Sən bilirsən kimsən? - İlham Tumasa

İlham Tumas
MANERA.AZ Fuad Cəfərlinin şeirini təqdim edir:
Sən bilirsən kimsən?
Bilmirsən, suya and olsun, bilmirsən.
Yoxsa, Teymur Bəyazidə gülən kimi gülərsən.
Sən bilirsən kimsən?
sus, mən deyim:
-Qorxma, yalan sussa da güzgülər,
uzaqlardan aydın görsənər şəkillər.
Yox, sən şəkil deyilsən,
bu dünyada şəkillərin də heç bəxti gətirməyib.
Kaş bütün şəkillər sən olaydı,
sənin kimi
öz boyasıyla yuyulaydı,
qırılmadan fırçaları...
Sən – Venesiyada
yar qoynunda sol,
Troyada isə dost boynunda
sağ qolunu itirən kişisən.
Sən – Paqanini axtaran
kimsəsiz skirpkasan.
Sən – Məmməd Arazın
“uçan qalacığı”san.
Sən ağcaqayın ağacısan, Sibir çöllərində.
qatarlar nəfəs dərəndə
qızların sarılıb hönkür-hönkür ağladığı.
Sən insanların anlamadığı
Puşkini qucaqlayan o gülləsən.
Gecələr
üzünü aya tutan səssən sən.
Sanma ki, səni kimsə görmür,
eşitmir, duymur.
Demə ki, onları buna əclaflıq qoymur…
hərçənd əclaflığın boyu o qədər də bəstə deyil.
Bir vaxt qayıdacağımız Tumas da gedəcək.
Sən də gedəcəksən, mən də gedəcəyəm.
O zaman səni gizli tarix qaldırıb çiyinlərə,
dirək edəcək göylərə -
ahlar yerə düşməsin deyə…
Sən bilirsən kimsən?
Bilmirsən, oda and olsun, bilmirsən,
yoxsa, çoxdan qanad olmuşdun tüstülərə