manera.az
manera.az

Nə qədər çox əzab çəksən.. - Tərcümə

Nə qədər çox əzab çəksən.. - Tərcümə
Manera.az gənc şair Firudin Həmidlinin tərcüməsində fransız şairi Jak Preverin şeirlərini təqdim edir:

Bağ

Yüzlərlə, minlərlə il kifayət etməz
Əbədiyyətdəki o bircə anın gözəlliyindən danışmağa...
Bax, o an ki, sən məni öpdün,
Mən də səni
Qış günəşiylə açılmış bir səhərdə
Monsuri parkında, Parisdə,
Dünyada...
Biləsən,
Dünya da bir ulduzdur...

Möhtəşəm və qırmızı

Göründü "Böyük saray"ın damında
Möhtəşəm, qırmızı günəş
Və yox oldu anidən...
Bir gün mənim qəlbim də yox olacaq,
Bütün qanım boşalacaq bədənimdən,
Axıb-gedəcək axtarmağa səni.
Mənim eşqim, gözəlim!
Hardasansa, tapacaq səni...

Parisdə gecə

Qaranlıqda üç kibrit yandırdım bir-birinin ardınca:
Birincisi üzünü görməyə boydan-boya,
İkincisi gözlərini,
Üçüncüsü isə ağzını görmək üçün.
Və sonra qaranlıq çökdü ətrafa,
Sanki, xatırlayım deyə bütün bunları
Səni qollarımda qucaqlayaraq.

Bazar günü

Qobelen prospektində,
Ağacların kölgəsində
Bir mərmər heykəl əllərimdən tutub.
Bugün bazar,
Kinolara yığışıb insanlar,
Budaqlarda quşlar seyr edir ətrafı.
Və birdən öpür məni heykəl,
Heç kimsə görmür
Diqqətlə bizə baxan kor uşaqdan başqa...

Ümidsizlik skamyada oturub

Meydandakı skamyada bir nəfər oturub,
Qarşısından keçəndə səsləyir səni.
Əlində durbini var, əynindəysə boz kostyum,
Siqaret çəkir oturaraq.
Bax, o adam biz keçəndə səni çağırır,
Sənə işarə edir ki, gedəsən yanına
Məbadə, ona baxasan,
Məbadə, qulaq asasan ona!
Gəl, keçək, gedək,
Sanki, onu heç görməmiş kimi,
Sanki, eşitməmiş kimi sözlərini.
Gəl, keçək, gedək ləngimədən.
İşdir, əgər ona baxsan,
Qulaq assan dediklərinə,
(Görərsən ki, çağırdığını sənsən, başqası deyil) İstər-istəməz gedib əyləşəcəksən yaninda.
O, sənə baxacaq, gülümsəyəcək,
Sənsə əzab çəkəcəksən...
Adam gülümsəməyə davam etdikcə
Alışacaqsan, gülümsəyəcəksən onun kimi,
Şübhəsiz.
Nə qədər çox gülümsəsən, o qədər çox əzab çəkəcəksən - Dəhşət!...
Nə qədər çox əzab çəksən, o qədər çox gülümsəyəcəksən - Geriyə yol yox...

Qalacaqsan elə oradaca,
Donmuşcasina oturacaqsan skamyada,
Gülümsəyəcəksən.
Ətrafında uşaqlar oyunlar oynayacaq,
Qarşından ötüb-keçəcək adamlar
Səssizcənə.
Ağacdan-ağaca uçacaq quşlar
Sənsə qalacaqsan elə ordaca,
Skamyada.
Və yaxşı bilirsən ki,
Bir də heç vaxt oyunlar oynaya bilməyəcəksən
Ətrafındakı uşaqlar kimi.
Bir də heç vaxt ötüb-keçə bilməyəcəksən yolları Səssizcənə
Bu adamlar kimi.
Bir də heç vaxt uça bilməyəcəksən
Ağacdan-ağaca
Bu quşlar kimi...

Qum bataqlığı

Şeytanlar və möcüzələr,
Küləklər və mədcəzirlər...
Artıq uzaqlara çəkildi dəniz.
Sənsə
Küləyin nəvazişlə oxşadığı bir yosun kimi
Yuxuya gedirsən qumluqda...

Şeytanlar və möcüzələr,
Küləklər və mədcəzirlər...
Artıq uzaqlara çəkildi dəniz.
Sənin yarıaçıq gözlərində
İki kiçik dalğa qalıb o dənizdən...

Şeytanlar və möcüzələr,
Küləklər və mədcəzirlər...
Qərq olacam büsbütün
O iki kiçik dalğada...

Beləcə

Bir dənizçi tərk etdi dənizi,
Qayığı uzaqlaşdı limandan.
Bir şah ayrıldı xanımından
Və bir xəsis xərclədi pulunu -
Bax, beləcə...

Bir dul qadın buraxdı yas saxlamağı,
Bir dəli qadın qaçdı dəlixanadan
Və gülüşün silindi dodaqlarımdan -
Bax, beləcə,
Beləcə tərk etdin məni...

Amma bir gün qayıdacaqsan,
Evlənəcəyik bir gün.
Necə ki,
Bıçaq yarayla,
Göyqurşağı yağışla,
Gülüşlər gözyaşlarıyla
Nəvaziş soyuqluqla;
Və necə ki,
Od buz ilə,
Ölüm həyatla
Və həyat eşq ilə evlənir -
Bax, beləcə biz də evlənəcəyik.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30