manera.az
manera.az

Babam Lomonosovun səhvini düzəldir... | MANERA.AZ

Babam Lomonosovun səhvini düzəldir... | MANERA.AZ
manera.az
Babamın dərsliklərə özünəməxsus düzəlişlər etməyi, mühüm kəşflərə tutduğu iradları mənə ləzzət verdiyi üçün bəzən özüm şərait yaradırdım. Belə ki, bir dəfə uşaqların birinə fizika kitabı verib, ”maddə kütləsinin saxlanması qanunu”nu bərkdən oxumağı tapşırdım. Babam nəinki uşaqların neçənci sinifdə oxuduğunu bilmirdi, ümumiyyətlə, onların adlarını ya bilmir, ya da qarışıq salırdı. Ona görə də mənim belə “kələklərim” baş tuturdu...

”Maddələr heç nədən yaranmır və yox olmur. O yalnız bir şəkildən başqa şəklə çevrilir” səslərini eşidən kimi kişi qulağının arxasına əlini söykəyib danışmağa başladı. Kişi vaxtında belə qanunları bilirmiş, amma ya yaş öz işini görmüşdü, necə deyərlər, ”analiz-sintez əlaqəsi” pozulmuşdu, ya da indi gördükləri, eşitdiklərini həmin qanunlarla izah eləmək cəhdi uğursuzluqla nəticələnirdi, nədi deyə bilmərəm, amma çox məzəli izahatlar verirdi. Yenə də durdu, durdu, sonra soruşdu:

- O qanunu kim tapıb?

- Lomonosov.

- Kimdir o, a bala?

- Böyük rus alimi.

- Rus ola bilər. Daha doğrusu, rus olduğuna inanıram. Çünki, orda bir şeyi itirdinsə, kimsə tapanda verir müəyyən yerə, sahibi gəlib götürür. Yəni heç şey yox olmur. Amma “böyük” və “alim” sözləri ona düşməz.

- Niyə, ay baba?

- Ona görə ki, onun ağlı özlərinə gedir. Onlar hətta axtarıb tapıblar ki, Allahın torfu, almazı, kömürü neçə milyon il əvvəl nədən yaranmışdır. Yanacağın-zadın külündən də istifadə edirlər, qoymurlar yox olmağa. Elə yaponlarda onlar kimi. Xaricdən əllərinə bir cihaz alıb qoymurlar zay olmağa, ondan yüzünü düzəldirlər. Bizdə hər zibilxanada minlərlə əşya təkrar emal olunmalı halda heç nəyə çevrilir. Bunlar heç. Götürək Əhmədxanın oğlunu. O dam-daş, maşın, var-dövlət nədən yarandı? Nə işi var idi ,nə maaşı!Yoxdan yaranmayıb bəs nədən yaranıb? Özüdə çox qohumcanlı,istiqanlı uşaqdır.Dədəsinin İranda təzə tapılan qohumlarının yanına həftədə,ayda 1dəfə gedir, gəlir. Gətirdiyi nədirsə, Rusetdəki tanış-tunuşa da pay düşür. Heç kəsə ürək qızdırmayıb özü aparır. Odur ki, Allah da ona yoxdan var –dövlət yetirib...

- Fikrim dağıldı, bilmədim nədən danışırdım...

- Həə...Lomonosovdan!Belə baxanda,ağıllı adam olub,amma mənim kimi başa salanı olmayıb. Amma sənin atandan ağıllıdır. Deynən niyə?

- Niyə?

- Ona görə ki, mənə deyir, dədə, köçək şəhərdə yaşayaq.

- Bax, mənim çəkim olsun, təxminən 70 kilo. Cavanlıqda 100-dən yuxarı idi, bunnan işim yox Bu 70 kilo haradan əmələ gəlib? Bax, bu torpaqdan! Elə evimizin yan-yörəsinin buğdası, soğanı, kortofu, südü, balı və. s ilə formalaşıb, Allah qüdrəti ilə. Lap dərinə gedəndə mayam da burdandır, ata, babam da. Sabah düşdüm öldüm, bədənim bu torpağa qarışmalıdır. Aparıb Bakıya tökmək günahdır. Allah belə məsləhət bilmir. Qoy maddə itməsin.

- Yaxud, biri gedir, nə bilim Moldaviyadan qız alıb gətirir. A balam, hər yerdə cütlər var, özü də nizamlı sayda. Pivədən, saladan maya tutanda qoyun əti, pendiri yeyənin izdivacından nə hibrit yaranacaq?...

- Əşşii, heç bilmədim nədən danışırdım...

- Həə...! ”Heç” dedim, “Heç nə” yadıma düşdü. Qəfərxanın mal-dövləti qaldı oğluna. Oğlu da qurşandı yeyib-içməyə. Axırı nə oldu? Bir kəs deyə bilməz ki, o mal-qara,var-dövlət başqa şeyə çevrildi, mən də şahid, gördüm başqa şəklə keçəndə. Pul xərcləndi, yox oldu. Mal-qoyun qırıldı yox oldu, ev –eşik uçdu, dağıldı, yandı kül olub yox oldu, yəni heç nə oldu!

- Yadındadı, bizim kənddən bir inək qaçıb getmişdi qonşu kəndə. Sahibi izi ilə getdi, girdi, kəndə. Kimdən soruşdusa ”burdan keçdi, ordan getdi” və ya "görməmişik” dedilər. Bəs necə oldu heyvan, yox olmadımı? Deməli, var idi, heç nədən yox oldu!

- Bir də görürsən orta məktəbdə beynində savad, elm deyilən bir şey olmayan şagird 5-10 il sonra oldu müəllim, həkim, ya da ən pisi molla. Başlayır, sənə elmdən danışmağa, ağıl öyrətməyə. A bala, o haradan yarandı bunun başında, ya yoxdusa necə sübut eləyər Lomonosov bunu?...

Ardı var...

MANERA.AZ


Baxış sayı - 1 877 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930