Rəhmətə - atanın yanına getmək | MANERA.AZ
Çinarə Ömray
(hekayə)
Həyat uzun və qaranlıq yol kimidi... getdikcə aydınlaşır, yaşadıqca böyüyür. Gözlərində qəribə bir soyuqluq var idi o qızın. Gözlərindəki soyuqluğa görə mən həmişə o qızdan qorxurdum. O gözlərin sahibi adamı doğrayar, bir kərə də olsun “of” deməzdi. Nə qədər özünü başqa cür göstərməyə çalışsa da, gözlərinin dərinliyinə baxanda bəlli olurdu hər şey.Çatılmış iri qaşlarının arasında dərin kədər yarğanının yeri görünürdü həmişə. Sanki bütün hissləri vəhşicəsinə öldürmüş, öldürməklə də sakitləşməyib, doğrayıb o gözlərin dərinliyində dəfn etmişdilər arzularını…
Yalandan da olsa həmişə şux görünməyə çalışırdı. Gülüşlərində qəribə bir qəddarlıq, kin var idi. Nədənsə mən o qızın nə gülüşünə, nə də baxışına isinə bilmirdim heç vaxt. Onu heç vaxt ağlayan da görməmişdim. Ətrafımda bu qədər insan olmasına baxmayaraq, hər zaman o qız məni düşündürür, məchul bir xəyallar aləminə qərq olurdum. Çox zaman özümə onun haqqında bu cür suallar verirdim:”Görəsən o hansı təsirli məqamda ağlaya bilər?” Gözəlliyi, şən-şux zarafatları ilə hər zaman ətrafı özünə cəlb edə bilirdi. Məktəbdə onu sevməyən, ona məktub göndərməyən oğlan demək olar ki, yox idi. Ona gələn bir neçə məktubu da özüm oxuyub cırmışdım. Gözəlliyi gözlərinin dil açıb demək istədiyini ört basdır edirdi. Hələ bir dəfə də ailəsiylə maraqlandım...
Bu qızda nəsə var idi. 15-16 yaşlı bir qızın baxışları deyildi bu baxışlar , bu baxışlar sanki illərin acısını yaşamış, həyata nifrətlə baxan hamıya acı-acı gülümsəyən ruhu canında qarıyan qoca bir qadının baxışı idi. Bu qız cismən 16 yaşında olsa da,taleyi çoxdan qocalmışdı.Heç davranışları da yaşına uyğun deyildi. Müdirə xanım dəfələrlə onu dərsdən qaçıb ayrı-ayrı oğlanlarla görüşən, söhbət edən yerdə qolundan tutub güclə sinifə gətirmişdi.
Ailədə anası, özü və özündən böyük iki qardaşının olduğunu da bilirdim. Anası minbir zəhmətə qatlaşıb gecə-gündüz işləyir, övladları üçün yaşayırdı. Sonra qardaşlarını tanıdım. Biri bizim məktəbin məzunlarından idi; o biri də bu il məzun olacaqdı. Yox, onlar tam normal uşaqlar idi. Axı bu qızda qeyri-adi nə var idi belə? Bir gün növbəti dərslərin birində şagirdlərə evə sərbəst yazı işi verdim. Mövzu “Valideyinlərim”idi. Mən bu mövzunu o daş kimi soyuq gözlərin sahibi üçün qoymuşdum əslində. Dərslərindən zəif olan, məşğələlərə əhmiyətsiz yanaşan bu qız bu dəfə dəftərə nəsə yazıb gətirmişdi. Həmin gün bütün varlığımla evə tez getməyə və onun yazısını oxumağa tələsirdim. İçimdəki qəribə bir hiss mənə deyirdi ki, o gözlərin sirri bu yazıdadır.
Artıq dərs bitib mən isə evə tələsirəm. Müdriə xanım yenə məni saxlayıb şikayət edir. “Sevda müəllimə, sizin sinifdəki o qızı, Gözəli deyirəm. Yenə dərs zamanı “11b”-nin oğlanlarından biriylə məktəbin arxasında söhbət edən tutmuşam. Adam da utanmaq deyilən bir şey yoxdu. Dik gözümün içinə baxıb “pis iş görmürəm ki” deyir. Onun aləmində bu yaxşı hərəkətdi. Belə olmaz vallah. O qız haqqında ciddi tədbir görmək lazımdır. Mən onu məktəbdən uzaqlaşdırmağı düşünürəm. Digər uşaqlara pis nümunədir. Onun valideynini çağırın sözümüzü deyək. Belə olmaz daha, onun gələcəyi yoxdu bu gedişlə.”.
Biz bir az danışdıqdan sonra mən sağollaşıb evə gedəsi oldum. Dayanacağa çatmışdım ki, Gözəlin sərbəst mövzuda işlədiyi yazı yadıma düşdü. Sinifdə unutmuşdum hər şeyi. Əslində bizim dərsimiz gələn həftə idi. Amma mən onu bu gün oxumaq istəyirdim, yenidən gəldiyim yolu qayıdıb,məktəbdən o yazıları götürüb döndüm evə. Evə çatar-çatmaz Gözəlin yazısını tapıb oxumağa başladım. Deməli yazı belə başlayır:
“Valideynlərim!
- Mən bu günə kimi “valideynim” sözünə alışmışam. Heç vaxt bu sözün sonunda “lər” şəkilçisi artırmamışam. Çünki mənim bir tək anam var. O da nə üçün var onu heç özüm də bilmirəm. Deyirlər ana dostdu, qızın rəfiqəsidir, sirdaşıdır. Həyatla bağlı deyilənlər kimi, bu da yalandı. Bizdə anam sadəcə səhər işə çıxıb, axşam evin çatışmamazlıqlarını alıb evə qayıdan, evi yığışdırıb, sonra yatıb sabah yenidən eyni iş görən və bizlə bir evdə yaşayan adi biridir mənim üçün. Hə, birdə iki qardaşım var. Biri böyük, digəri ondan bi raz kiçik. Onların da evdəki funksiyası qışqırıb bağırmaqdan, qızlarla danışmaqdan, hərdən də məni döyməkdən ibarətdir. Bir də anama “filan şeyi niyə almamısan” deməkdən. Bu qədər. Hə, bir də az qalmışdı unudam. Atam da olub deyirlər. Amma indi yoxdu.!
Bu qızın bu qədər eqaist və etinasız yazısı məni həddindən artıq özümdən çıxartmışdı. Adam öz doğma anasına bu qədərmi soyuq olar yəni? Ata haqqında bu qədərmi düşüncəyə sahib olar yəni? Durub onların evinə getmək, o qızın üzünə baxıb var gücümlə bir sillə vurmaq istəyirdim. “Ya səbir!”- deyib yatdım. Sabah sinifə gedəndə onunla üz-üzə gəldim . Hər zamanki kimi danışıb gülməyindən qalmırdı yenə.Bu qədər tərbiyyəsiz olmaqmı olar?
- Gözəl, bir dəqiqə olar səni?
- Eşidirəm, müəllimə!
- Yazını oxudum.
- İkinizi də yazdınızmı sonunda - deyib gülürdü.
- Mən səninlə ciddi danışıram. Müdirə xanım səni məktəbdən uzaqlaşdırmaq istəyir. Yəqin ki, elədiklərinin yalnış olduğunu özün də bilirsən. Başqa uşaqlara pis nümunəsən.
- Mən ondan üzür istədim. Bir də təkrarlanmıyacaq dedim. Mən məktəbdən çıxıb o evdə oturmaq istəmirəm.
- Bax, Gözəl, yazında da səsinin tonundakı soyuqluq hiss olunurdu. Adam anasına bu qədər laqeyd yanaşa, ucuz qiymət verə bilməz! Dünəndən özümə gələ bilməmişəm. Səni kim bu qədər incidib bilmirəm, amma sən düz etmirsən, qızım. Mən bu yazını sənə geri qaytarıram. Al bunu, yenidən yaz! Yazına sevgi qat bir az. Məktəblərarası yazı müsabiqəsi var. Sən bu yazını düzəlt müsabiqəyə verək. Yer tutsan müdirə xanım da fikrindən daşınacaq yəqinki. Mən inanıram ki, sən bunu bacaracaqsan.
- Məncə boşuna inanırsınız mənə,müəllimə.
- Məncə yox. Sən müsabiqə xatirinə yazma. Valideyn nə deməkdir sənin üçün. Bu söz sənin üçün nəyi ifadə edir, onu yaz gətir.Əgər dediklərimi etsən,qəlbdən gələn kimi yaza bilsən inanıram müsabiqə də uğur qazanacaqsan.
- Yaxşı, yazaram, müəllimə. Bu gün ilk dəfə idi ki, dərs zamanı fikirli görmüşdüm Gözəli.
...Sabahı mənə yazını Gözəlin rəfiqəsi gətirdi. Gözəl dərsə gəlməyib dedi. Evə çatar çatmaz yazını oxuyuram:
“Valideynlərim!
- Mən bu günə kimi “valideynim” sözünə alışmışam. Heç vaxt bu sözün sonunda “lər” şəkilçisi artırmamışam. Çünki mənim bir tək anam var. O da nə üçün var onu heç özüm də bilmirəm. Deyirlər ana dostdu, qızın rəfiqəsidir, sirdaşıdır. Həyatla bağlı deyilənlər kimi, bu da yalandı. Bizdə anam sadəcə səhər işə çıxıb, axşam evin çatışmamazlıqlarını alıb evə qayıdan, evi yığışdırıb, sonra yatıb sabah yenidən eyni iş görən və bizlə bir evdə yaşayan adi biridir mənim üçün. Hə, birdə iki qardaşım var. Biri böyük, digəri ondan bi raz kiçik. Onların da evdəki funksiyası qışqırıb bağırmaqdan, qızlarla danışmaqdan, hərdən də məni döyməkdən ibarətdir. Bir də anama “filan şeyi niyə almamısan” deməkdən. Bu qədər. Hə, bir də az qalmışdı unudam. Atam da olub deyirlər. Amma indi yoxdu! Atam rəhmətə gedəndə mən uşaq idim. Üç yaşım olardı. Atamdan xatırladığım bir cüt ayaqqabıdır, vəssalam. Biz anamla metrodan çıxıb şəhər xalamgilə gedirdik. Qarşıda yolun qırağında çoxlu adamlar yığışmışdılar. Uzaqdan da olsa ortada da kiminsə uzandığın gördüm, ağ mələfə ilə də üstünü də örtmuşdülər. Polislər yaxına heç kimi qoymurdu, biz də anamla bir az qabağa gedib, üstü ötülmüş adama dayanıb baxdıq, anam dediki kimsə ölüb. Gəl gedək. Uzanan adamın yanında atamın ayaqqabları var idi. Mən anama dedim ki, ana, bax, atamın ayaqablarına! Polis əmi eşitdi mənim anama dediklərimi. Hamı dönüb bizə baxdı. Sonra polis anama dediki gəl yaxına, bəlkə tanıdınız? Anam məni də götürüb, ordan uzaqlaşdı. Daha bir də atamın ayaqqablarına baxa bilmədik.Sonra biz nənəmgilə getdik. Anam əmimə nəisə dedi, onlar hamsı yığılıb harasa getdilər. Mən də nənəmə dedim ki, atam ayaqqablarını soyunub metronun yanına qoyub. Sonra nənəmgil boğuq bir səslə qışqırıb, ağlamağa başladılar.Onda sonra nənəm hər gün ağı deyib ağlıyırdı. Həmişə düşünürdüm ki, yəqin nənəm atama əsəbləşdiyindən qışqırırki, niyə ayaqqabısın soyunub,yolun ortasında qoyub. Hərdən anam da mənə qışqırır buna görə. Deyir, ayaqqabını soyunub qoyma heç yerdə. Mən o vaxt elə bilirdim ki, atam nənəmin qorxusundan evə gəlmir. Nənəm hər gün necə qışqırırdısa… Atam qorxurdu gəlməyə. Ayaqqabısın da anam götürmədi heç. O gündən sonra atam evə gəlmədi. Küsdü bizdəm atam. Bir müddət nənəmgildə qaldıq. Hər gün nənəmgilə çoxlu adamlar gəlirdi,adamlar gələn kimi mən tez çölə çıxıb ayaqqablara baxırdım. Birdən atamın o bir cüt qara ayaqqabısı onların arasında olar. Gələnlər hamısı məni qucaqlayıb öpür, sonra da ağlayırdılar. Anamdan acığım gəlirdi. Atam onun üzündən gələ bilmirdi evə. Anam atamın o bir cüt ayaqqabısını metronun yanında görəndə götürsəydi, nənəm də bu qədər hirslənməzdi atama. Anam məni atasız qoymuşdu, küsmüşdüm anamdan. Bir dəfə qardaşıma dedim ki, gəl gedək metronun yanına. Atamın ayaqqabıların ordan götürüb gələk. Qaqa, sən bilmirsən e, atam ona görə gəlmir evə. Ayaqqabısın gətirsək gələr. Qaqam da dedi ki, atamız yoxdu ta! Rəhmətə gedib. Həmin gün anacaq fikirləşirdim ki, atam ayaqyalın necə gedib rəhmətə? Birdən rəhmətdə ayağına şüşə batar e atamın. Amma onun ayağına şüşə də batsa da, o ağlamaz bilirəm ki!Çünki o gülməyi,şənlənməyi öyrədirdi həmişə bizə. O gündən sonra ancaq atamı gözləyirəm. Bir dəfə əmimə dedim:
- Əmi, rəhmət çox uzaqdı?
- Nə rəhmət, qızım?
- Qaqam deyir ki, atam rəhmətə gedib. Bəs nə vaxt gələcəy e? - O gəlməyəcək, biz nə vaxtsa onun yanına gedəcəyik, həm də hamımız. - Mən tez getmək istəyirəm, əmi. Atamın ayaqqabların tapan kimi sənə deyəcəm məni apararsan rəhmətə. Atam ayaqyalındı axı orda. Əmim məni qucaqlayıb kövrəldi. Bir gün də nənəm və əmim bizi yığıb öz evimizə gətirirdilər. Yolda maşını saxladı əmim. Mən tez qışqırdım ki, bax atamın ayaqqabları burda idi. Düz burda. Nənəm həmən yerdə oturub ağladı xısın-xısın ağladı, sonra öpdü o yeri. Kimsə götürmüşdü, yox idi ayaqqablar. Gül düzdük ora.. Uşaqlığım belə keçib mənim. O bir cüt ayaqqabını axtara-axtara. O ayaqqabını tapan kimi atama aparacaqam geyinib evimizə gəlsin. Sonralar anladım ki, o rəhmət deyilən yerə gedənlər bir də geri qayıtmırlar, anladım ki, nənəm ayaqqabının itməyinə yox, oğlunun itdiyi üçün elə yana-yana ağlayırmış. Anladım ki, anam atamı heç istəmirmiş. Yoxsa onu o halda orda tək buraxmazdı. Anladım ki, həyat heç kimin göz yaşına dəyməyəcək qədər əcalaf imiş. Atamdan xatırladığım bir cüt qara ayaqqabı, üzündəki təbəssüm, bir də qollarındakı rahatlıqdı, vəssalam. O rahatlıq məni bütün qollara dartdı, heç kimin qolunda tapa bilmirəm o rahatlığı. Sevdiyim bütün oğlanlardan da məni bir dəfə qucaqlamalarından sonra ayrılıram. Ən böyük arzum bir gün öz gücümə, öz pulumla o bir cüt ayaqqabını alıb, elə həmin gün də rəhmətə - atamın yanına getməkdi!”
Mən bu yazını göz yaşları içində oxudum. Yazının hərf səhflərini düzəltdib həmən müsabiqəyə göndərdim. Səhəri sinifə gələndə Gözələ heç nəyi bildirməməyə çalışdım. Artıq bir neçə gün keçmişdi. Müsabiqənin qalibləri bəlli olmuşdu. Müdirə xanım məni yanına çağırıb dedi:
-Heç gözləmədiyim bir şey baş verib. Maarifdən məni çağırıb, bizim məktəbdən Gözəl Yusifzadə adlı bir şagirdin yazısının 1-ci yerə çıxdığını bildirdilər. Həm mənə, həm də Gözəl Yusifzadəyə təşəkkürnamə yazdılar. Gözəlin qazandığı hədiyyə ilə yanaşı, bir də kanvertdə həvəsləndirici pul mükafatı da veriblər.
Bu həqiqətən də məni çox sevindirmişdi.
Tez Gözəli çağırdım, sinif yoldaşları ilə birlikdə onu təbrik etdik. Qız inanmırdı. Mənə yaxılaşıb soruşdu:
- Bəs bu pul nədi?
- Bu sənin öz əməyinin bəhrəsidi, qızım. İlk halal qazancındı. Təbrik edirəm səni!
- Çox sağ olun, müəllimə. Sinifdə hamı Gözəli təbrik edirdi. Gözəl isə həmişəki kimi soyuq gülüşləri ilə sinfi ələ almışdı. Səhəri dərsə gələndə tam fərqli bir mənzərə ilə qarşılaşdım. Dünənki haylı-küylü sinif bu gün yas içində idi. Nə olduğunu soruşdum heç kim dinmir, hamı ağlayırdı. Gözlərim Gözəli axtardı, görüm bu ağlaya bilməyən qız da ağlayırmı? Nə olub axı? Kim deməsə də o deyəcəkdi həqiqəti. Amma gözümə dəymədi. - Uşaqlar, nə olub axı? Biriniz bir cavab verməyəcəksiniz?
- Müəllimə, dünən axşam Gözəl intihar edib.
- Nəə? Necə yənii?!
- Biz də bilmirik. Dünən metronun çıxışında qucağında bir cüt ayaqqabı olan qız meyidi aşkar ediblər. Bizim Gözəl olub o. Dərman içib, elə orda da rəhmətə gedib...
Manera.az