Axtarma gəl, bir ürəyi daş məni - Səfa Rəşidin şeirləri

MANERA.AZ Səfa Rəşidin şeirlərini təqdim edir:
***
Bir yoxuşda qaldım, enişə çıxan
Bir təpə istədim qaya dibində,
Bir əl fanarıyla yolda azmışam
Qəlbinin qaranlıq küçələrində.
Bir ümid də yoxdu yolun sonuna
Ha cağır,harayın özünə çatmır
Bu qərib küçələr, köhnə divarlar
Nədənsə heç mənim qəlbimə yatmır.
Sənin qəlb evinin hasarı hündür
Bir ocaq qaladım,külümü qaldı..?!
Deyəsən çatmışam yolun sonuna
Sən Allah ,dur indi işığı yandır!
***
Günəş yenə uzaqlara çəkilib
Qayğısızdır,o dalğalı dənizim
Sənsizliyin yorğanına bükülüb
Üşüyürəm,üşüyurəm əzizim.
Ayrılıqmı qonaq gəldi vədəsiz..?!
Sahilinə ayaq qoymaz gəmilər
Çiçəklər də boynubükük böyüyür
Əlacsızdı bu sarmaşıq zəmilər
Heç gecikmə,mən vəfasız çıxmamış
Axtarma gəl, bir ürəyi daş məni
Süz bu gecə həsrətinə qovuşdur
Elə boğma gözlərində yaş məni.
Uzaq durdum,yollar çəkdi içini
Nədən düşdüm arxasınca zülümün..?!
Bir ömürlük şəfqətinə sarılıb
Arxasında gizlənmərəm ölümün
Yalnızlıq da yuvasına çəkilib
Saçlarında sığallanmır həvəsim,
Gözlərinin ümidinə dikilib
Gözləyirəm, gözləyirəm əzizim...
***
Bəxtin də kor ola, ümidin də kor
Ürəyin öyrəşə vəfasizlığa,
Çəkilib bir qərib eldə qalasan
Ruhun da öyrəşə yuvasızlığa.
Sığalsız saçlara ağrılar duşə
Bir çayın tərsinə axıntısına,
Elə ürəyin də yollarda qala
Qucağın, bir qadın sıxıntısına.
Belə kül edəsən ümidlərini
Baş qoyub sakitcə yalnızlığına,
Elə yarpaq- yarpaq unudulasan
Elə vurulasan payızlığına...
***
Hamı gedər bu şəhərdən inciyib
Düşunərsən göydən yerə daş gələr
Öyrəşəndə doğmaların dəfninə
Gözlərindən ağır-ağır yaş gələr.
Yatağında bir məzarlıq havası,
Ürəyində nəm qoxuyan bir qəbir
Dostun vardı,ürəyinin həyanı
Zaman keçdi itirirsən birbəbir.
Niyə məndən incimisən İlahi?!
İndi məni girov tutur günlərim
Gör nə vaxtdır çarpazlanıb sinəmdə
Hər bayramda çiçəkləyən əllərim.
***
Əllərim Tanrının eşq süfrəsində
Diləndim bir eşqin sədəqəsinə
İndi hər ağrımın şəklini çəkib
Gedib tullamıram poçt qutusuna.
Bu ömrün bəs niyə iki üzü var..?
Bəxtimmi bir nimdaş üzünə düşdü
Bir kölgə izləyir gedən yolumu
Bir qərib yolçunun izinə duşdu
Gecələr pəncərəm önündə kölgə
Duyarsan,masana hər gün iz düşər
Qoy sənin kölgənə sığınım Allah
Kölgələr ömrümə yaman pis düşər.
***
O qız çaşbaş düşüb ömür yolunda,
Çiyninə arxalı tərəf götürmür
Hərdən kif bağlamiş nəm kağız kimi
"Sevirəm" sözündən bir hərf götürmür.
Elə aldadıcı qurur sözünü
Guya ki,heç kəsə qıymır özünü
Yollar ayrıcında yorur gözünü
Getməyə biryolluq tərəf götürmür.
Ağlayır bu yerin göy tavanı da
Götürüb üstünə çən ,havanı da
Onun oynadığı hər havanı da
Əlimdə tutduğum bu dəf götürmür.
Bu ömür təzə-tər həvəs altında
Hər yanı bağlıdı qəfəs altında
Mən də tıxanmışam nəfəs altında
Barmaq bir tətiklik hədəf götürmür.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ