik şair dostum Eldar Baxışı xatırlayıb onun ruhuna ehtiram əlaməti olaraq sənə üz tuturam və yazıram:

Məni "ah"ına tapşır
Son günahına tapşır...
Uzaq uzaq tutacaq
Sən lap yaxına tapşır-
Üzünü görə bilim...

Məni qəzəbində boğ
Sevgi əzabında boğ
Küsmərəm, incimərəm
Təki mən hamıdan çox -
Gözünü görə bilim...

Sən ağrıt, mən də dözüm
Közün yandırsın közüm...
İmkan ver axşam-səhər
Gözünə baxsın gözüm -
Özümü görə bilim!..


***
Hər kəs özüylə bir dünya gətirir və hər kəs də özüylə bir dünya aparır. Necə deyərlər, gələn gəldiyi kimi, gedən də getdiyi kimi öz dünyasına çəkilir. Və o dünyaya yaxın düşmək, onun sakini olmaq həm böyük ürək tələb edir, həm böyük düşüncə və duyğu sahibi olmaq qabiliyyətini...
Düzdü, deyirlər elə yaşadığımız, içərisində olduğumuz bir coğrafi məkan var, o da Yer kürəsidi - yəni bu dünyadı. Amma indi son vaxtlar müxtəlif ünvanlarda, Ayda, Marsda, daha nə bilim haralarda həyat əlamətləri tapırlar. Bu ailmlərin işidi, mən ona qarışmıram. Mənim bildiyim və inandığım təkcə budur ki, hər bir insan özü fərd olaraq bir dünyadı. Gələndə özü ilə gətirir, gedəndə özü ilə aparır. Çünki Tanrının yaratdığı və yer üzündə mövcud olan milyardlarla insanın heç biri digərinin eyni deyil. Müəyyən oxşarlıqlar var, bunu danmıram. Amma inanmıram ki, bu dünyada ikinci bir Əbülfət də hardasa yaşayır və elə lap mənim kimi də oturub bilgisayara yazı diqtə edir. Əgər belə bir hal mümkün olsaydı, biz çoxdan axtarıb bir-birimizi tapmışdıq. Dostların birinin replikasına ipucu olaraq deyim ki, biz bir-birimizi tapmasaq da, - telekanallardakılar axtarıb taparlar. Mən sadəcə reklamdan qaçaraq burda ad çəkmirəm...

Amma etiraf edim ki, axtarıb tapdığım da var. Sadəcə, o mənim öz dünyamda mövcud olan Sənsən və bu dünyamın da açarı-kilidi də, dəftəri-qələmi də sənin əlindədi... yazdıqlarım da sənin diqtələrin, sənin dediklərindi. Neyləyim ki, sən hərdən öz gücündən öz Tanrıdan gələn sevgindən qaynaqlanıb, ilhamlanıb məni diz çökməyə və təkrar-təkrar sevgimi etiraf etməyə məcbur edirsən. Elə o etiraflar da hər dəfə misralara çevrilir. Bəzən bayram ovqtalı, bəzən kədər notlu. Axı öncə dedim, insan sevincdən də, kədərdən də ağlayır. Elə bu misralarda olduğu kimi.

Könüllü
təslim oldum
qarşında
diz çökdüm
əllərimi
qaldırdım...
necə deyərlər
kimliyimi anladım

nə vardısa
ətəyimdən tökdüm
bildim ki,
ürəyim
həm də sevgim
istəklərinə
uyğun deyil
ona görə də
özüm özümə dedim-
əyil!
hətta
keç geyiminin
bir dəstindən
qoy ötüb getsin
lap elə üstündən
axı ona
belə xoşdu...

Hə, istənilən bir sözün, istənilən bir yazının başlanğıcı olduğu kimi, sonu da var. Elə yol kimi - başlayır və bitir. Təbii ki, hər kəsin fərdi yolu. Amma bütövlükdə yollar da, sözlər də, fikirlər də bir-birinə calanır. Mən də bir-birinə calanan sözlərin və fikirlərin səni yorduğunu artıq hiss etməyə başlayıram. Anlayıram ki, temperatur göstəricisinin 40 dərəcəni haqladığı belə bir məqamda artıq məni oxumaq, məni dinləmək həvəsin azalır. Yazının son cümləsinə tərəf boylanırsan. Bunu anladığım üçün mən də sənə yardımçı olmaq istəyirəm. Sadəcə, kiçik bir haşiyə ilə...

... Hə, bu gün Silahlı Qüvvələrimizin adı ilə bağlıdı. Necə deyərlər, kişilərin bayramıdı, mübarək olsun! O ki, qaldı sənə, deməli, sənin də öz duan var, öz alqışın var. Onu da yəqin ürəyində səsləndirəcəksən. Mən isə sənə demək istəyirəm ki, bütün hallarda yerlərdə və zamanlarda diqqət və sevgini qoru. Çünki səni də, məni də, elə bizim hamımızı yaşadan odur. Necə deyərlər, yaşamağımız mübarək!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031