manera.az
manera.az

Mən, o və.. - HEKAYƏ

Mən, o və.. - HEKAYƏ


Manera.az Tural İsmayılovun yeni "Mən, o və..." hekayəsini təqdim edir.
***

Hər dəfə özünü vacib adam kimi təqdim etməyə çalışırdı. Xoşlayırdı ki, onun haqqında bəh-bəhlə danışaq. Utanmırdı da. Yalandan danışırdı və açığı mənə bəzən elə gəlirdi ki, o, bizi ələ salır. Çünki hiss edirdim ki, onun quru qüruru, yalançı təkəbbürü və boş pafosunun bizə zərrə qədər təsir etmədiyini o, özü də gözəl anlayır. Amma çifayda...

Dayanmırdı ki, dayanmırdı. Yalan danışmaq qəbahətli bir şeydir. İllərdir hamı yalanı pisləyir, amma həm də hamı yalan danışır. Məncə, insan pis bir şeydə yaxşılıq hasil olacağını öncədən görə bilirsə, niyə rahatlıqla xırda və zərərsiz yalanlar deməsin ki? Amma onun danışdığı yalanlar o qədər mənasız və primitiv idi ki, düşünürdüm yəqin özünü lazımlı və böyük bir adam kimi qələmə vermə cəhdi insanın natamamlıq kompleksindən qaynaqlanan bir şeydir.

Yeni-yeni yazmağa başlayırdı. Birdən eşitdik ki, universitetin prorektoru haqqında həcv yazıb. Əslində maraqlı deyildi, hətta monoton və cansıxıcı alınmışdı. Amma davranışları maraqlı gəldiyi üçün onunla tanış oldum. Yavaş-yavaş dostlaşdıq. Əvvəlcə onun NZS tərəflərdəki kirayə qaldığı evə yaxın kafelərdə xəngəl yeyirdik. Onun qonorarı çoxalırdı. Bir neçə sayt və qəzetlə əməkdaşlıq edib yüngülvari qazanırdı. Evin kirayə haqqını da rayondan ailəsi yollayırdı onsuz. Yəni, itirdiyi heç nə olmurdu.

O vaxt prorektor onun həcvinə heç reaksiya verməmişdi. Tələbələrdən biri deyirdi ki, prorektor onu yazar kimi ciddi qəbul etmir, yazdıqlarına da hörmət eləmir. Mən bunu öncədən bilirdim, lakin yenə də susmağa üstünlük verdim. Çünki o növbəti görüşlərdən birində o qədər açıq yalan danışdı ki, ona yazığım da gəldi hardasa. Guya yazısı universiteti silkələyib, müəllimlər gənc yazarın prorektora belə yazı yazmağına görə əsəbləşib, hətta rektorun da açığına gəlib, amma yanına çağıraraq sırf istedadına görə, ona təşəkkür edib.

Bu, onun ilk yalanı idi. Bir il sonra artıq universiteti bitirmək məqamı idi. Ailəm də imtahanlarımı uğurla verib rayona dönməyimi gözləyirdi. Hərbi xidmətə gedənə qədər bir az rayonda dincəlməyimi istəyirdilər. Onda yenə çoxdandır görüşmədiyim dostumun ədəbiyyat portallarından birində dərc olunan köşə yazısına rast gəldim. Yazırdı ki, hekayələri o qədər çox bəyənilib ki, hətta bir neçə məşhur dərgidən onun nəsrinin tərcüməsiylə bağlı təkliflər gəlib. Yenə yalan danışır və yazırdı. Qeyd edirdi ki, bir ay ərzində yeni kitabı çıxacaq. Onu çox sevən oxucularından biri kitabına sponsorıuq edəcəyini söz verib. Qeyri-ixtiyari əlimi telefonuma atdım, ona bir SMS yazdım ki, yarım saata ol İçərişəhərdə. Görüşdük, getdik çoxlu yedik, içdik. O, sərxoş olanda bütün yalanlarını ifşa edirdi. Ona görə də hər adamın yanında çox içmirdi. Mənə isə güvənirdi, bilirdi ki, məndən söz çıxmaz. Dedi ki, bəs atam bir qohumdan borc alıb ki, kitabımı çap edim. Yenə eyni sualı verdim; bunu səmimi şəkildə hamıya desən nə olardı? Cavab verdi ki, ədəbiyyatda uğur qazanmaq üçün özümü şişirtməliyəm, onsuz da bunu bir çox yazar və şair edir.

Hərbi xidmətdə olanda ondan xəbər almadım. Məzuniyyətə gəlmişdim. Feysbukdan profilinə baxdım. Son giriş 6 ay əvvəl olub, o da andiçmə vaxtı. Deməli, hələ də məzuniyyətə gəlməyib. Ortaq tanışlardan birinə deyibmiş ki, guya onun yaxşı yazar olmağı hərbi hissə komandanlığının xoşuna gəlib, ona yaxşı qonorarla əsgərlər üçün buraxılan qəzetdə yazılar yazmaq tapşırığı da verilib. Bilirdim ki, yenə yalan danışır.

Təxris olmamdan iki il keçmişdi. Onunla elə də əlaqəmiz qalmamışdı. Bildiyim o idi ki, indi hansısa saytda işləyir, arabir rastıma kiçik hekayələri çıxırdı. Amma uzun müddət sonra görüşəsi olduq. Mən artıq ədəbiyyat müəllimi kimi kollecdə dərs deməyə başlamışdım. Mənə dedi ki, ədəbiyyata və mədəniyyətə aid bir dərgi çap etdirmək istəyir. Bəs dərginin maliyyəsini də tapıb, ona kömək edəcəklər, söz veriblər. Daha dəyişdiyini və özünü önəmli adammış kimi qələmə vermək azarının səngidiyini düşünürdüm. Boşuna imiş. 10 gün sonra zəng elədi ki, özünə yaxşı bir kostyum al, gedirik filankəs müəllimlə görüşə. Müəllim əvvəllər onu tənqid etməyimə görə məni sevmirdi, amma artıq dostlaşmışıq və hər yerdə məni tərifləyir. Sevindim hardasa, həm ikinci bir gəlir yerim olacaq, həm də sevdiyim ədəbiyyatla məşğul olub, üstəlik buna görə pul da qazanacaqdım. Vəd etdiyi görüşə bir gün qalanda zəng elədi ki, müəllimin maliyyə problemləri yaranıb və bu dərgi vaxtı məchul olan gələcəyə qədər təxirə salınır. Hirsimdən az qaldım ki, ona qışqıram, lakin özümü saxladım, sakitcə sağollaşıb dəstəyi asdım. Sonra öyrəndim ki, yenə yalan deyir, əslində heç onunla görüşən və vəd verən də olmamışdı. Bundan əlavə müəllim dediyi adamın da ondan zəhləsi gedir və görməyə gözü yox imiş. Özümü məzəmmət elədim ki, mən necə bu adama inandım yenə? Nə qədər ürəyi təmiz və saf adam olsa da, bir daha onunla görüşmədim.

Telefon nömrələrimi 3 ilə yaxın idi dəyişmişdim. Köhnə tanışlarla demək olar ki, əlaqə saxlamırdım. Özümə yeni çevrə qurmuşdum, rayon məktəblərində işləyirdim. Artıq bir həftə idi ki, Gəncədə idim. Burda yeni təmir olunmuş, şagirdləri yaxşı nəticələr göstərən məktəblərdən birində işləməyə başlamışdım. Artıq heç bir sayta yazı vermir, yazarlığın daşını bir kənara atmışdım.

Bir gün bazarda gəzirdim. Evə bir neçə şey alacaqdım. Evliliyimə hələ 4 ay var idi və mən hələ də tək yaşayırdım. Onu tamamilə ağlımdan çıxarmışdım, heç düşünməzdim ki, mənim köhnə yazar dostum daha saytlarda işləmir və rayona qayıdaraq balıq satır. İstədim yaxınlaşam, lakin dayandım, o, bu dəfə də balıq satıcısı kimi yalan danışırdı. Anlamayan bir alıcıya balığı başqa qiymətli bir balıq kimi təqdim edirdi. Bazardan çıxdım, nə Gəncədə qaldığım 1 il 8 ay ərzində, nə də sonralar bir daha onu axtarmadım.

Özü demiş, guya kim yalan danışmır ki? Amma çox az adam yalanı həyat tərzinə çevirir!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930