manera.az
manera.az

Gələn dərdin Məmməd İlqara gəlsin

Gələn dərdin Məmməd İlqara gəlsin
Manera.az ustad şair Məmməd İlqarın təcnislərini təqdim edir:


***
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?...

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !


***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..

Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə -
Bir bala sərçənin dərdindən belə…

Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.


***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.

Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.

Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!


* * *
"Sənə də qar yağdı, güvəndiyim dağ."
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki- "dost-dostuna tən gərək",
Tənə gəlir bu dostluqdan mənə bə...

Nənəm derdi-bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..

Kişi gərək "qan bağlaya" şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm-Məmməd İlqar-indi mənə "bə"?



* * *
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
"Görəllər-güləllər" gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə

A GÖYÇƏK

Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı –
Culadılar - sən çəkərsən, a göy*, çək.

Fağır canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!

Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi - olub yar adı,
Dörd göyçəyin axırında "a" göyçək.


***
Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm - ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən - ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!

Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!


***
Qarı dünya, bu nə qovğa,nə qaldı-
Aman ver,aman ver,a yağı,bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı,bir-bir.

Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb,gah durulub axdım hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı,bir-bir.

Məmməd İlqar,dar günündü,seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdın-qohum-qardaş seyrələ-
Çəkilə dostların ayağı bir-bir.


***
Ölüb dirilirəm minillərdi ki,
Ölüm göstərirsən nə mənə,Tanrı?..
Sənin qəhrin hədər,mənim qargışım-
Nə sənə yaraşar,nə mənə,Tanrı.

Nə sadiq əsgərdi kədər,gör sənə,
Üzüm üzlər görüb,kədər görsə nə?..
Qıyma körpə gözdə kədər görsənə,
Qönçə yanaqlara nəm ənə,Tanrı.

Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər Savalanda qara,yaz daha?!.
Yüz də taleyimi qara yaz daha-
Nəmənə dərddi ki,nəmənə,Tanrı?!.


***
Yönü Vətən sarı,qərib bir qoca,
Bayatı çağırır:-eləmi dağlar...
Necə göynəməsin,güşümləməsin-
Çəkilib köysünə eləmi dağlar?

Dedim de dərdini sən,əmi-bilmir...
Bilmir harda qalıb sənəmi,bilmir...
Baxtamı qarğasın,sənəmi,bilmlr-
Viranə obaya,eləmi,dağlar?

Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz,ömürdən.
Obasız olumdan,elsiz ömürdən
Ölüm urvatdıdı,eləmi dağlar?!.


***
Dünyada hər rəngin öz gözəlliyi,
Sorma ağ gözəldi,qara,ya sarı?
Beçərə qaranı nə qarğıyım ki,
Baxt özü meyl edib qaraya sarı.

Hani,tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar...
Yetişdi ömür-gün saralan anlar-
Əcəb yaraşıqdı qaraya sarı.

Məmmədin İlqarı ay,qara yoxsa,
Adını anmazdı ay qara,yoxsa...
Nəsə pıçıldayır Ay qara,yoxsa-
Belə gülümsəməz qar,Aya sarı.

PANTOMİM TƏCNİS

Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən,belə-belə.
Bezdim yalanından qardaş,usandım,
Heç səni bilməzdim mən belə,belə...

Kimik bundan sonra,-elə beləyik...
Qıyıb can vermədik elə,beləyik...
Burda ikimiz də elə beləyik-
Sən elə beləsən,mən belə belə!..

Dil tökdün Məmmədə-ay belə...filan...
Göydə Günəş belə,Ay belə,filan...
Məni sən yanıltdın ay beləfilan-
Sənə neyləmişdim mən belə belə!!.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31