GEDƏK AĞDAMA… | MANERA.AZ
MANERA.AZ Elşad Barat şeirlərini təqdim edir:
BİR ŞƏHİD YUXUMA GƏLDİ
Bu gecə bir şəhid yuxuma gəldi
Qəzəblə, nifrətlə üzümə baxdı
Bu gecə bir şəhid yuxuma gəldi
Əlinin qanını sinəmə yaxdı
Bu gecə bir şəhid yuxuma gəldi
"Ata olacaqdım" dedi: a zalım
Mən də sənin kimi körpə balamı
İstərdim qollarım üstünə alım
Bu gecə bir şəhid yuxuma gəldi
"Hardasan" üstümə bağırdı biraz
Sonra sakitləşib "ay ana" dedi
Ağladı, anasın çağırdı biraz
Bu gecə bir şəhid yuxuma gəldi
Bir məktub uzatdı və uca tonla
"Bunu sevgilimə verərsən" dedi
"Əlvida" yazmışdı kağıza qanla
Bu gecə bir şəhid yuxuma gəldi
Bildim ki, bu mənim xəcalətimdir
Görüşdük, danışdıq, gedəndə dedi:
"Vətənim sizlərə əmanətimdir"
GEDƏK AĞDAMA
Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.
Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.
Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.
XOCALIMI MƏNƏ VER
Qalx ayağa, sarıl qanlı silaha,
Bu gecədən salam apar sabaha.
Vətən sənə oğul deyər bir daha,
Balasından aralımı ver mənə,
Vətən oğlu, Xocalımı ver mənə!
Al erməni quduzunun canını,
Azadlığın yaşat həyəcanını.
Sil Vətənin sinəsinin qanını,
O ürəyi yaralımı ver mənə,
Vətən oğlu, Xocalımı ver mənə!
Hey alışdı, elə yandı Xocalım,
Qəm içində çalxalandı Xocalım.
Yalanlara çox inandı Xocalım,
Sən o başı bəlalımı ver mənə,
Vətən oğlu, Xocalımı ver mənə!
Tutulmaram sevincli göz yaşına,
Dolanaram dağlarının başına,
Sarılaram qayasına, daşına,
Öz elimi, mahalımı ver mənə,
Vətən oğlu, Xocalımı ver mənə!