manera.az
manera.az

İyirmi dörd il ötdü - Vidadi Babanlı İsmayıl Şıxlıdan yazır

İyirmi dörd il ötdü - Vidadi Babanlı İsmayıl Şıxlıdan yazır
Bütöv şəxsiyyətin nəhəng dağa bənzəri var. Bu dağın özünəməxsus vüqarı, əzəməti yaxınlıqdan duyulmadığı kimi, həqiqi şəxsiyyətin də öz sağlığında qədir-qiyməti lazımınca bilinmir. Onu başqalarından fərqləndirən nadir insani keyfiyyətləri, zəngin mənəvi dünyası diqqətdən kənarda qalır. Buna səbəb, əlbəttə, ilk növbədə, bizim etinasızlığımız, ləyaqətli adamlarımıza laqeyd münasibətimizdir. Ən çox qəlbimizi içəridən qurdtək gəmirən ruhi aləmin güvəsi olan həsəd və paxıllıqdır!

İsmayıl Şıxlı bizim yüksək mənəviyyatlı, böyük daxili aləmi olan nadir ziyalılarımızdan idi. Təkrarolunmaz şəxsiyyət idi. Artıq iyirmi dörd ildir o, aramızda yoxdur. Vacib iclas və yığıncaqlardan, mühüm toplantılardan həqiqi kişilərə məxsus səsi gəlmir. Milli Məclisin taleyüklü məsələlər müzakirəsindən sanballı sözü, mülahizələri eşidilmir. Bəzi bəsit düşüncəli, kiçik mənəviyyatlı şəxslərə özünü aparmaqda, sözünün, danışığının yerini bilməkdə, davranış qaydalarında örnək olmaqda yeri necə də aydın görünür!

Mən, özümü tərif mənasında demirəm, bütün şüurlu həyatım boyu heç kəsin tale uğuruna, Tanrı qismətinə küsənməmişəm. Heç kimə heç nədə həsəd aparmamışam. Ancaq İsmayıl Şıxlıya münasibətim tamam başqa cür olub. Onun təmkininə, ekstremal vəziyyətlərdə, çox gərgin anlarda səbirli, soyuqqanlı hərəkətlərinə, müxtəlif təbiətli adamlarla dil tapmaq, ünsiyyət yaratmaq qabiliyyətinə açıq-açığına qibtə etmişəm.

İsmayılda irsi, əsil-nəsildən gəlmə bəyzadəlik var idi. Gözü, nəfsi tox idi. Əksər həmyaşıdları - qələm yoldaşları kimi, hər addımından, istər maddi, istərsə də mənəvi gəlir ummurdu. Hansısa adı, mükafatı almaqdan ötrü qapılarda gecələmirdi. Bu və ya başqa bir işi üçün vəzifəli şəxslərə tanış-bilişlərini xahiş-minnətə göndərmirdi. Halal haqqını tələb etməyi də özünə əskiklik sayırdı. Ona qarşı olmuş ədalətsizliyi dostlarına, qəlb yaxınlarına yüngül gileylə kifayətlənirdi.
İyirmi dörd il ötdü - Vidadi Babanlı İsmayıl Şıxlıdan yazır
Yetmişinci onilliyin əvvəlində (dəqiq tarixi yadımda deyil) İsmayılın "Dəli Kür" romanı Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edilmişdi. Əsəri mükafata layiq bilmədilər. Özgə səbəb tapmayıb, romanda bəyliyin idealizə edildiyini bəhanə gətirdilər. Ümumiyyətlə, o dövrlərdə əsərlərə mükafatlar yüksək bədii dəyərinə, sənətkarlıqla yazıldığına görə deyil, ayrı-ayrı münasibətlərə görə verilirdi. İndi hanı mükafat almış o əsərlər? Nə üçün bu gün onları heç kim oxumur, heç kəs xatırlamır? Axı necə xatırlasınlar? O əsərlər ölü doğulmuşdular.

Bəli, ədalətsiz dövrün haqsızlıqlarını biz az görmədik. Amma təsəllimizi ayrı şeylərdə tapdıq. Dəyərli əsərlərimiz xalqın məhəbbətini qazandı. Daima sevildi, əzizləndi, yaddaşlara həkk olundu. Onların mükafatını sənət qədrini bilənlər verdi. "Dəli Kür" kimi həqiqi sənət nümunələrimiz dünən də sevilə-sevilə oxundu, milyonların rəğbətini qazandı, ürəklərdə yaşadı, bu gün də eyni məhəbbətlə oxunur, qəlbləri fəth edir. Qəti əminəm ki, sabah da, lap neçə-neçə illər bundan sonra da eyni istəklə oxunacaq, könüllərdə yaşayacaq və müəllifini daima hörmətlə xatırladacaqdır.

İsmayıl Şıxlının başqa bir əziz yadigarı da yazı masamın üstündədir, vaxtaşırı götürüb vərəqləyirəm. Bu onun son əsəri "Ölən dünyam" romanıdır. Amansız xəstəlik imkan vermədi ki, onu sənətin bütün tələbləri və üstəgəl, öz yazıçı ciddiyyəti ilə işləsin. Gözlərinin görməməsi, əlinin qələm tutmaması üzündən, romanı diktə ilə həyat yoldaşı Ümidə xanıma cümlə-cümlə yazdırmışdır. Müəllifin kitaba ön sözündə qəlb ağrısı ilə oxuyuruq: "...yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətindən sonra bu qənaətə gəldik ki, mən əsəri diktə edim və həyat yoldaşım Ümidə Şıxlı onları yazıya köçürsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil başa çatdırdıq".

Bədii əsərin diktə ilə qələmə alınması hara, özün kağızla üz-üzə dayanıb hadisələri hiss-həyəcanlarınla, qəlb acıları və sevinclərinlə dönə-dönə pozub, daha təzə ifadələr, metaforalar tapmaq hara?! Bədii yazıda özünü ifadədə bunların fərqi ölçüsüz dərəcədə böyükdür. Əfsus ki, qələminin qüdrətinə, yaradıcı təxəyyülünün vüsətinə bələd olduğumuz İsmayıl həmin imkandan məhrum idi. Ancaq bununla belə, roman gərgin diqqət və intizarla oxunur. Yazıçının dolğun xarakterlər yaratmaq, obrazların psixoloji aləmini, danışıq tərzlərini fərdiləşdirmək, hadisələri düzgün seçib maraqla inkişaf etdirmək, həyat gerçəkliyinə heç nədə xələl gətirməmək bacarığı, fitri istedadı burada da aydın nəzərə çarpır, oxucularını əfsunlayır.

Eh, gidi dünya! Gör kimi torpaqlara qarışdırdın! Xalqın dar günündə ümid bəslədiyi, ağlına, qeyrətinə pənah gətirdiyi işıqlı bir beyin, haqq-ədalət üçün çırpınan alovlu bir ürək söndü. Ziyalılar zümrəsi, ədəbi ictimaiyyət daha bir güvəncini itirdi. İndi budur, böyük itkimizin iyirmi dörd ili tamam olur. Heç bilmədik həftələr, aylar, illər necə ötüşdü? Hər şey necə xatirəyə döndü? Vaxt vardı, cansıxıcı mühit, gərgin siyasi-ictimai hadisələr, bitib-tükənməyən məişət qayğıları qəlbimi ağır məngənə içində sıxanda, heç nə ilə ovuna, özümə yer tapa bilməyəndə zəng çalıb onu dənizkənarı parka - fəvvarələr tərəfə söhbətə çağırardım. Yaxud da o məni sakit axşamlarda "başmaq seyrinə" səsləyərdi. Sahil boyu var-gəl edə-edə narahat dünyamızdan, müşkülə düşmüş məsələlərdən danışardıq, məsləhətləşərdik. Ürəyimizi boşaldıb, bir-birimizə təskinlik verib yüngülləşər, xoş əhvalla ayrılıb evə qayıdardıq. İndi ürəyimi açmağa, dərdimi bölüşüb yüngülləşməyə söhbət yoldaşım yoxdur. Çox zaman xəyalımda İsmayılla söhbətlərimizi təkrarlayıram...

Hər nə isə, bu da bir Tanrı işidir, gərək dözməyi bacaraq. Müəyyən zamanlarda keçirdiyimiz ağrılı-acılı, məşəqqətli günlər arxada qalıb unudulacaq. Bu çətin illərin daimi yaddaşında qalıb unudulmayan, xatirələrdə zaman-zaman yaşayan isə zülmətləri işıqlandırmaq üçün ürəyini məşələ döndərmiş adamlarımız, böyük şəxsiyyətlərimiz qalacaq. O cümlədən də İsmayıl Şıxlı. Bu gün onun ölümündən iyirmi dörd il ötür. Doğrusu, bu yoxluğa inanmaq istəmirsən. Görməyə vərdiş etdiyimiz o ağayana tərpəniş, təmkinli, ağıllı davranış, bığaltı şirin təbəssüm yenə də gözlərimiz önündədir. Ölməz əsərləri ilə bərabər bütöv şəxsiyyəti onu həmişə yaşadacaq.

Hazırda İsmayıl Şıxlının 100 illiyi dövlət tərəfindən qeyd edilir. 100 il deyil, çox-çox sonralar da İsmayıl Şıxlı beləcə böyük rəğbətlə, məhəbbətlə xatırlanacaq. Allah ona qəni-qəni rəhmət eləsin!./edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031