manera.az
manera.az

“Yanına üzüqara qayıtmaq istəmirəm ” – ANAMA MƏKTUB | MANERA.AZ

“Yanına üzüqara qayıtmaq istəmirəm ” – ANAMA MƏKTUB | MANERA.AZ
Salam, Ana!

Yenə sənə xəstəxana palatasından yazıram... Elə sonuncu məktubumu da hərbi hospitaldan yazmışdım...Yadımdadır, poçtalyon hər həftə mənə sənin məktublarını gətirirdi. Mən əli qurumuş sənə yazmışdım ki, ciyərimə su yığılıb. Çiyərimdən çəkilən suyun yeri qurumamış sənin məktubun qaranəfəs özünü yetirdi... O gündən sənin məktubların həftəlik qəzetə döndü.

Bilirəm, bu məktuba heç vaxt cavab yaza bilməyəcəksən və mən də o məktubu bir neçə dəfə oxuyandan sonra balıncımın altına qoya bilməyəcəyəm... Sən heç vaxt belə eləməzdin axı. Heç vaxt! Mən sənin gözünü çox yolda qoymuşam, sənsə həmişə mən baxan yolda olmusan, və gözüm sən sarıdan həmişə arxayın olub.

İndi təkcə gəlməyən sənsən...Hər cümlənin sonunda dayanıb nəfəs dərirəm, ürəyim yaman zəifləyib.

Sən gedəli on il oldu. Bu on ildə çox şeylər oldu, o qədər çox ki, hamısını yazsam, on məktuba sığmaz. Səndən sonra mən kənddə yaşaya bilmədim, bilirsən niyə? Çünki sənsiz o mühit mənə olduqca yad idi. Ayıq başla o kənddə baş saxlamaq mümkünsüz idi.

İndinin özündə də doğulduğum kənddə mənim nə işlə məşğul olduğumu bilən yoxdur. Bu yaxınlarda sənin ziyarətinə gələndə kəndə düşdüm. Orta məktəbdə bir sinifdə oxuduğum Zaur məni görüb nə desə yaxşıdı?

- Qardaş, türmə sənə düşüb amma! Nə vaxt çıxmısan?

Mən də dedim beş-on gündü...

Dedi həmişə evində-eşiyində!

Bir tin aralanmamış Əvəzi gördüm. Məni görcək qayıdasan ki, brat, xoş gəlmisən! Oralarda vəziyyət yaxşı deyil deyəsən. Qara milləti yenə incidirlər?

Adam elə bilirmiş ki, mən bir neçə ildi Rusiya bazarlarında alverlə məşğulam...

Dedim elə də pis deyil. Sakit dolansan, heç kimin sənnən işi yoxdu.

Bildim ki, bu kəndin nəfsi quduzdu.

Beləliklə, məni torpağa yem edəcək. Çürüyürdüm orda, ana. Canımı belə asanlıqla təslim edə bilməzdim. Sən məni buna görə heç vaxt bağışlamazdın! Mən kənddən çıxanda cibimdə bir ovuc xırda pul vardı. Vəssalam! Həyatda “mənimdir” deyə biləcəyim bir şey yox idi.

Və şəhərdə həyat mənim üzümə güldü. Yaxşı dostlar qazandım, yazılarım ayaqda qalmağıma vəsilə oldu. Kitablarım çıxdı, özünü öymək olmasın, babat tanındım.
Vallah, inanıram ki, sən bu məktubu oxuyacaqsan. Ana, indi də xəstəlik mənimlə zarafat edir. Bircə hərfin əlində aciz qalmışam – C hərfinin!

Sən seyid qızısan, dualarını məndən əsirgəmə. And olsun ruhuna ki, ölümdən zərrə qədər qorxum yoxdu. Amma yanına üzüqara qayıtmaq istəmirəm. Gərək gələndə də yerimə adam qoyub gəlim. Yerimiz boş qalmasın!..

Kənan Hacı,
1 saylı Şəhər Klinik Xəstəxanası
VII korpus, 9-cu palata

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031