manera.az
manera.az

KİŞİləri özünə bağışla, Tanrı - ŞEİR

📅 07.04.2018 18:59

KİŞİləri özünə bağışla, Tanrı - ŞEİR
KİŞİləri özünə bağışla, Tanrı

Hər gecə suallarla başlayıb,
nidalarla bitən
bir neçə misra yazmaq,
əlindən verib qəlbində tutduqlarını,
bir də nələri unutduqlarını xatırlayır kişilər...

Çünki, hər gecə
işğal yağır ağ varağa
duman çökür Qarabağa,
bütün muğamlar islanır,
şəhid anası kimi ağlayır küçə lampaları...

Hər gecə dəniz ilbizləri şamlarını yandıranda
kişilər də bütün işıqlarını söndürürlər -
başları aşağı süzülən çarəsizlik odundan başqa...
Kölgələrini geyinib əyinlərinə
dolaşırlar şəhid məzarlarını,
gözlərindən tökürlər azarlarını...

Ruhundan ayrılmış can kimi itgin,
cavan yaşında ahıl qədər bitgin,
baxışlarıyla sədd kəsən,
Qarabağda quru dağdağana bağlanan bir parça ümidə əsən
kişilər...
Ağızları paslı, qəlbləri yaslı...
gözləri qanlı...
Vicdanlı
kişilər!

(...əslində o qədər asandır ki, tərk edib getmək vətəni...
Cənnət misalı özgə torpaqlarında it kimi hürmək, ulamaq,
yad qabının minnətini yalamaq...
Ancaq heç bir mənzərə aynada gördüyün qədər gerçək olmaz,
heç bir əl daha isti olmaz öz əllərindən...
Heç bir səs anan kimi gözəl çağırmaz adını,
və heç bir ləzzət ata sözü qədər dəyişməz ağız dadını...)

Bilirəm, sənə çox borcumuz var, Tanrı!
Amma, bu gecə tut sözlərimdən,
topla məni ayaq izlərindən..
istəməyə bu boyda həvəsliykən...
KİŞİləri özünə bağışla!
Bağışla, Tanrı!
07.04.2018

Adilə NƏZƏR


Baxış sayı - 2 190 | Yüklənmə tarixi: 07.04.2018 18:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031