Xalq artisti Arif Məlikov vəfat etdi

Azərbaycanın dünya şöhrətli bəstəkar, Xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib.
Bu barədə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.
Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovun vida mərasimi keçiriləcək və I Fəxri xiyabanda dəfn ediləcək.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edirdi. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.
Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - ”Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun ”İki qəlbin kitabı” əsəri əsasında yaratdığı ”İki qəlbin poeması” baleti olub. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.
Bəstəkar “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif edilib.
Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin...