Hər şey bir xatirədir - Qədiməli Əhmədin şeirləri
Manera.az Qədiməli Əhmədin şeirlərini təqdim edir:
Uzaqlaşırsan
Ürəyinin istək yerində yoxmuşam,
külək pıçıldadı qulaqlarıma...
Nə yaxşı,
nə yaxşı,
yoxam səninçün...
Yenə qaranlıqda soyuq divarlar...
ay da pəncərəmi tərk edib gedir.
Gecə də durmadan bir çəpər hörüb,
ağrıyla içimdə bərkidib gedir.
Ürəyinin istək yerində
kimlər var,
kimlər yox,
özün bilirsən...
Hər il dörd fəsil də uzaqlaşırsan,
Hər gecə dörd divar soyuqlaşırsan...
Əllərinin sığal yerində
yoxmuşam səninçün...
Təkcə nifrətini bilə bilmədim,
Bir də həsrətini bilə bilmədim...
Bir qadın taleyin var
Bir qadın taleyin var,
tənha,
susqun baxışlı,
Xatirələr oxuyar gözlərini hər gecə.
Sənsə durub baxarsan uzaq-uzaq yollara,
Nə bir gələnin olar,
nə gedəcək bir kimsən,
sükut yatar qapında.
Bir qadın taleyin var,
ağrılarla oynayan,
həsrətindən doymayan
məhkum qadın taleyi...
Bir qadın taleyin var,
baxışıyla yolları süpürər səhər-axşam...
***
səni qınamaq asan qınaqlar bucağında,
özündə olmursan ki
haçan qəmli yazanda.
o illərdən nə qədər vaxt ötür,
vədə keçir,
ona yazdığın şeir
durur yazı masanda.
bu sərxoş saatları üzüb keçir gözlərin,
pəncərəndə yağışlı gecənin səsi qalır.
görürsən ki,gecənin hər qaranlıq nöqtəsi
qapqarışıq dünyanın üzünə pərdə salır.
bax,beləcə susursan
əllərinə söykənib,
bax,beləcə saçında dən bitir,
gözündə yaş.
düşüncələr qəlbini çəkdikcə uzaqlara,
yaşıllıqdan xəzana gedirsən yavaş-yavaş.
o illərdən nə qədər
vaxt ötür,zaman keçir...
***
səndən sonra
bir durna qatarı
ötüb keçdi
kəndimizin səmasından.
qu-səsində qəm vardı,
qa-səsində ayrılıq...
o gün
kəndimizlə
o qatar arasında
əlvida sözü vardı.
hamı uşaq kimi baxırdı
o sözün arxasınca.
sanki heç nə yox idi,
təkcə durna qatarı,
bir də ayrılıqdı dünya...
səndən sonra
bir vədəsiz payızdı
haqlamışdı ömrümü...
Bağışlama
bağışlama məni,elim,
səni xain-xain uduzdular,
aman verdim.
azadlıq sözünəcən
hər şey oldu,
zaman verdim...
necə desin bu bəxti kəm,
mən arxasız şairinəm?
çölümdə dəm,içimdə qəm...
bağışlama məni,kəndim.
bir qələmim oldu,
bir arzularım,
küçələrdə,
qapılarda
yarpaq tökür günlərim...
yollarım daşa çıxdı,
ümidin boşa çıxdı,
bağışlama məni,torpaq.
bir məmurun
marağına yem olmaq,
arağına bir dişlik...
bağışlama məni,
bağışlama...
Baxırsan
bir də sən varsan o gecədə
gözlərin,
əllərin,
baxışların kimi...
nə qədər həsrət var,
ayrılıqlar var
payızla gözlərin arasında.
yollar hələ durur,
vaxt addımlayır.
sənsə sayırsan
divar saatının ləng yerişini,
yarpaq düşümünü,
külək səsini.
qəlbinə toxunan duyğular kimi,
saçına toxunur bir yarasa da.
sonra
baxıb görürsən,
ömürdən
keçibdi gecənin tən yarısı da.
baxırsan,
baxırsan,
durub baxırsan...
Qayıtmaz heç nə
bir də sənin əllərin uzanar yola sarı,
gözlərinin önünə çəkilər yol hasarı.
bir də qayıtmaz heç nə,
gedən qatar da...
içindəki qovuşmaq arzusu da
gedər qatarda...
sənin olmaz heç nə,
yol da,
yağan yağış da...
susar əsən külək də,
sığal çəkməz saçına.
görəcəksən səninçün
hər şey bir xatirədi,
hər şey nağıl kimidi,
qonşu qızın o vaxtkı
axan göz yaşları da...
***
sonu olmayan yola
çıxmağın mənası yox...
sonu olmayan yolda
sən vardın,
dünya vardı,
sevdiklərin varıydı...
mən də
xəyali xoşbəxtliyi dadan
"bəxtəvər" idim.
yandı yanan qucaqlar,
söndü sönən ocaqlar...
başladığım bir yolun sonuna çatmır əlim...
Ayrı taledə
Bir həyatı yaşadıq sənlə ayrı taledə,
Nə sən bəxtəvər oldun,nə mən bəxti gətirən.
Bu şəhər o şəhərdi,
küçələr o küçələr,
Günahkar gözlərində mənəm azıb,itirən.
Gecənin zülmətini yorur düşüncələrim,
Sancılıb bir nöqtəyə məndən qaçan gözlərim.
Elə susub,kirpiklər zəncirlənib üstünə,
Deyəcəksən,can verib,
ölüb haçan gözlərim?
Səssizliklə hər gecə həmdərddaş oldu ürək,
Divar saatı durdu,əqrəblər atlı keçdi.
Bir həyatı yaşadıq sənlə ayrı taledə,
Ağrılarla üz-üzə illər də ötdü keçdi.
Bu şəhər o şəhərdi,küçələr o küçələr...
***
Bu da sənsiz keçən ömür,
Sinəsində qəm böyüyür.
Sükutunda düyünlənib,
Kirpiyində nəm böyüyür.
Həsrət sönmür,uzaq olmur,
Sevinc ömrə qucaq olmur,
Bu dərdi tanımaq olmur,
Həm kiçilir,həm böyüyür.
Bəzən yollar ayrıldıqda,
Sıxır könlü ayrılıq da,
Sən getdiyin ayrılıqda,
Vəfasız sənəm böyüyür.
Bu ömrü Tanrı yazandı,
Kim itirdi,kim qazandı?
Dərdi çəkmək çox asandı,
Çəkdikcə sinəm böyüyür.
Aldana-aldana
Səni axtardığım yol düz olmadı,
Gəlirəm,ömrümə neçə tin düşür.
Hər səhər keçirsən ayrı küçədən,
Bizim küçəmizə həsrətin düşür.
Sevdalı günlərin saatlarında
Vaxta öyrətdiyin bir ayrılıq var.
Onu məndən ayrı kimsə anlamaz,
Təkcə göy üzündə quşlar oxuyar...
Qaçıram içimdə ilişib qalan
Səmtini itirib susan ümiddən.
Susuram gözümdə xəyala dönən
Saçının ətrindən əllərinəcən.
Bir də,aralıqda yaş məsafəsi,
Nə qəm ötə bilir,nə ağrı ötə...
Biz də ki,günləri kütə veririk
Aldana-aldana bu boş söhbətə...
Dönməyəcəksən
Unudub gedəcəksən,
saçlarıma qar gələr,
Həsrətin köynəyi də
əynimə çox dar gələr,
İnnən belə ömrümə
çətin ki bahar gələr,
Sən ki dönməyəcəksən...
Hər addımın qəm cızar
yolların sinəsində,
Bir ağrı da qalacaq
küləklərin səsində,
Ürək quştək çırpınar
qovuşmaq həvəsində,
Sən ki dönməyəcəksən...
Bu güllər,bu çiçəklər
aldanışın rəsmidi,
Sənsiz hər söz dilimdə
ayrılığın ismidi,
Nə fərqi,səndən sonra
dumandımı,sisdimi?
Sən ki dönməyəcəksən...
Niyə unudursan?
Məni milyon dəfə aldadan olub,
Hələ aldatmadım bir aldananı.
Niyə unudursan yarpaqlar kimi
Sənin həsrətinlə solub yananı?
Elə dərdin kimi biləydin məni,
Hər gün ağrı kimi xatırlayaydın.
Xəyal guşəsində asıb şəklimi,
Azacıq könlünə yaxın sayaydın.
İndi nə günahım,nə suçum,danış?
Yağdımmı gözünün yağışlarında?
Xatırlat,hisslərin baharmı,ya qış,
Haldan-hala düşür baxışlarında?
Yenə dərdləşməyə "sən" axtarırsan,
Görmürsən içimdə sən var,əzizim.
Mənim saçlarımda dən axtarırsan,
Bəxtimin telində dən var,əzizim.
Məni milyon dəfə aldadan olub,
Hələ aldatmadım bir aldananı.
Niyə unudursan yarpaqlar kimi
Sənin həsrətinlə solub yananı?
Lerik