manera.az
manera.az

Bir zərf qədər yaxın... MANERA.AZ

Bir zərf qədər yaxın... MANERA.AZ


Mesaj qədər uzaq, bir zərf qədər yaxın..

Zamanla hər şey adiləşir, yenilər: dəyər verdiyimiz əşyalar, həvəslə aldığımız geyimlər, qazandığımız tanışlıqlar, “dost” deyib həyatımıza saldıqlarımız. Nə qəribədir. Zamandırmı günahkar, araya soyuqluq gətirən? Niyə hər yeni köhnəlməyə məhkumdur? Hələ bu sosial şəbəkələr.. Uzaqlaşdırdı bütün dostlarımı, yaxınlarımı məndən. Hal-əhval tutmaz olduq bir-birimizlə. Bir araya gəldiyimiz zaman iki sözün qol-qıçını sındıra bilmədik. Bu qədərmi canlı ünsiyyətdən təngə gəldiniz? Diliniz, mimiki əzələləriniz kütləşdi bəlkə?

Tarixin keçmişinə gömüldü məktub dedikləri. Kağızdan daha ötə bir şey idi. Namə də deyirdilər adına. İnsanlar bir-birinə yollayardı zərfin içində. Sevgi qoxusu, həsrət qoxusu vurardı sətirlərdən üzlərinə. İntizarla poçtalyon yolunu gözləyərdilər. Və səbri o zaman öyrəndi nənələrimiz bəlkə də. İndi bir tuşla yanımızdadır gözümüzdən iraq olanlar. “Görüldü (06:47)” və başlandı deyinmələr, gülməlidir, hətta ayrılıqlar belə. Bəlkə də biz elə buna görə səbrsizik.. ps: Bu mənim “poçt qutum”dakı “məktubum”un son görülmə vaxtıdır. Sahibinə cəza kəsdim: bundan sonra cavabı ona poçtalyonla göndərməyi planlaşdırıram. Qoy səbr etməyi öyrənsin.

Gecənin bir yarısında qalxıb, kağız-qələm deyilən iki əzəli dosta sarılardıq, ürəyimizdəki həsrət tellərindən toxuyardıq sətrləri. Sözləri muncuq kimi düzərdik kağıza, yarısını zay etməzdik. İndi klaviatura hazır barmaqlarımızın önünə sərir standart hərfləri. Xəttim yaman korlanıb, qələm o qədər özgə gəlir əlimə. Son dəfə onuncu sinifdə yazmışam məktub. Yadımdadır, bacıma yazmışdım. Hələ də saxlayıram o məktubları. Yazdığımızı ayrı bir həyəcanla oxuyardıq hər dəfə, təkrar-təkrar qəlbimizin süzgəcindən keçirdərdik cümlələri, gözləyənin qəlbinə toxunacaq bir söz olmasın deyə. Və eyni həyəcanla gözləyərdik cavab məktubunu. Gözləmək nədir, o zaman öyrəndim ilk dəfə mən. Məktub ümid demək idi əslində. Həsrətin, sevginin, dostluğun, ən əsası doğmalığın xülasəsiydi məktub: zərfə bürünmüş vüsal idi, müjdə idi, hərdən bahar, hərdən boran idi. Zaman keçdi, vədə yetişdi, unudulan hər gözəl şey kimi o da unuduldu. Nə qədər gözəlik bilmirəm, amma biz də unudulduq.. Doğrudan, bəs siz axrıncı dəfə nə vaxt məktub yazmışdınız? Bəlkə sizdə bu davam edir, hələ axıra çatmayıb?

Telefonuma son gələn zəngə baxıram, üstündən bir ay keçib. Bu sosial şəbəkələr öz səsimə həsrət qoyub məni, “alo” demək tərzimi belə unutmuşam artıq. Hərdən küçədə qarşıma çıxan taksafondan özümə zəng etməyim gəlir. “Evləri köndələn yar” televiziya tamaşasındakı bir fraqment düşdü yadıma. Atoppanın taksafondan etdiyi söhbət: ”Alo! Almaxanım, sənsəən? Başına dönüm, tanimaduun? Dərdinə yananı tanımadıınmıı? Necəsən, Almaxanım, nə var, nə yox? Atabala necədü?” Gülməyin, vəziyyətmiz doğrudan kritikdir, dostlar. Atoppanın dediyi kimi “bir vaxtlar dərdlərinə yandığım, indi bir “alo”mu tanımayan” dostlar. Sosial şəbəkədəki dostlarımdan birinin yazdığı statusu oğurlamışdım (oğurluğu da öyrətdi bizə bu şəbəkələr): “Dəyər verdiyimiz insanların hərdən bizə qarşı başından böyük danışmağı ondan xəbər verir ki, verdiyimiz dəyər onun başından böyükdür”.

Ən sevdiyim xüsusiyyətim - unutmağı bacarıram. Xatirlər məni incitmir çox vaxt. Lakin bilmirəm niyə, “dəmir lady” Margaret Thatcherin bu xatirəsi çıxmır yadımdan: “İlk dəfə 19 yaşımdaykən o mənə "Marqo" deyə müraciət etdi. Biz ayrıldıq.. O getdi. Getdiyi gün o adla heç kəsin məni çağırmasına izn vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, çünki mən sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı kütlənin içindən “Marqo” deyilən səs eşitdim. Qocalmış, əynində dilənçi kürkü olan “o” idi. Marqo deyirdi. Heçnə demədim. Otelə qayıdıb, mənə ayrılan otağa keçib ağladım. Və o gün anladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam”. Bəlkə də mən unutmuram əslində, məni unudanlara qarşı “dəmir” olmaq qərarına gəmişəm sadəcə..

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31