manera.az
manera.az

Fuad Cəfərli: "Tanrı olmağıma bir addım qalıb" - MÜSAHİBƏ | MANERA.AZ

Fuad Cəfərli: "Tanrı olmağıma bir addım qalıb" - MÜSAHİBƏ | MANERA.AZ
manera.az
Müsahibim gənc şair Fuad Cəfərlidir.

Fuad, sual vermək çətindi ya cavab?

- Əslində sual varsa, cavab da var. Çətin var olanı tapmaqdı.

Nə idi sevgi?

- Sevgi gecənin bir yarsında oyanıb saatı qova-qova səhərin həsrətini çəkmək idi.

Onda ən sevdiyin cəhət?

- Dürüstlük.

Bir zaman orda adamlar yaşayırdı. Bəs indi?

- Çoxdandı oradan çıxanam, bilmirəm...

Yenə hər gün odu?


- Şeirlərimdə hə.

Tanrım mən sən olmaq istəmirəm,
Sadəcə ruhları görmək istəyirəm sənin kimi.
Tanrım mən sən olmaq istəmirəm,
Sadəcə xoşbəxt olmaq istyirəm sənin kimi, əgər xoşbəxtsənsə..


Səncə, Tanrı xoşbəxtdir?

- Ümid edirəm, hə.

Fuad deyir ki, “bir zaman şairlər qadınları vətən qədər sevirdilər”. Bəs indi?

- O poetik fikir idi. Hə, indi də var (gülür)

Bu şəhərdən niyə bu qədər gileylisən?

- Bu şəhərdə sevinc yarımçıq, gülüş itkin
Bu şəhərdə həsrət bitkin, kədər bitkin…

Həyat filmdəki kimi olsaydı nə dəyişərdi?

- Yəqin ki, onda filmlər olmazdı. Amma mən həyatın hər anını sevirəm Ona görə də, insanlara həyata toxunmamağı təklif edirəm.

Elçi göndərsən yaz gələr sənə?

- Göndərdim, amma hələ bir xəbər yoxdu…

O çətiri ala bildinmi?

- Yox hələ.

“Üç günlük sevgilərə salam olsun”... Bu kitabına görə tənqid olunmusan?

- Yox.

Ədəbiyyatımızda nə azdır?

- Məncə, səmimiyyət.

Tənqidə münasibətin?

- Gözəl. Əgər haqlıdırsa.

Deyirsən ki, bəziləri 1937-də doğulsaydı Respublikada adam qalmazdı sürgün olunmamış. Kimdi o bəziləri?

- Yalnız öz mənafeyini güdən, hətta düşmənlə belə sövdələşməyə girən çirkin insanlardı.

İnsanı cəmiyyət formalaşdırır ya..?


- Fəlsəfə dərsi yadıma düşdü. İlk dərs idi. Müəllim fələsəfə fənni ilə bizi tanış edirdi. Müəllim fəlsəfə sözü qədim yunan sözü olub “fila” və “sofiya” sözlərindən törədiyini dedi. Mənası isə müdrikliyi sevirəm deməkdir. Mən də bu vaxt “insan müdrik doğulur ya sonradan müdrikləşir?” sualını verdim. Müəllimsə bu sualın cavabını sinfə seminar olaraq verdi. Şagirdlər əlbəttəki narazı qaldı. Cəmiyyət tərəfindən formalaşan insanlar sonradan cəmiyyəti formalaşdırır.

Bu qədər tənha olmaqmı olar?
Tanrı olmağıma bir addım qalıb.
Sanki yer üzünün yalnızlıqları,
Yolunu ruhumdan canımdan salıb...


Fuad, xoşbəxt olmaq üçün nə çatışmır?

- Cəhd!

“Görüşə gedəni var, görüşdən gələni var” mahnısını sevirsən deyəsən. Sözlər sənə hansısa günü xatırladır?

- “Dünya köhnə dünyadı” mahnısındandı. Hə, xoşbəxt bir günü xatırladır.

Ruhunun geyimindən razısan?

- Razıyam.

Manera.az a sözün?

- Yolunuzda uğurlar və uğurlar...



Gələn Payız

Bağışla, məni ana bağışla,
Yenə payız küçəmizi salamladı yağışla.
Yenə mən sənə çətir ala bilmədim,
Bağışla məni ana bağışla.
Gec gəlib, tez gedən fəsilə payız deyilir,
Çətir ala bilənlər çölündə,
Ala bilməyənlər hər yağış damcısında içində əyilir
Hər əyildikcə inşallah gələn payız, gələn payız deyir.
Mən bitdim, bu payızlarsa bitmədi...
Hər gələn payız, gələn payız dedim.
Bu payız birtəhər keçir ana,
Gələn payız çətir alaram dedim.
Ovuc boyda otaqda
Özümə də, sənə də dünya boyda ümid verdim.
Yenə yenildim, yenə evə çətirsiz gəldim.
Bağışla məni ana, bağışla.
Sürətim yox qaçıb keçəm,
Qanadım yox uçub keçəm,
Nə olardı bir səfərində,
Bu payızların birini keçəm?!
Anama yaraşan, anamı qoruyan bir çətir seçəm.
Tutacağı anamın əlləri kimi yumuşaq,
Dirəyi, qüruru kimi möhkəm,
Örpəyi, üzü kimi ağ olsun.
Və nəhayət, anam çətirli anaların sırasında dursun.
İnşallah gələn payız anam, gələn payız…



Söhbətləşdi: Çinarə Ömray
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31