manera.az
manera.az

Rəşid Bərgüşadlı - “Dovşan” - HEKAYƏ

Rəşid Bərgüşadlı - “Dovşan” - HEKAYƏ
Rəşid Bərgüşadlı

Dovşan
hekayə

Hələ o vaxt 9-cu sinifdə oxuyurdum. Atam Dərin Özüllər Zavodunun mühəndisi işləyirdi. Bazar günü olduğundan məni də iş yerinə aparmışdı. 5 saylı sexin çölündə xudmani bir bağ var idi, adına “Mirhəsənin bağı” deyirdilər. Mirhəsən əmi bu sexin həm də rəisi idi. Bağda uzun bir stol açmışdılar. Səhər saat dörd olsa da, biz bağa girəndə atamın iş yoldaşları xaş süfrəsinin ətrafına yığışmışdılar. Çoxlarını üzdən tanıyırdım deyə, heç nədən çəkinmirdim. Sex rəisinin köməkçisi Bəbir əmi axşamdan xaşın altına nəzarət etmək üçün sexdə gecələmiş, sabaha dadlı bir xaşı bişirməyi bacarmışdı. İki kasa xaşı səhər-səhər acqarına elə təkcə mən yedim. 10-12 nəfər mühəndis hava işıqlananadək xaşdan yeyib, araqdan o ki var gillədirdilər. Payız səhəri olsa da hava bayırda üşütmürdü. Xaş ziyafəti saat 10-dək çəkdi. Artıq ağızlarının danışığını itirəndə, məni vecə almadan şit zarafatlara başlayanda zavodun sexlərini gəzməyə çıxdım. O böyüklükdə sexlər bomboş idi – “qu” deyirdin qulaq tutulurdu.

Qəsəbəyə evə dönərkən 4-5 maşın dalbadal düzülmüşdülər. Biz ən qabaqdaydıq. Zavodun qəsəbəyə gələn arxa çöl yolu qaz buruqlarının arasıyla dümdüz uzanırdı. Atam maşını bərk sürürdü. Neçə dəfə, – “Ata yavaş ol, içmisən” – desəm də sözümə məhəl qoymadı. “Narahat olma, kimsəsiz yoldu” – deyirdi. Ancaq qəfildən bir çöl dovşanı qabağı-mızca yolboyu tozanaq götürdü. Atam qazı sonadək basıb dovşanı ayaqlamağa girişdi. Allahın bu zəhləmgetmiş heyvanı bir xeyli köhnə asfaltla qaçandan sonra birdən torpaq çöllüyə buruldu. Atam da dovşanın dalınca düşdü. Atamın dostları yolun kənarında maşınlarını saxlayıb atamı qızışdırırdılar, – “Əyə vur! Maşınla basdala...! Diri tut!” – deyib bağırışırdılar.
Təkcə, qalındivarlı dik metal boruya maşınımızın çırpıldığını xatırlayıram. Gözlərimi xəstəxana palatasında açanda yanımda Mirhəsən əmini gördüm.
– Mən hardayam Mirhəsən əmi? – soruşdum.
– Başın yarılmışdı, həkimlər tikiş qoyublar. Xəstəxanadasan. Özünü necə hiss edirsən?
– Başım ağrıyır. Bəs atamgil hanı?
Sərxoş gözlərini gizlətməyə çalışdığını indi xatırlayıram, – “Gələcəklər bir azdan...” – dedi.
Ancaq evimizə çatanda yas çadırını məhlədə görüb dəliyə döndüm. Atamı dəfn edib qayıtmışdılar.


***

Aradan illər ötdü. Uşaqlıq illərim xaşa və dovşanlara nifrətlə keçdi. Hətta bir dəfə dovşan balası alıb saxladım. Ona olmazın işgəncələr verməkdən ləzzət alırdım. Qulağını çərtirdim, ətinə iynə batırırdım. Axırda əzişdirib dovşanı öldürdüm. Ətini çiy-çiy itə yedirib atamın qisasını aldıqdan sonra içimi rahatlatdım.
Bir qız sevdim. Kama çatan günüm – toy gecəsi – özümü kişiliyin ən yüksək zirvəsində hiss etdiyim o xöşbəxt gecə, yuxuma o lənətə gəlmiş dovşan girdi. Yuxuda görürdüm ki, atamla dovşanı haxlayıb tutmuşduq. Atam onun qulaqlarından tutub dostlarına sarı gedəndə çox xoşbəxt idi – istədiyinə çatmışdı. Mən arxadan gəlirdim və dovşanın nəmli gözləri mənə zillənmişdi. Dovşan dil açıb danışdı birdən:
– Atana de məni buraxsın. Bir itin ağzından güclə canımı qurtarmışdım. Dördgünlük balalarım acından ölərlər yoxsa...
Yuxudan hövlənak oyananda, arvadımı başımın üstündə oyaq gördüm. “Ata yazıqdır, burax dovşanı...” – deyə bağırarkən, səsimə zavallı arvadım qorxub oyanıbmış.
Arvadım:
– Nə olub əzizim? Yuxu görürdün?
Yuxumu – atamla dovşanı qovmağımızı ona danışdım. Çox mütəəssir olmuşdu.

***
Evliliyimizdən doqquz ay yel kimi ötüb keçdi. Arvadımın sancıları tutanda onu doğum evinə yerləşdirdim. Şad xəbərimi səbirsizliklə gözləyirdim. Oğlum olduğunu eşidəndə sevindiyimdən uçmağa qanad axtarırdım. Arvadımı evə çıxaranda ilk dəfə oğlumun üzünü görmək istədim. Baxdım və matım-qutum qurudu – oğlum dovşandodaq doğulmuşdu.
Səkkizinci sinifdə oxuyan oğluma sinif yoldaşları, məhəllə uşaqları hər dəfə “dovşandodaq” deyə cırnadanda özümü də, atamı da, o dovşanı da lənətləyirəm. Mən isə ikinci övladıma həsrət qalmışam. İkincinin də dovşandodaq olmasından qorxuram. Dovşanlardan necə qorxduğumu kiməsə inandırmaq çox çətindir. Hələ də hər dovşan görəndə yüz dəfə ölüb-dirilirəm...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031