manera.az
manera.az

Şaxta babaya gecikmiş məktub

Şaxta babaya gecikmiş məktub
Günel Natiq yazır...

Şaxta baba, yadındadı həmin o Yeni il gecəsi? Həmin gün atam evə gec gəldi. İlk dəfə idi ki Yeni il gecəsi atamız evə gec gəlirdi.

Həm də elə laqeydcə gəlmişdi ki, elə bil adi bir gündür, ya da belə bir gün heç mövcud olmayıb.

Adətən gün yarı olanda evimizdə hazırlıqlar başlardı, bayram süfrəsini qurduqdan sonra anam, bacım və mən Eldar Ryazanovun ilin son gününə həyəcan qatan sevimli filmlərini izləyərək atamızın yolunu gözləyərdik.

Atam bayramın ən ümidli yerində gəlib çıxardı. Və bizi yeni sevinclərə qonaq edərdi.

Atam elə bil Şaxta babamız idi, hədiyyələri çuvallara sığmırdı.

Ümidlər onunla tamamlanırdı. Yəni bizim ümidlərimiz.

Ilk dəfə idi ki, həmin o gün məyus olmuşduq və pərtliyimizi gizləyə bilmirdik.

Elə bil ailəcə bir-birimizə xəyanət etmişdik və bu günah artıq heç bir üzrlə yuyulmazdı.

Vaxt keçirdi, atam isə gecikirdi. Yolkanın işıqları daha bizə baxıb göz vurmurdu. Biz də gözümüzü yolkanın göz qamaşdıran işıqlarından çəkib bizi gözləyən adi günlərin boşluğuna baxırdıq.

Halbuki ilin son gününün təmiz, işıqlı nələrinsə başlancığı olduğuna sadəlövhcə inanmışdıq.

Yadındadı, Şaxta baba, o gün bütün möcüzələr içimizdə öldü? Və biz onilliklər boyu həmin möcüzələrin yolunu həyatımızın dar cığırlarına sala bilmədik.

O möcüzələr ki, illər keçdikcə, onlara daha çox ehtiyacımız vardı.

Yadındadı, Şaxta baba, yeni il günlərində məktəbdə kağız oyuncaqlar düzəldirdik. Yeni il günlərində bu, ən sevimli əyləncəmiz idi. Həmin o oyuncaqların şəkillərini gördüm bugünlərdə, içimdə nəsə qımıldandı, itmiş sevinclərimi xatırladım. Amma artıq gecdir. İndi həmin kağızlardan yenə nəsə quraşdıra bilərik, amma üstümüzə daha xəyallarımızın işığı düşən deyil.

Kiçik əllərimizə güc-qüvvə verən ümidlər acı gerçəkliyə uyub, daha yolu burdan keçən deyil. Elə bizim də xəyallarımızla yolumuz çoxdan ayrılıb. Çətin ki bir də qovuşaq.

Yadındadı, Şaxta baba, hər il uşaqlarla sənə məktub yazardıq. Mən uşaqların yanında yazmağa utanardım, evdə, gecə, hamı yatandan sonra gizlicə məktub yazardım, sonra o məktubları gizləyərdim.

Bu yaxınlarda köhnə kağız-kuğuzlara baxanda həmin məktublar əlimə keçdi. Təəssüflə oxudum. Düşündüm ki, həyat bizim kiçikliyimizdən, məsumluğumuzdan istifadə edib əslində bizi aldadırmış.

Əslində hər şey o qədər sadə idi ki. Əslində möcüzələr olmurmuş. Əslində hər şey bir anlıqmış. Bir anlıq.

Bu gerçəkliyi bir də illər sonra anladım. Möcüzə işıq kimi parlayıb söndü. Yenə çölün düzündə qaldıq. Yalınayaq, başıaçıq. Soyuq içimi titrədirdi, mən isə yaşamağın elə bu olduğunu anlayıb sığınmağa bir yer aramırdım da.

İnsan olmaq elə buymuş.

Həmin ilin Yeni il gecəsi mənim üçün pəncərələr önündə keçdi. Lopa qarlara baxa- baxa ağ gəlinliyimi düşünürdüm. O da beləcə günahsız, ləkəsiz idi. Düşündüm ki, qadın geyindiyi gəlinliklərin taleyini yaşayır bir az da.

Bəlkə mən də kiminsə taleyini yaşamışdım.

Hər kəsin həyatına qar ömründə bir dəfə yuxularda yağar, demişdi yazar. Həmin gəlinlik hər gənc qızın ömrünə bircə dəfə yuxularda yağan həmin o bəyaz yuxu idi...

Ən sevmədiyim mənzərə köhnəlmiş qarı seyr etməkdi. Elə bil insanın içində gizlətdikləri də üzə çıxır. Artıq ovunmağa bir şey qalmır. Həyat qovur səni reallığın ağır plantasiyalarına:

-Bəsdir çəhrayı nağıllara uydun. Sənin nağılın budur bax, rəngsiz taledir. Elə bilirsən kimsə rəngli tale yaşayır? Ay axmaq, rəng deyilən bir şey yoxdur axı həyatda. Rəngləri siz uydurmusuz. Ya da elə o cür gördüyünüzü iddia edirsiz. Şeirlər qoşursuz, nə bilim xəyalınızdakı rənglərdən ilham alıb sevinirsiz. İnsan neçə həyat yaşamalıdır ki, bu sadə həqiqəti başa düşsün?

Şaxta Baba, bəs rəngli yuxularımız necə olsun? Onlar da yalan idi? Biz isə rəngli yuxuların heç də hamının görə bilmədiyini, ancaq bizim görə bildiyimizə sevinirdik. Şair necə demişdi: “Allı-güllü yuxular görürəm”...O şair də aldanmışdı, hə, yüz faiz aldanmışdı.

Şaxta baba, necə yaşayaq indi o nəğmələrdən uzaq? Sevinclərimizi birtəhər yamaya bilərik, ümidlərimizi sarıya bilərik, amma o hislər bir daha olmayacaq.

Yenə hamıdan gizli sənə məktub yazıram. Neçə illərdən sonra ilk dəfədir yazıram. Mən ağlayıram, amma sən ağlama Şaxta baba, Şaxta babalar ağlamaz axı.

Eləcə bir neçə günlük möcüzəm ol yenə. Yenə başımızı sığallayıb bizi çəhrayı nağıllara inandır.

Yenə de ki hər şey gözəl olacaq.

Sən de, mən inanacam yenə, Şaxta baba...

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930