"Atamın ölümünə üzülmürəm"- Ulucay Akif | MANERA.AZ
manera.az
Bu gün atam Akif Səmədin sənədlərdə öldüyü mənim üçünsə doğulduğu gündür.
Bu mövzu mənim həyatımın ən vacib mövzusu olsa da mən bacardığım qədər qısa bir yazı yazmağa çalışacam çünki həm mövzu yazdıqca bitməyəcək bir mövzudur, həm də hələ mənim qələmim Akif Səməd haqqında söz deyəcək qədər güclü deyil.
Belə deyirəm çünki atam öldüyündən sonra mən Akif Səmədi kəşf etdim. Şair Akif Səmədi. Oğul kimi atamın ölümündən çox, bir şair kimi özümə ustad bildiyim şairin ölümünə daha çox üzülürəm. Mənim erkən yaşda atamı itirməyim kiçik dərd, ədəbiyyatın isə belə şairi erkən itirməsi böyük bir faciədir. Atam haqqında xatirələrimi danışmaq istəmirəm, çünki Akif Səməd yaradıcılığından danışmaq daha düzgün olar. Həmişə özümə rəqib bildiyim bu şairin şeirlərində bir söz belə boşuna işlədilməyib.
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?
Ölümsüzlük zirvəsinə çataraq Nizamilər, Fizulilər, Nəsimilər, Hadilər kimi tək amalının son nəfəsinə kimi doğruları söyləmək olduğunu da sübut etdi.
Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
Cəmi 45 il ömür sürən bu sufi şairin şeirlərində əsrlərin təcrübəsi və bütün insanlığın fəryadı sezilir. Atam öldüyündə mənim 9 yaşım var idi. Heç bir bənd də olsa şeirini əzbər bilmədiyim atamı Akif Səmədi şair olaraq ölümündən sonra kəşf etdim. Onun ölümündən sonra məndə şeirə maraq yarandı. Birinci şeirimi qaraladığım gecə atam yuxuma girdi və mənə belə dedi: "Mən yoxam deyə ağlama, mən artıq səndəyəm. Məni həmişə ruhunda, qəlbində hiss et". O yuxunun təsiri hələ də keçməyibdi. Atam ölümündən sonra mənə böyük bir miras qoydu. Buna görə də ölümünə o qədər də üzülmürəm. Bu miras SÖZ idi, şeir idi, ədəbiyyat idi. Gördüyüm o yuxudan sonra özümdə Akif Səməd ruhunu hiss etməyə başladım. Atamın qəlbimdə olduğunu, ölmədiyini, məni tərk etmədiyini anlamışam artıq. Bəlkə də atamın yazmaq istəyib də yaza bilmədikləri mənim qələmim yazır və mən sadəcə bir vasitəçiyəm. Bəlkə də mən Ulucay Akif yox, Akif Səmədəm.
Ulucay Akif