manera.az
manera.az

Unudulmazlar- İlham Tumasın yazısı/ MANERA.AZ

📅 27.03.2017 20:29

Unudulmazlar- İlham Tumasın yazısı/ MANERA.AZ


Manera.az "Unudulmazlar" layihəsində yaddaşlarda qalan yazıları təqdim edir.

İlham Tumas

Saytların yazar davası

Təbii ki, bu məsələlərin nə mənə, nə də qeyri-yazarlara bir elə dəxli var. Doğrudan, belə baxanda bizə nə düşüb ki? Hansı sayt, yaxud, hansı qəzetdən gələn təklifi qəbul eləmək mümkündüsə, onu da qəbul eləyib işə başlamaq olar. "Mümkünlük" məsələsinin spektri isə xeyli geniş ola bilər: bura sənin düşüncən, olaylara yanaşma tərzin, hakimiyyətə müxalifliyin, yaxud təəssübkeşliyin, ödəniləcək qonorar, hətta həmin sayt, qəzet rəhbərinin və sənin özünün kaprizlərin də daxildi. Yadımdadı, rəhmətlik Rafiq Tağı qəzetdə çıxan yazılarına qarşı çox diqqətliydi.

Redaktordan, korrektordan sonra səhifəyə çıxan yazısını dəfələrlə oxuyurdu, bir də görürdün, son anda hansısa cümləsini dəyişib tamam başqa bir şey yazardı. Bu mənada, hamı razılaşar ki, yazarın bu və ya digər saytda, qəzetdə yazmağını şərtləndirən amillər həddən artıq çoxdu. Məsələn, mən 5 ilə yaxındı, xırda istisnaları çıxmaq şərtiylə hansısa qəzetə yazı yazmıram. Bu əhd, ya tövbə deyil, sadəcə, işlər belə gətirib, bir az da mədəni dildə desəm, yaradıcılığım başqa səmtə, başqa istiqamətə yönəlib. Mən indi mətbuatda bir saytla əməkdaşlıq eləyirəm və bu əməkdaşlığı davam elətdirmək niyyətindəyəm. Ancaq kim deyə bilər ki, bu saytla kəbinim kəsilib, hansısa sayta, yaxud qəzetə yazı versəm, dünya dağılacaq. Hə, əlbəttə, nə həmin sayt, nə də dünya dağılacaq. Necə deyərlər, əvəzolunmaz kadrlar olmadığı kimi, əvəzolunmaz yazarlar da yoxdu.

Ancaq son vaxtlar mətbuatda yazarlarla bağlı qalxan qalmaqallar o səviyyəyə çatıb ki, adama elə gəlir, hansısa yazar hansısa saytı boş verib başqa bir sayta yazı versə, zülm ərşə dirənəcək, qan töküləcək. Sizi bilmirəm, mən bunları - yəni kiminsə hansısa saytla əməkdaşlığını kəsib başqa sayta yazmağını və nəticədə arada qırğın düşə biləcək qədər yaranan gərginliyi qayət normal qarşılayıram. Neyçin ki, qoy hər sayt öz yazarının qiymətini bilsin, onunla xoş davransın, nazını çəksin. Yazar da, qoy əməkdaşlıq elədiyi sayta bağlansın, onu özünün saytı hesab eləsin. Vallah, Azərbaycan mətbuatı bizim məmləkətdə həmişə azad və ən rəqabətli mühitin qaranquşu olub, indi həmin ənənəsini davam etdirir. İllər uzunu davalarımızdan biri də "azad və müsbət rəqabətli mühit yaransın" davası deyildimi? Bunu sayı get-gedə artan saytlar və qəzetlər həyata keçirirlərsə, nəyi pisdi? Qoy, istedadına, bacarığına, savadına, qələminə güvənən Azərbaycan yazarının qarşısında bir yox, on seçim olsun, qoy Azərbaycan yazarı beyin məhsulunu bir yox, on yerə təqdim eləyə bilsin. İnanın, bundan nə tərk olunan, nə üz tutulan, nə də ümumən mətbuatımız uduzmur ki, udur...

Və sonda bu yazını yazmaq ideyası bilirsinizmi haradan ağlıma gəldi... Səhər-səhər "Lent.az"ı açıb oxuyurdum ki, bir də gördüm keçidlərlə, linklərlə, banerlərlə artıq 5 saytdan qələminə, intellektinə, ağlına hörmət elədiyim yazarın 5 yazısını oxumuşam. Bir daha anladım ki, bütün bu yazarlar da, saytlar da, yazılar da Azərbaycan mətbuatınındır, bizimdir, hamımızındı. Nə olsun ki, mən Lent.az-da, digəri başqa bir saytda, başqa birisi qeyri saytda yazır... Hamınızı çox sevirəm...

MANERA.AZ


Baxış sayı - 1 719 | Yüklənmə tarixi: 27.03.2017 20:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031