Səni unudanda...- Hidayət Sönməzin şeirləri

Manera.az gənc şair Hidayət Sönməzin "Səni unudanda" kitabından şeirlər təqdim edir:
SƏNİ UNUDANDA
Tale yazdığını pozar bəlkə də,
Qəlbimin yarası silinməz daha.
Adın yaddaşımda azar bəlkə də,
Sevgin üzə çıxıb bilinməz daha.
Məni sevərsənmi qayıtsam bir gün?
Mən Səndən alıram arzu,ilhamı,
Səni sevdiyimi unutsam bir gün
Özümü güzgüdə tanıyarammı?
Həsrətmi taleyin ayırdığı pay,
Hələ çarəsini bilən olmayıb.
Nə qədər axtardım gülüşünə tay-
Hələ sənin kimi gülən olmayıb.
Sənsiz mən kiməm ki cahan dağılsa?
Bu yatan bəxtimi bir də oyatmaz.
Bütün kainatın səsi yığılsa,
Sənsiz tək çəkdiyim ahıma çatmaz.
Səsimə səs verən olmaz çağırsam,
Ürəyim min kərə boşalar,dolar.
Əgər ad günümü yadddan çıxarsam,
Səni sevdiyim gün ad günüm olar.
Yumub gözlərimi ağ kəfən geyəm,
Tək onda unuda biləcəyəm mən.
“Səni unutmaqçün ölüm”- deyirəm,
Səni unudanda öləcəyəm mən.
***
Varlıq mənim üçün iki ürəkdir,
Biri üstümdədir, biri uzaqda.
Xəyalım qoşadır, gerçəyim təkdir,
Sızıldar bir yara yeri – uzaqda.
Nə vaxtdır qəribəm, küsmüşəm candan,
Ruhun öz kölgəsin üstümə salıb.
Burda meşələrə qucaq açandan
Bir əlim dənizə uzalı qalıb.
Dəniz öz dəbindən geri qalmadı,
Yudu ayağımın kirini, yudu.
Gözümə su səpdi, adil olmadı;
Birini islatdı, birini yudu.
Bir çay nəğmə deyir burda dağ üçün,
Təbiət həzindir, sevgin lap qəşəng.
Bir ömür yanında yaşamaq üçün
bir gün gələcəyəm,
bir gün, görüşək.
***
Mənsiz üşüyərsən qışın qarından,
O çiçək əllərin solar, donarsan.
Həsrət o alovlu dodaqlarından
Qəlbinin odunu alar, donarsan.
Gözlərin zillənib dənizə baxar,
O görüş yerində ruhun darıxar.
Əlcəyin, papağın yadından çıxar,
Gəldiyin qatarda qalar, donarsan.
Etiraf nədir ki, sadəcə söz de.
Vicdanın eşidir, özünə düz de.
Nolar ki mən yoxam? Haqq de, təmiz de,
Hirsimi yadına salar, donarsan.
Üstündən il keçər, suçun danışar.
Qardaşın deyinər, bacın danışar.
Telbətel öpdüyüm saçın danışar,
Əllərin o saçı yolar, donarsan.
Yolar ümidləri külək.Üzülmə.
Yerdə qalanlardan gün ək, üzülmə!
Sevdiyim gözlərdə bahar çağı tək
Məni saxlayaydın gərək, üzülmə...
Üzülmə, gec oldu, mən istəməzdim,
Gözlərin yaş ilə dolar, donarsan...
***
Bu Vətən dediyin yerlərə yadam
Bir yastıq qoymağa xanam yoxdusa.
Çiynimə əl qoyan qardaşım, atam,
Saçımı oxşayan anam yoxdusa.
Bu göl mənimdirmi mən seçmədimsə?
Bir yol o tayına heç keçmədimsə
Suyundan bir dəmlik çay içmədimsə,
Baxıb sevinməyə sonam yoxdusa...
Mən kimdən umdum ki kimdən də küsəm,
Güvənsiz eşqlərin övladıdır qəm.
Vallah kin cəhənnəm, şübhə cəhənnəm,
Ümid də zəhərdir inam yoxdusa!
***
Sən də mənim kimi sevmə, inanma,
Daha bundan sonra canını yaxma.
Sevdinsə, içində yer ver inama,
Şübhəyə əyilmə, qürura baxma...
Ayılıb görərsən qəlbini dəlir,
Nə etsən, başını qata bilməzsən.
Fəsadı ağırdır, sevənlər bilir.
Canına bit düşər, yata bilməzsən.
Meyvəsi yuxusuz gecələr və qəm..,
Bilirsən nə qədər dərdi var eşqin?
Mən də cana xeyir şərab içirəm,
Çoxdan tərgidmişəm zəhirmar eşqi.
***
Qəlbdir qərar tutub, bir yerdə qalan,
Ayaqlar bir yerdə dayana bilməz,
Həftə qarşılayan, ay yola salan
Sərhəddən bu yana, o yana bilməz.
Sənə demirəm ki, dur, yanımda qal,
Xəyalım Səninlə yol gedəcəkdir,
Hardan başlayıbsa bu xırda vüsal –
Bəlkə, o yerdəcə böyüyəcəkdir.
Yaxın keçmişi var uzaq səfərin,
Gizli hıçqırtısı, səsi, ünü var.
Səfər arzusuyla döyünən qəlbin
Səfər hürküsüylə çırpan günü var.
Üstünü toz basmış sevgimə əhsən,
Nə ilkə qayıdar, nə sona çatar.
Sən də bu şəhərdən çıxıb gedərsən,
Bir dəli sükutdan qulağım batar.
Zaman boşluğunda irişər ilğım,
Səni gündən-günə ötürə bilməz,
Bilirəm, dağ boyda yükdür varlığım,
Zərif çiyinlərin götürə bilməz.
Bir az yuxularda gülüşək hələ,
Sağı dəyişik sal, gülüb sol axtar,
Yolun o tayından mənə zəng elə,
Mənə qayıtmaqçun gizli yol axtar...