manera.az
manera.az

Əhməd necə uşaqdır? - Simran Qədim

Əhməd necə uşaqdır? - Simran Qədim
HEKAYƏ

Əhmədin nənəsi

Mən dünyagörmüş ağbirçəyəm, həm oğul-uşaq böyütmüşəm, həm də görün neçə nəvəm var. Hamısı da məni çox istəyir, gedib-gəlib başıma dolanırlar. Düzdür, Əhməd hələ balacadır, amma nə olsun ki? Uşaqların içində nənəsini ən az istəyənidir, narazıyam ondan. Nə bilim vallah, bəlkə də anası öyrədir. Dəqiqəbaşı Əhmədi üstümə atıb gedirsiniz, o da məni yaman incidir. Oyuncaqlarını ora-bura dağıdır, əli çirkli-çirkli evdə qaçışır, səs-küy salıb aləmi bir-birinə qatır. Nəsə deyəndə isə başlayır zar-zar ağlamağa. Yox, onun üstünə qışqırıb eləmirəm ha, ağlınıza elə şey gəlməsin. Heç xətrinə dəyərəmmi ki?! Uşaqdır da, yəqin hələ ağlı kəsmir. Axı neyləmək olar, bu da mənim nadinc, ərköyün, yaramaz balamdır.

Əhmədin babası

Biz də uşaq olmuşuq, bala, mənim də babam vardı - zəhmli, hökmlü, ağır. Eynəyinin altından baxıb gözünü azca ağardan kimi, bilmirdik siçan dəliyini nə təhər satın alaq. Ehh, o vaxtlar tamam başqaydı, indi hər şey dəyişib. Deyirəm, a bala, bir sözə bax, nədir salmısan ki, babacan, parka gedək, babacan, məni karuselə, yelləncəyə mindir. Qoca adamam, ayaqlarım yer tutmur, daha əvvəlki taqətim qalmayıb. Biz boynumuzu büküb babamıza diqqət kəsilərdik, görək nə danışır. Mən bunu qabağıma qoyub qızıl xırdalayıram, nağıldan-rəvayətdən söyləyirəm ki, bəlkə böyüyüb adam ola, bu isə key-key üzümə baxır. Elə bil ələ salır məni, üstünə qışqıranda da başlayır hırıldamağa.

Əhmədin bibisi

Mən sadəcə öz fikrimi bildirirəm, inciməli nə var axı?! Əhməd heç tərifəlayiq uşaq deyil. Bax bura yazıram ki, böyüyüb ondan heç nə olmayacaq. Bibiyəm də, canım yandığına görə belə odlu-alovlu danışıram. Elə bil onun xarakteri hələ tam formalaşmayıb. Guya çox istiqanlı, mehribandır, amma necə deyim, yalmanmağı xoşuma gəlmir. Gedib-gəlib boynuma atılır, yastı-yastı danışıb, məni çox istədiyini deyir. Bu cür uşaq olmaz ki! Bir də baxırsan, qaşqabağını töküb divanın küncünəcə qısıldı, dindirəndə da bir böyüyüb, bir balacalaşıb. Öz uşaqlarımdan yoxdur, hər cəhətlərinə görə üstündürlər. Gərək anası məndən görüb-götürsün də, daha nə söyləyim ki.

Əhmədin dayısı

O dəfə də danışdıq, siz uşağı heç düzgün böyütmürsünüz. Nəyə lazımdır belə utancaq, fağır, məğmun oğlan? Söz deyən kimi üzü qızarır, adamdan qorxur elə bil. De görüm dayı sənə neyləyib?! Mən dayımın başına min oyun açardım, səs-küyümdən durmaq olmazdı. Evin içində o qədər atılıb-düşmüşəm, top oynayıb qab-qacaq sındırmışam ki. Ə, bir dəcəllik elə, şuluqluq sal, qır da, dağıt da! Bu necə məktəbə gedəcək, böyüyüb nə işləyəcək, mən anlamıram. Əşşi, hamı mənim kimi ola bilməz axı. Tək tərbiyəylə də deyil, gərək uşağın canında olsun.

Əhmədin anası

Ola bilər, uşağın çatışmayan cəhətləri çoxdur, xarakteri formalaşmayıb. Amma mənim nə günahım var? Niyə düşmüsünüz ki üstümə?! Mən ona heç nə öyrədib eləmirəm, nənəsiylə bibisi nədənsə razı qalırlar ki?! Bibisi öz oğlanlarını yaman da gözəl böyüdür, elə adamın üzünə irişirlər. Qardaşım düz deyir, tək tərbiyə verməklə iş bitmir. Uşaq atası tərəfə çəkib yəqin, qoy onlar günahı özlərində axtarsınlar.

Əhmədin atası

Kim deyir ki, uşaq dayısına oxşasa yaxşıdır? Onun hansı üstün cəhətləri var, deyin, biz də bilək? İnsanda gərək adamlıq ola, tək pulla deyil ki. Dayısı yalançının, fırıldaqçının, işbazın biridir. Məncə, əsas məsələ uşağın söz eşitməməyindədir. Bu günə kimi vaxt tapıb tərbiyəsiylə məşğul olmamışdım, ancaq indən sonra özüm baxacam. Oğlum heç kəsə yox, məhz mənə oxşamalıdır. Görün necə ailə saxlayıram, hər şeyi yerli-yerində.

Əhmədin bacısı

Qardaşım yaxşı uşaq deyil, ondan küsmüşəm mən. O gün saçımı dartışdırırdı, bir dəfə də oyuncaqlarımı qırmışdı.

Əhməd

Kimsə mənə yaxşı demədi, heç kəs istəmir məni. Axı mən hələ balacayam?.. – bayaqdan gözləri dolan uşaq hönkürtüylə ağlamağa başladı.

Simran QədimБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30