Üzü kitabsızlar... - TALEH EMİNOĞLU yazır | MANERA.AZ
![]()
TALEH EMİNOĞLU
Son zamanlar çalışıram ki, üzündə kitab izi olan insanlarla ünsiyyət quram. Amma bu olduqca çətindi. Səbəb isə bu məmləkətdə elə insanların azlığıdı. Onların əvəzinə isə üzlərində bayağılıq, şitlik, cahillik və dünyanın ən iyrənc izləri olan insanlar kütləvilik təşkil edir. Vəziyyət o qədər acınacaqlıdır ki, artıq üzündə hərf izi olan insan görəndə sevinirəm.
Bu yaxınlarda sosial şəbəkədə Şahbaz Xuduoğlunun bir çağrısı ilə qarşılaşdım. "Qanun" nəşrlər evinin endirimli kitab yarmarkasında könüllü gənclərə ehtiyac duyulurdu. Həm yardım etmək, həm də müşahidə apara bilmək arzusuyla Şahbaz bəylə əlaqə saxlayıb səhəri gün yarmarka olan yerə yollandım. Yarmarka boyunca qarşılaşacağım mənzərəni xəyal edə bilməzdim. Düşünməzdim ki, bu məmləkətin insanlarında kitaba qarşı bu qədər aqressiya var. Kitablara yaxınlaşanlar ya kimisə gözləyirdi və burada bir-iki kitab vərəqləməklə vaxt öldürürdü, ya da ətrafda özlərinə qarşı "ağıllı" görünüşü yaratmağa çalışırdılar. Kitabın o tərəf-bu tərəfənə baxıb vərəqlərinə göz ucu nəzər salan bu "çoxbilmişlər" dodaqaltda nəsə mızıldanıb uzaqlaşırdılar. Bu qədər kitabdan qaçan insanın içərisində azda olsa üzündə kitab izi olanlarda vardı. Və mən qəribə bir şeyi müşahidə etdim ki, kitab oxuyan insanlar bu məmləkətdə o qədər azdı ki, onları hətta yerişlərindən belə tanımaq olar. Bacardığımız qədər kitabsevər insanları qorumaq lazımdı. Çünki cahillər kütləsi dayanmadan öz sıralarını genişləndirməkdədi.
Yarmarka müddətində bu məmləkətin insanlarının əslində kitabdan qorxduğunu anladım. Gənc bir oğlan Murakaminin "Norveç meşəsi" romanını almaq istəyirdi. Amma yanındakı "dostlarının" "səndə alim oldun", "kitab aldın eynəkdə al" və.s sözlərindən bezib kitabı götürdüyü yerə qoydu. Hələ bu harasırdır ki? Hələ mən sizə qızına Elif Şafakın "Eşq" romanını almağa imkan verməyən anadan danışmamışam. Mən o anaya başa sala bilmədim ki, romandakı sevgi onun anladığı sevgidən deyil. Lap elə tutaq ki, iki cins arasındakı sevgidən söhbət açılır. Axı nə olsun? Sevgi bu qədərmi təhlükəlidir? Qızının yanında bayağı seriallara, Mikayılın "Sevimli şousuna" baxan bu ana sadəcə qızını özünə bənzətməyə çalışır. O ana yaxşı bilir ki, bu qara məmləkətdə əli kitablı qızları sevən, evində gəlin görmək istəyən yoxdu. İstər gənclərin, istərsə də ananın situasiyasında tək səbəb insanların kitaba olan qorxusudu. Qorxunun yaranma səbəbləri isə başqa bir yazının mövzusudur. Kitab insanı xoşbəxt etmək gücünə sahibdi. Amma bu bir az çətin yoldu. Onlar isə daha asan yolu seçiblər - bazar ertələri televizorlarının kanalını Mikayılın verilişinə çevirib bayağı musiqiyə qulaq asmaqla, qol qaldırıb oynamaqla. Bu onlar üçün əsl xoşbəxtlikdi. Bizim (üzündə kitab izi olanlar) onlara "cahil" baxdığımız kimi onlarda bizə "dəli" kimi baxırlar. Biz onlar üçün zəmanənin nəbzini tuta bilməyən, "qaz vurub qazan doldurmağı" bacarmayan, əli kitablı, gözü eynəkli varlıqlarıq. Yarmarka zamanı stendin önündən keçənlər elə bu səbəbdən bizə "dəli" kimi baxırdılar və mən özümü cırtdanlar diyarına düşmüş Qulliver kimi hiss edirdim.
P.S. Siz də buyurub hər həftənin beşinci, altıncı və bazar günləri Nərimanov parkında endirimli kitab yarmarkasına gəlib kitab alaraq özünüzü cırtdanlar diyarına düşmüş Qulliver kimi hiss edə bilərsiz.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.