Qutsallıq sevgidir, bir ovuc sevgi- Natalia Ahpaşovanın şeirləri/ MANERA.AZ
Manera.az Oktay Hacımusalının tərcüməsində xakasiyalı şairə Natalia Ahpaşovanın şeirlərini təqdim edir...
**
Karvanlar addımlayırdı
Hər gün ruhumun çölündə.
Və hər il
Qara qutumda bir xırda dəlik yaranırdı
Və ağzım qan içində.
Qutsal tanrıların ayaqları şirniyyat dadırdı
Onlardan yayılan nur qaranlıq çuxurları aydınladırdı
Yalayırdı dilləri göy üzünü
Qurbanları göstərdikcə bir – bir özünü.
Və karvanlar getdi.
Və küləklər külləri uzaqlara apardı.
Və beynimdəki bir qara dəlik
Qeyb oldu qalın bir dumanda,
Yavaş – yavaş əridi.
Mən sikkələr atırdım yapışsın deyə
Uzaqda idi tutduğum niyyət.
Sənin, Qutsal Tanrım, bitiklərində
Özünü göstərir sonsuz bir hikmət.
Maral arabasının sürücüsü
Ayrılıq anında niyəsə tərəddüd edir
Saxlayır arabanı,
Daş döşəməni hiss edir ayaqlarım
Sonra qəfil sürətlə uzaqlaşıb gedir
Deyirəm özümə daha ağlama,
Yapışdı Tanrı adına atdığın sikkə.
Dodaqların qan içində deyil artıq,
Qutsallıq sevgidir, bir ovuc sevgi
Deyildir nə qan, nə də ki hikkə.
***
Səhər tezdən oyanıb,
Tapınaqda dua et.
Oyan, sevgini geyin,
Bir ox kimi süzüb get.
Sevmək Tanrıdan gəlib,
Sevgi ali, müqəddəs…
Tikə – tikə doğranıb,
Onunla tapdın nəfəs.
Amma bir gün səhərdən
Allar girdi yuxuna.
Başladı qovğa, savaş,
əzab verdin ruhuna.
Qırx gün sürdü bu savaş,
Xam idin, bişdin, yandın.
Bir ad verdilər sənə,
Sonda düşdən oyandın.
Dua et, qutsal şaman,
Bizlər üçün dua et.
Oyan, sevgini geyin,
Bir ox kimi süzüb get.
MANERA.AZ