manera.az
manera.az

Payız qızının nağılı

Payız qızının nağılı
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda izdiham yaşanırdı. Kitab təqdimatlarını belə izdihamlı görəndə adamın yaşamaq həvəsi artır. Biz hələ oxucularımızı tam itirməmişik, deyə düşünürsən. Dəstə-dəstə pillələri qalxan insanlar “Şahanənin nağılı”nı dinləməyə gəlirdilər.

Şahanə Müşfiqin kitabının birinci təqdimatına müəyyən səbəbdən qatıla bilməmişdim, ikinci təqdimata isə gecikdiyimdən zalın adamla dolub-daşdığını gördüm və dəhlizdə dostlarla siqaret çəkə-çəkə ədəbiyyatdan, siqaretin ziyanından, havaların soyumağından danışdıq.

Gərək Nofəl Ümidə deyəydim, mənim dəhlizdəki sevincimin şəklini çəkəydi. Ürəyim dağa dönmüşdü. Bu izdihamlı təqdimat Şahanənin timsalında ədəbi gəncliyin qələbəsi idi. Şahanə Müşfiq yalansız, riyasız bir dünyanın peşində olan, Tanrının verdiyi istedad payını öz zərif duyğuları ilə söz-söz, ilmə-ilmə toxuyan qələm sahibidir. Onun çox gənc yaşda bu boyda hörmət-izzət, oxucu sevgisi qazanması ədəbiyyata, söz sənətinə son dərəcə ciddi yanaşmasının, zəhmətsevərliyinin və fədakarlığının bəhrəsidir.

Şahanənin “525-ci qəzet”də çap olunan ədəbi-kulturoloji esseləri şablon düşüncədən uzaqdır, onun təravətli yazı manerası var. O, həmişə indiyəcən diqqətdən kənar qalan, toxunulmayan nüansları təhlil edir və maraqlı nəticələrə gəlib çıxır. Bu da hər hansı bir mövzuya yaradıcı münasibətin nəticəsidir.
Payız qızının nağılı
Şahanənin kitabına dəyərli Xalq şairimiz Sabir Rüstəmxanlı əhatəli ön söz yazıb və bu yazıda gənc şairənin poetik platformasının konturlarını dəqiqliklə göstərib. Şahanə sirrini sözə pıçıldayıb, söz də dözməyib onun sirrini aləmə faş edib. O, noyabrda doğulduğundan özünü “payızın qızı” adlandırır.

Mən payızın qızıyam;
Rüzgar saçlarım,
Yağmur gözlərim,
Xəzəl arzularım,
Duman xəyalım...
Mən payızın qızıyam;
Sərinlik gətirərəm
Qızmar yayın istisindən
Təngə gəlmiş ürəklərə,
Sentyabr baxışımla.
Mən payızın qızıyam;
Can verərəm
Susuzluqdan cadar olmuş diləklərə,
Oktyabr yağışlı kirpiklərimdən.
Mən payızın qızıyam;
Şehtək qonar buxarlanmış xəyallar –
Noyabr küləkli saçlarıma.
Mən payızın qızıyam;
əlbət, bir gün gələr sonum,
qışın şaxtasına dönüb
buz bağlayar yoxuluğum.


Hansısa şairin bu misrası uzun illərdir ki, yaddaşımda yaşayır: “Payızda açılan güllər kövrək olurmuş”. Şahanə də kövrəkdir, amma bu kövrəkliyin bir sərt üzü də var. Bu da onun xarakterindən irəli gələn bir xüsusiyyətdir ki, şeirlərinə də yansıyır. Zərif bir qızın sözün ağır daşını qaldırmaq inadı, Nizaminin, Nəsimin, Füzulinin, Məmməd Arazın qarşısında söz imtahanı vermək cəsarəti onun içindəki yaradıcı entuziazmdan xəbər verir.

Bir neçə il əvvəl xəstəliyimlə bağlı məlumat yayılanda dostlar narahatlığını bildirir, zəng edir, mesajlar yollayırdılar. Amma yüzlərlə zəngin, mesajın içində heç vaxt unutmayacağım bir mesaj da almışdım: “Xahiş edirəm, səbrinizi, inamınızı itirməyin. Doğrudur, əlimdən nəsə gəlmir, amma mən əlimdən gəlməyəni də edəcəyəm sizinçün! Lazım gələrsə, yazar dostlarımızı toplayıb əlaqədar təşkilatların qarşısında sizə kömək etmələri üçün tələb edərik”.

Bu mesajı alanda içim titrməmişdi, əlində heç bir imkanı olmayan bir qızın qələm dostu üçün belə fədakarlıq edə biləcəyini düşünəndə onun böyük ürəyinə heyran qalmışdım. Bunu yazdığım üçün yəqin ki, Şahanə məni bağışlayar. Yazmaya bilmədim... Təkcə istedad insana hörmət qazandırmır, istedadı həm də İnsanlığı ilə ucaldanlar qiymətlidir. Şahanə Müşfiq kimi!

Kənan HACI
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031