Mələklə görüşə sərxoş getmək ayıb deyilmi?... | MANERA.AZ
Manera.az yazar Pünhan Şükürün "Başqa Kəlamlar"ından
seçmələri təqdim edir:
"Ən azından gözəl insanlarla rastlaşmaq ehtimalı ilə hər gün evdən çıxmağa dəyər."
***
Ey “yox” deyə bilməyəcəyim kəslər, məndən baha və məndən ucuz “hə” kəlməsini istəməyin məndən!
***
Dirilərimizi qane edəcək qədər var – dövlət qazanmasaq da, ölülərimizə oxunacaq qədər rəhmət qazanmağa çalışaq.
***
Şübhə etmirəm ki, kimin ardınca getməyimizi düzgün müəyyənləşdirmişik – Əcdadlarını meymunla uğursuz müqayisə edən alimin, yoxsa, bizi xəlq olunmuşların ən şərəflisi adlandıran çobanın.
***
Söz o vaxt qüvvədən düşməyə başlayır ki, fikri yığcam və gözəl ifadə edəcək qədər deyil, müəyyən ölçüdə vaxtı və səhifəni dolduracaq qədər tələb olunur.
***
Pis adam o kəsdir ki, öz dərdi sağalmayınca, başqalarının dərdinə şərik olmayacağını qət edir.
***
“Tənhayam” deyən allahsızdır.
***
Ölümə çarə axtaranların deyil, əbədiyyəti qazananların yolu ilə gedək!
***
Qəfəsdə doğulan və orada yaşamağa məcbur edilən şirə “dovşan” deyənlər! Əlinizi qəfəsdən içəri uzadın bircə...
***
Eşitdiyim suallar arasında ən çox məyusluğuma səbəb olanları bu fani dünyadan, onun elə özündə qalacaq var – dövlətindən nə dərəcədə möhkəm yapışdığımı soruşanlardır.
***
Hər müsbət xüsusiyyət var – dövlət qazandırmadığı kimi, var – dövlət də hər eyibi örtə bilməz.
***
Mükafatı cənnət olanlar bu fani dünyada kor olsalar belə, haqq dünyasında işığa oruc tutmuş kimi qəbul olunurlar.
***
Qız öz anasının ən yaxın rəfiqəsinə, oğul isə atasının ən yaxın dostuna çevrilibsə, demək, onların ailəsi xoşbəxtdir.
***
Hamıdan böyük olan Allaha “Siz” deyib şərik qoşmaqdansa, “Sən” deyib vəhdaniyyətini təsdiqləmək daha məqsədəuyğundur.
***
Hesab edirik ki qarşımızda öhdəsindən gələ bilməyəcəyimiz böyük boşluğu doldurmaq vəzifəsi durub? Elə isə gəlin, kiçik, amma dopdolu bir şeylər yaradaq!
***
İnsan üçün həyat yaranışın balladası, ölüm isə həyatın rekviyemi olmalıdır.
***
Qanun bir ölünü diriltmədiyi halda niyə dirini öldürməlidir?
***
Adamlıq insanlıq maskası taxmış heyvanlıq olmamalıdır!
***
Allahsızdan qorxmayaq, allahsız olmaqdan qorxaq!
***
Sevdiyimiz və sevməkdə yanıldığımız adamın dirisini qəlbimizdə dəfn etmək, onun ölüsünü torpağa tapşırmaqdan üzüntülüdür.
***
Eşitdiklərimi başa düşməyə tələsirəm ki, mənə dediklərini soyundurub çılpaq təqdim etməyə ehtiyac duymasınlar.
***
Hisslər iki halda özlərini büruzə verirlər – ağıl onları cilovlamağa yetməyəndə və ağıl özü onları oyadanda.
***
Əgər kimsə maddi cəhətdən zəngin olduğu halda “kasıbam” deyirsə, onu elə kasıb kimi də qəbul edin, mənəviyyatca.
***
Şeytana yeddi və daha çox daş atmaq, min və daha artıq dəfə lənət oxumaq vacib işdir. Amma Allahı zikr etməyə də vaxt ayırmaq lazımdır.
***
Qatilin bəhanəsi: Nə qədər ki günah qazanmayıblar, məsum adamları cənnətə varid eləyirəm.
***
Elə incilər var ki xoşbəxtliyin, elələri də var ki bədbəxtliyin övladlarıdır.
***
Pişiyin ağzı ətə çatmayanda deyir ət iy verir. Ələlxüsus da ət itə qismət olacaqsa.
***
Mənimlə rastlaşanda üzünüzü yana çevirməyin. Salamı birinci vermək məndən!
***
Allah öz sevgisindən bəndələrinə bərabər pay təklif edib. Bunu məmnunluqla qəbul edənlər və imtina edənlər var.
***
Sübut edək ki, doğulmasaydıq, dünya çox şey itirəcəkdi.
***
Həqiqət həya örpəyinə, yalan isə riya pərdəsinə bürünür.
***
Kiçik həqiqətlər inhisara alınanda böyük yalanların tərkib hissəsinə, halal inhisara alınanda isə harama çevrlir.
***
Birilərinə adi bir həqiqəti başa salmaq üçün gərək tarixi başdan başlayasan: “Allah əvvəlcə Yeri və Göyü yaratdı...”
***
Elə günahlar var ki, onları yalnız sevənlər bağışlaya bilərlər. Elə günah da var ki, onu yalnız sevənlər heç bir vəchlə bağışlaya bilməzlər.
***
Bədbəxtliyimin səbəbini bilirəm. Nədir desəm, onu da mənə qısqanarlar.
***
Bağışla, Allahım! Cansıza can verəcək qədər mərhəmətli olsaydım belə, onu bir gün geri alıb borcunu bağlayacaq qədər ədalətli ola bilməzdim. Mən Sən ola bilməzdim.
***
Bəzilərinin söz dağarcığında 70 Kəbə Evi var. Əfsus, biri də qibləsi deyil.
***
Mələklə görüşə sərxoş getmək ayıb deyilmi, Əzrail olsa belə?
***
Mənə xoşbəxtlik arzulamayın. Ədalətli bəxt arzulayın. Layiq olduğumdan artıq qiymətə iddialı deyiləm.
***
Bəzilərinin nə olursa –olsun danışmaq ehtiyacı, danışdıqlarını diqqətlə dinlətdirmək ehtiyaclarını üstələyir.
***
Məndəki işığı görənlər! Yolunuzda şam kimi əriməyə hazıram.
***
Dostum! Birinciliyə nail olmaq fikrini alqışlayıram. Amma söz ver ki, Mütləq Birinci olandan sonra bir yüz iyirmi dörd min birinci olmaq küfrünə düşməyəcəksən.
Manera.az