manera.az
manera.az

Mənə bir eşq yükü ver, daşıyım - İlqar Fəhminin şeirləri

📅 18.08.2018 16:25

Mənə bir eşq yükü ver, daşıyım - İlqar Fəhminin şeirləri
Manera.az tanınmış şair, yazıçı İlqar Fəhminin əruz gəzişmələrini təqdim edir:

Buz heykəl

Məni küsdürmək asandır, məni ağlatmaq asan,
Məni çaşdırmaq asandır, məni aldatmaq asan,
Məni ləngitmək asandır, məni saxlatmaq asan,
...Mənim olmaq nə çətin...

Məni buzlatmaq asandır, məni dondurmaq asan,
Məni laxlatmaq asandır, məni sındırmaq asan,
Məni göstərmək asandır, mənə əl vurmaq asan.
...Mənə çatmaq nə çətin...

Mənə zülm etmək asandır, məni incitmək asan,
Məni alçaltmaq asandır, məni əskiltmək asan,
Məni tərk etmək asandır, məni tərgitmək asan,
...Məni sevmək nə çətin...


***
Ağlama ömrüm-günüm, ağlamaq olmaz sənə...
Gözləri qan-yaş ilə bağlamaq olmaz sənə...

Hər nə qədər dərd ki, var, indi gərək mən çəkim,
Ən kiçicik dərdi də, saxlamaq olmaz sənə...

Ruhuma bənzər bu çöl, sən də ki, tənha ağac,
Əssə də hər gün külək, laxlamaq olmaz sənə.

Sakit axan çay təki sahilin hündür deyil,
Sel kimi birdən coşub-çağlamaq olmaz sənə...

Yağma yağışlar kimi, yollarımı bağlama,
Fəhmiyə bax, ağlama, ağlamaq olmaz sənə...

Yay ekspressiyaları

Ehtiyat et, sürüşüb düşmə Qadın gözlərinə,
Ki qadın gözlərinin məhbəsi hədsiz nəm olur.

Elə məhbəsdi bu ki, qaçmağa yox zərrə ümid,
Qapısı bir neçə qat, dər-divarı möhkəm olur.

Elə məhbəsdi bu ki, pəncərəsindən yaş axır,
Məhbusa verdiyisə qupquru dərdu-qəm olur.

Elə məhbəsdi bu ki, zulməti bitməz bir ömür,
İşıgın ömrü isə bircə nəfəs, bir dəm olur.

Elə məhbəsdi bu ki, ağı da seçməz qaradan,
İstisi öldürücü, şaxtasısa məlhəm olur.

Elə məhbəsdi bu ki, tək qalasan, ağlarsan,
Amma bir kəs də gələ - qan tökülür, matəm olur.

Elə məhbəsdi bu ki, təsvirinə söz çatmır,
Bura insan düşən, axır böyüyüb Adəm olur.

Yorğun sevgi – tünd qəhvə

Bu sevgi isti qəhvə (-) soyutmaq olmur,
Həyatına dağılsa, (-) qurutmaq olmur…

Kiçik də bir xətadan (-) bulansa sevgi
Böyük də ehtirasla (-) durultmaq olmur.

İnam uşaq kimiymiş (-) gözü yaşarsa,
Öpüb sığallamaqla (-) ovutmaq olmur…

Sevən qadın nəfəsdi, (-) bədən deyil ki…
Zaman keçir, nə atmaq (-) nə tutmaq olmur.

Bir an toxunsa ruha (-) xəyanət ətri,
Yüz il,«unut»,desən də (-) unutmaq olmur…
Unutmaq olmur…


***
Həyat maşın deyil ki,
dayansın,
həyatı saxlamazlar.
Qəzaya da düşəndə,
itərlər,
sükan qucaqlamazlar…

Sınıb-tökülsə sevgi,
yerində
qırıntılar da qalsa,
Yığarlar ehtiyatla,
heyifdi,
əzib-ayaqlamazlar…

Mənim içim cəhənnəm
bataqlıq,
bura ayaq basanlar,
Gələndə ağlayarlar,
əzizim,
gedəndə ağlamazlar.

Qadın xəyalı, qəlbi
kitabdır,
içində gizli sirrlər,
Onu bekarçılıqdan,
ayıbdı,
açıb varaqlamazlar.

Günün birində, Fəhmi,
qəfildən,
ürəkdən itsə sevgi,
Səbrlə gözləyərlər
qayıtsın,
gəzib soraqlamazlar.


* * *
Mənə bir eşq yükü ver,
Daşıyım,
Bir qələm ver, kağızı
Qaşıyım,
Bir bəyaz ömrüm ola,
Yaşıyım.
Yaşıyım, sonra ölüm...

Simi qaçmış kamanam,
Nə çalım?
Qanadım kəsmə daha,
Ucalım,
Saçıma dən səpələ,
Qocalım...
Qocalım, sonra ölüm..

Yuxudan səslə məni,
Oyanım,
Mənə daş çarpayı ver,
Uzanım,
Qapımı cənnətə aç,
İnanım,
İnanım, sonra ölüm

***
Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeirə satardım,
Dünyanı beş-on şeirə satardım
və yatardım.

Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
Əvvəl acı dərman kimi ehmalla dadardım,
Dərman kimi ehmalla dadardım
və udardım.

Bir qırmızı paltarlı qadınçün gecə yarı
Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
Yanğıyla yuxumdan oyanardım
və yanardım.

Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.

Bir gün səni də yadlara xoşluqla verib mən
Sonra durub ardınca xəcalətlə baxardım.
Ardınca xəcalətlə baxardım
və baxardım.


***
Tökülür sənli saatlar o ömürdən, bu ömürdən
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən,

Evimə dərd girir hər gün, o başından, bu başından
Gözümə kölgə salırsan, o maşından, bu maşından.

Səni sakitcə soruşdum o yağışdan, bu yağışdan
Saçının ətrini aldım o balışdan, bu balışdan

Süzülür sel kimi yaşlar o gözündən, bu gözündən
Səni hicran öpür hər gün o üzündən, bu üzündən

Bezmişəm sənsiz həyatın o adından, bu adından
Zərrə-zərrə səni yığdım o qadından, bu qadından

Tökülür sənli saatlar o ömürdən, bu ömürdən
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən…


***
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.

Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.

Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.

Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.

Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.

Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.

Fəhminin qəlbində son arzusu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr


***
Mən ki öz şerimə bükdüm qəmi misra-misra,
Qəm də şerimlə gəzir aləmi misra-misra.

Dərdimi bildi təbibim, mənə bir şer oxudu
Sanki çəkdi yarama məlhəmi misra-misra.

Qələmimlə yığıram düzmək üçün ağ kağıza
Gül yanaqlarda donan şəbnəmi misra-misra.

En səmadən, mələyim, ki səni vəsf etmək ilə
Dağıdım qəlbə dolan matəmi misra-misra.

Yazılır dəftəri-eşqə ürəyim qanı ilə
Ömrümün sənsiz ötən hər dəmi misra-misra.

Sevmişəm bir gülü ki varlığa bir incə qəzəl,
Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra.

Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub,
Yəni yoldan çıxarıb Adəmi misra-misra.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 8 938 | Yüklənmə tarixi: 18.08.2018 16:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031