manera.az
manera.az

Sənli xatirələr ocaq yeridir - Şeirlər | MANERA.AZ

Sənli xatirələr ocaq yeridir - Şeirlər | MANERA.AZ
Manera.az Müşviq Cəbinin şeirlərini təqdim edir:

***
Bütün yaxınlara yaxın gedəsən,
Uzaqdan baxasan uzaqlarına.
Hardasa mən səni qoyub gəlmişəm,
Gəl gedək mənimlə o çağlarına.

Gedək qarşılayaq öz-özümüzü,
Soyunaq bu yerdə tər üzümüzü.
Bir təhər aparıb bu ömrümüzü,
Asaq bir ağacın budaqlarından.

Sanasan bu ömrü yuxu,gedəsən,
Ayılıb özündən qorxub gedəsən,
Qəfil bir səs gələ çıxıb gedəsən
Xəbərin olmaya ayaqlarından..!

***
Sənli xatirələr ocaq yeridir,
Getsəm,üşümərəm qışa bu gündən.
Ömrümə gözucu bir hasar çəkin,
Tutun taleyimi daşa bu gündən.

Nə bir toy tutmuşam ,nə toyum olub,
Səndən gizləmək də bir oyun olub.
İlahi,ölümlə qol-boyun olub,
Gəlirəm yanına qoşa bu gündən.

Mən səndən yapışım,sən məndən asıl,
Qoy bizə tutsunlar indidən yası.
Girib ürəyimə sinəmdən asıl,
Ya da dön gözümdə yaşa bu gündən.

Sındır saçlarını et çilik-çilik,
Sonra da gözünü yollarıma tik.
Mən çıxıb gedirəm səndən ömürlük
Sən də get bir yolluq yaşa bu gündən..!

***

Hardasa sevgidən pıçıldayasan,
Toxuna bir qızın qulaqlarına.
Qəfil pəncərədən bir göz boylana
Apara səni də o çağlarına.

Diksinib səsinə qaçıb gedəsən,
Görəsən qapıda bir kimsə yoxdu.
Elə tək-tənhasan bu evciyində
Özündən savayı özgə də yoxdu.

Gəlib qabağından bir kölgə ötə,
Gizlicə düşəsən onun izinə.
Gedəsən,bu yollar apara səni,
Bir də dönməyəsən geri özünə.

***

Necə gəldi ömrü yaşaya insan
Doğula bir səhər,bir səhər ölə
Oyanıb qəribə nə görürsən ki,
Min bir səhərdəndi bu səhər elə.

Götürüb atarsan çölə özünü,
Görüb tanımazsan hələ özünü,
Ala da bilməzsən ələ özünü
Axtarıb düşməsəm bir səhər ələ.

Sən vaxtı ötəsən,vaxt səni ötə,
Beləcə bir ömür əriyib itə
Görərsən ölmüşəm təkcə bu evdə,
Boylanıb ağlarsan bir səhər çölə..!

***

Ölüm səndən ötrü, dirilməyim heç,
Hələ ölməmişdən məni, sağ ağla.
Bilirəm getdiyim yol uzaqdır,
Yuxuya getməmiş yolumu bağla.

Gözümü bağlama, yuxu görməyim,
Bu yuxu yaxına aparmaz məni.
Bir cicək cildində, gül görkəmində,
Bir kimsə yaxana aparmaz məni.

Qara gecələrin, qara adamı,
Gordüyün, gəzdiyin bu ağ şəhərdir.
Bəsdir, gözlərində daşıdın məni,
Mən sənin yuxunam, oyan, səhərdir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031