manera.az
manera.az

Akif Səməd: "Bilmirəm niyə tələsdim..."

📅 29.03.2015 22:43

Akif Səməd: "Bilmirəm niyə tələsdim..."

Manera.az-ın təqdim etdiyi "UNUDULMAZ" güşəsində şair Akif Səmədi xatırlayacağıq.


Xatırladaq ki, Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çahşmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Astanbəyli kəndində torpağa tapşırılmışdır.

Hardasan?

Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?
Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?
Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?
Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

Gəzirəm

Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.

Gəlsin

Ya rəb adamam... adıma,
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin..

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam qınımı kəsdim,
Qınıma yazığın gəlsin..

Ay qaranlıq,qar işığ,
Gecə gündüzə yaraşığ,
Qanım qanlara qarışır,
Qanıma yazığın gəlsin..

Nə oxuyur bu saz,bu tar?
Canımda qoymadı tutar.
Canımnan canımı qurtar,
Canıma yazığın gəlsin..
Canıma yazığın gəlsin..

Manera.az


Baxış sayı - 4 241 | Yüklənmə tarixi: 29.03.2015 22:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031