manera.az
manera.az

Daş valentinlər: Tural Turandan yeni şeirlər

📅 14.08.2018 12:47

Daş valentinlər: Tural Turandan yeni şeirlər
MANERA.AZ Tural Turandan yeni şeirləri təqdim edir:

Koxanəbidən məktub

Burada gülüşlər hədəf taxtasına çönüb,
Gülən pəncərəsindən vurulur Koxanəbidə.
Kişmişi gülüşlər də elə daxma-daxma sönüb.
Başımız ayazısa,
şaqqanağa da qoyacağıq abidə.

Sir-sifətimiz şəhid nəşindən hamilə qalır,
and olsun.
Tösöylər gülüşdən də tutur bala.
Gülüş dərib göndərin yanağınızdan,
başınıza dönüm.
Erkək-dişi göndərin, bəlkə çoxala...
Göndərin,
Gülüşünüz avand olsun.

Başqasını çağırma

Bir kağız təyyarə düzəlt qızım,
gəlinciyindən mənim üçün də bilet al,
Uçaq gedək...
mən bir papaq götürüm, sən də əlcəklərini
üşüyəndə verim sənə,
Kağız təyyarəmizə çox da yük olmasın...
Qəzasız-bəlasız qaçaq gedək.
Mən də üşüsəm səni basım bağrıma.
İkimiz bəsik, başqasını çağırma.

Daş valentinlər...

Hər heykəlin mütləq
bir gəlib gedəni var.
Hər heykəlin bir qara kağızı,
Bir də qəfil itəni var.
Nə heykəl qulaq kəsilər onlara,
Nə onlar heykəli dinlər.
Onların bir adı var –
daş valentinlər!..

Hər gün heykəllərlə danışan adam,
Özünə qayıdan ünün mübarək.
Bir qadın yerinə, uşaq yerinə,
İtlərə, pişiyə alışan adam,
Sənin də sevgili günün mübarək!

Nə it güldən anlar,
Nə pişik, nə daş...
Heykəl də qoyur səni qonaq yerinə.
Ey qıza, gəlinə yadlaşan adam,
Səni kim oturtdu qınaq yerinə?!.

Mübarək,
Tanrıdan muxtarlıq alan
yalnızlıq,
yiyəsizlik dinin mübarək!

Bəlkə də sən xoşbəxtsən, yalnız kişi;
Bu gün Bağdatda kamikadzelər
qumbara bağışlayır sevgililərinə.
Aran tərəkəmələri də axur kürəyi.

Kiminin ürəyi,
Kiminin gərdişi,
Kiminin də qəlibi oturmaz yerinə...

Qınama onları təkləşən adam,
Sənin ürəyin it-pişik boyda,
Onlarınkı Bağdat boyda, axur boydadı...
İtlərə, pişiyə alışan adam,
Sənin də sevgili günün mübarək!

MANERA.AZ


Baxış sayı - 1 578 | Yüklənmə tarixi: 14.08.2018 12:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031