manera.az
manera.az

Əlini qoy ürəyimin üstünə.. - Anar Həbiboğlunun şeirləri

📅 20.10.2018 18:41

Əlini qoy ürəyimin üstünə.. - Anar Həbiboğlunun şeirləri
Manera.az mərhum istedadlı şair Anar Həbiboğlunun şeirlərini təqdim edir:


***
Nə ki yapışmışdı ayağım yerdən,
Bir ev tikəmmədim şəhərə yaxın.
Mən də öləcəyəm qaraciyərdən,
Mən də öləcəyəm səhərə yaxın.

Səsləyəcək məni bir sehirli səs,
Gedərəm səhərin ayazlığında.
Bir cüt qadın əli son nəfəsini
dərəcək saçımın bəyazlığında.

Yolar saçlarını qız şeirlərim,
Anamın dumanlı gözləri quyu.
Qəmli misralarım qərənfil kimi
səpilər keçdiyim küçələr boyu.

Təması itəcək doğma əllərin,
Yaranar arada uçurum, dərə.
Səpilər qəlbimin bəmbəyaz nuru
Axşam fişəngitək pəncərələrə.

Anam ağı deyər: "Anar, ay Anar...",
Bilməz ki, dünyada yoxdu son səfər.
Qonşuda bir gəlin ağrıdan yanar,
Yazıq doğar məni neçənci dəfə...

DOĞULMAYAN QIZIMA

Hardasan, qızım, harda,
Hardasan, quzum, harda?
Doğulmayan sevincim,
Axı neyləyim denən?
Mən səni öz dilimnən
Dünən basdırdım, dünən...

Sənsiz dünya gərək ki,
Dünən dağılmalıydı,
dünya dağılmadı ki.
Adını da qoymuşdum,
Sənnən doğulmalıydı,
Adın doğulmadı ki...

Atan səni sevmədi,
Anan səni sevmədi.
Göz yaşım selə dönüb
gözümdən dama-dama.
Anan yazıqdı, amma
Atanı bağışlama...

Yağış yuyurmu, qızım,
üzünü hər gün səhər.
Saçını darayırmı
həzin-həzin küləklər,
Südü hardan alırlar
sənin üçün Mələklər?
Bilirəm, Tanrı sənin
beşiyini tərpədir.
İnsanların hamısı
Onun üçün körpədir.

Sən mənim qız sevincim,
Evimin yaraşığı.
Gündüzün göyqurşağı,
gecənin ay işığı.
Bir sevinc itirmişəm,
Qızılgüllərdən donu.
Sənə layla yazmışdım
Körpəcə qardaşların
cırıb atıblar onu...

Atanı bağışlama,
atan yanına gəlmir,
atan axı uçammır.
Sənə kukla almışam
Gözlərini açammır...

BAŞINI QOY SİNƏMƏ

Görməyəydim gözlərində qəm izi,
Haqdan gələn kədər bizim, qəm bizim.
Dünya sənin nə vecinə, əzizim,
Başını qoy sinəmə.

Sevgimizdə sən gözətçi, mən əsir,
Heç qəm yemə, ömrümün bir dənəsi.
Dolu olur şairlərin sinəsi,
Başını qoy sinəmə.

Sən yat bir az, mən bayatı danışım,
Taleyimlə nə küsüm, nə barışım.
Qoy əzməsin saçlarını balışın,
Başını qoy sinəmə.


***
Dinirəm xətrimə dəyir xatirən,
Bilirəm könlümə boşuna girmir.
Yenə pəncərəmi döyür xatirən,
Bu evdə qapı var, başına girmir.

Divarda oğlumun asdığı şəkil,
Şəkildəki qadın-sevimli ana.
Nə vaxt dil açacaq susduğun şəkil,
Mən yazıq nə qədər yalvarım ona?

Bilsən, buza dönüb bu ev, bu ocaq,
Şəkildə soyuyub qadın nəfəsi.
Divardan boylanır gözlərin ancaq,
Axır o gözlərdən sükutun səsi...

Unudammadığım dəli sevdam var,
Könlümü sinəmdən nar kimi dərmiş.
Arzusu gözündə qalan qadınlar
Şəkildə nə qədər gözəl düşərmiş...


***
Gör necə toppuşdu sevdiyim kədər,
Yaxılma, ürəyim, yıxılma, dərdim.
Sevgimin sahili olsaydı əgər
Mən orda oturub araq içərdim…

Səni gözləyərdim gözlərimdə yaş,
Gözümdə eynəyim-"həsrət şüşəli".
Yıxılar kölgəmə Gün yavaş- yavaş,
Həyatda möcüzə olmur, deməli.

Sən mənim ürəyim,canım"şərbəşər",
Yəqin darıxarsan ruhsuz bədəndə.
Şairlər qanadsız mələklərdilər,
Geriyə dönmürlər uçub gedəndə…


***
Heç kəs bizdən sonra gəlmir həyata,
Gələcək nədir ki, -"keçməmiş keçmiş".
Tanrı nağıl deyir bu kainata,
Əgər biri varsa, biri yox imiş.

Nəfəsə bənd edir ürəyimizi,
Bir adəm, bir insan olmaqdan ötrü.
Bir ömür beşikdə tərpədir bizi
Əbədi yuxuya dalmaqdan ötrü.

...Çətin görüşünə bir daha gəlim,
Həmişə ağırdı ayrılıq, vida.
Sən çox şirin idin, şirin, gözəlim,
Səni ölməyəsən Dünya, əlvida...


***
Bir aylıqdı, bir illikdi, bir anlıq,
Bax, qarşıda qalan ömür qaranlıq.
Ötüb keçdi sütül kimi cavanlıq,
Peşman-peşman mən gülürəm, sən ağla…

Gəlib çatdı, nə deyəsən pis günə?
Peşman-peşman mən gülürəm, sən ağla.
Əlini qoy ürəyimin üstünə,
Heç olmasa ağrısını sığalla.

Düymə-düymə açdım sənə sinəmi,
Düymə-düymə bağlayıram, incimə.
Bu gülüşün görünməyən üzü var,
Mən içimdə ağlayıram, incimə.

Ürəyimdə gözəl-göyçək xatirə,
Sənə layiq bir xatirə bitirdim.
Gözlərimin işığıydın, əzizim,
Gözlərimin işığını itirdim.

Eşq haqqında bu rəvayət, bu nağıl,
Başlamamış qurtaracaq bəs haçan?
Bu ömürdü, sən yalançı, mən dəli,
İnanırdım, qoy inanım sonacan.

Eh, qurtaraq bu söhbəti, nə xeyri,
Peşman-peşman mən gülürəm, sən ağla.
Əlini qoy ürəyimin üstünə,
Heç olmasa ağrısını sığalla.



***
Bu yağan yağış da kiriməz daha,
Bu sönən ocaq da axır nəfəsdə...
Mən belə havada qəribsəyirəm,
Ancaq aldadıram özümü qəsdən.

Sonra bir siqaret,bir milyon fikir,
Dönüb baxdığım göy,çəkdiyim əzab.
Canımda bir azca güc var hələ ki,
Bir də ki,hardasa bəxtim lap uzaq...

Beləmi gətirdi mənimki yoxsa,
Bəlkə tələsirəm,son söz uzaqdı?
Yox, heç nə olmayıb əslinə baxsan,
Mən ocaq qaladım, yağış da yağdı...

SƏNDƏN SONRA

Həsrət gözlərimdən yığışdı yollar,
Sancıldı içimə qəmli baxışım.
Səndən sonra gəldi qara buludlar,
Səndən sonra yağdı payız yağışı,
Səndən sonra yaman ağırdı mənə.

Yoxdu kədərimə göz yaşı tökən,
Sevinən olmadı son uğuruma.
Qırmızı-qırmızı Payız çıçəyi,
Qırmızı-qırmızı üzümə durma,
Kimə bağışlayım axı mən səni?..

Səndən sonra yağdı payız yağışı,
Təkliyim ağardı dumanda,sisdə.
Oxumaq istəsən son məktubumu;
Bir cüt göz yaşıdı ağ varaq üstə.

Səndən sonra yağan payız yağışı
Kədərli nəğmədi, kədərli ağı.
Çiynim-Bir təyyarə meydanı sanki,
Sarala-sarala son uçuşunda
Qəzaya uğradı söyüd yarpağı...
...Sənsiz hava gəlir başıma vallah...

SƏN BİLSƏYDİN...

Sən bilsəydin mənə necə çətindi
Bir quş olub uçacaqdın yanıma.
Necə gücsüz, necə yazığam indi,
Qürbət bütöv daraşıbdı canıma.

Bir gün ömür soyunanda lüt-üryan
Anlayırsan, eybəcərdi, kifirdi.
Sən canın, de bu eybəcər,bu kifir
Həyatımın harasını sevirdin?..

Buz bağlayıb təbəssümün üzündə,
Ürəyini gülə-gülə qırıblar...
Bir dövlətdə yaşayırsan özün də,
Yadlar onun xəritəsin cırıblar.

"İnamını itirmişlər milləti",
Mənim xalqım necə dözür bu dərdə?
Belə getsə, buxarlanar bu dövlət,
Belə getsə,xəritədən itər də.

Sən bilsəydin mənə necə çətindi
Yad evində, yad ocaqda qızınmaq.
Niyə bizim alnımıza yazılıb
Tənə altda çörək pulu qaznmaq?

Bəlkə Vətən bic doğubdu bizləri,
Üç nəfərə,beş nəfərə doğmadı?
Qapısını ha döydümsə bəxtimin
Viran olmuş,tabutundan qalxmadı.

Heç bilsəydin mənə necə çətindi,
Gündüz fikir,gecə araq,sübh çaxır...
Qırx yaşımda bir şeytanam mən indi,
Qıymadılar adi insan olmağı.

SƏN

Neyləyim, dəliyəm, ya da ki, Dahi,
Bu qərib yuxunu yozmaqdan ötrü.
SƏN mənə bir az da vaxt ver, İlahi,
Bütün qaydaları pozmaqdan ötrü.

Gül mənim üzümə, gizlənib ağla,
Bağla, pəncərəni, qapını bağla;
Gələrəm evinə arvad-uşaqla,
Bir qış gecəsində qızmaqdan ötrü.

Bu qanadlar nədir, belə gərmisən?
İşıqdır, kölgətək yerə sərmisən…
SƏN mənə bu təbi niyə vermisən,
Bu axmaq şeiri yazmaqdan ötrü?..


***
Gözünə girərəm gözündən ötrü,
Qorxursan görərlər, görüşə gəlmə.
Yaman darıxmışam səsindən ötrü,
Zəng eylə danışaq bir-iki kəlmə.

Könlümə, ruhuma əziz bilmişəm
Qəlbimi köksümdən alan sözləri.
Müqəddəs bilmişəm, təmiz bilmişəm
Mənə danışdığın yalan sözləri…

…gözümdə o qədər ucasan, uca,
Gözlərim qaralır, əllərini ver.
Belə ucalıqda alışmaq olar,
Belə ucalıqda yaxılmaq olar.
Nə qədər hündürdü oturduğun yer
O qədər əzabla yıxılmaq olar…

…sənin sağlığına bu son badəni,
Qədəhimə süzmə, süz ürəyimə.
Hər dəfə gözümdən salırlar səni,
Salırlar, düşürsən düz ürəyimə…



***
Neynək, ömür belədir, axır, son qəmin olsun ,
Ayrılıqlar bürüyüb yenə də dörd tərəfi.
Bir gün bitəcək hər şey, götür qoy sənin olsun
Bu eşqin son gününə nöqtə qoymaq şərəfi…

Biz onsuz da itirib yenə tapırıq nəsə,
Yüz tapılan qaytarmaz bir itiyin tamını.
Özümüzü aldadıb sevirik birnəfəsə,
Özümüzü aldadıb aldadırıq hamını.

Sonra inandığımız yalan aldadır bizi,
Biz xatirəsi isti başdaşıyıq təzə-tər.
Gəl, dəniz sahilində basdıraq eşqimizi,
Bizə göz yaşı töksün uzun saçlı ləpələr...



***
Heç kəsin böyüməyə haqqı yoxdur, heç kəsin,
Hamının başı üstə "tavanı"var, qardaşım.
Bu bir can borcudur ki, gərək heç almayaydıq,
Bu bir sevgi işidir, vurulubdur yaddaşım.

Necə ki kənd böyüyüb şəhərdən keçməyəcək,
Necə ki mən atamdan balacayam həmişə.
Necə varsan elə qal, atılıb-düşmə, ürək,
Boyundan uca olmaq-tüpürməkdir Günəşə...

Sabahın xeyir, dünya, hər vaxtın xeyir, Tanrım,
Lənət olsun şeytana, gecəni yatmamışam.
Özümü axtarıram evin künc-bucağında,
Bəlkə heç evdən çıxıb evə qayıtmamışam...

Boyu 178, gözləri...bədbəxt kordu,
Əynində son ümiddən tikilmlş köynək - sarı.
Yalvarıram, bəxtimi kim küçələrdə gördü,
Onu yetim evinə, ocağına qaytarın...

GƏLƏCƏK GÜN

Mən qorxurdum, sevdiyim,
Bircə anlıq alışıb sönənə oxşayasan...
Gələcək gün, mən səni
Yaşamağa qorxuram,
Qorxuram elə sən də dünənə oxşayasan.

Xatirə qatarından sən düşüb qayıdasan,
Acı xatirələrin səfası olmur axı.
İstəyirəm saçına dən düşüb qayıdasan,
Qara, şəvə saçların vəfası olmur axı.

Cavanlığa gərəkdir qocalığın eynəyi,
Görsün yollarındakı yaxşını da, pisi də.
Bu xatirə dumanı bir hovur tüstü olub
Bəlkə kor eyləməzdi indi ikimizi də.

Dönsən üzündə qırış, dönsən saçlarında dən...
Dönmə, axı qorxuram aldanmağa təzədən...
Qorxuram ağ saçların adicə işıq olsun,
Sən yenə də alışıb sönənə oxşayasan.
Gələcək gün, mən səni yaşamağa qorxuram,
Qorxuram elə sən də dünənə oxşayasan...

BİR PAYIZ NƏĞMƏSİ

Mən anladım nə imiş bu yağışın davası,
Gəlib son kədərimi yarı bölüb getməyə.
Lənkəranda şairi təkləyir yaz havası,
Adam qorxur bu gözəl gündə ölüb getməyə...

Saçılır puçur-puçur çiçəklərin nəfəsi,
Çiçək üstə kəpənək ümidim kimi zərif.
Sağ olsun yenə mənə sevgi, vüsal əvəzi
Bir az konfet, mampası, bir az ümid göndərib...

Yüz yerdən sınan ürək indi parça-parçadı,
Hər sınan parçası da tənhadı, təkdi bəlkə...
Məni öpən o qızın kiprikləri fırçadı,
Bir ötən məhəbbətin rəsmini çəkdi bəlkə...

Bəs niyə yaz gecəsi başladı ayrılıqlar,
Tənha, yalqız şairi haqlayan yaz yağışı?...
...Bu baharın bətnində bir payız havası var,
Bir payız nəğməsidir ağlayan yaz yağışı...

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 4 516 | Yüklənmə tarixi: 20.10.2018 18:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031