manera.az
manera.az

Əllərim göy səmtə bir cüt duadı... - Şeirlər

Əllərim göy səmtə bir cüt duadı... - Şeirlər
Manera.az tanınmış şair Qədiməli Əhmədin şeirlərini təqdim edir:


BİR VARAQ İMİŞ

İçimdəki qəmi bir də tanıdım,
Sevincimə düşən bir yamaq imiş.
Qoparıb könlümdən rahatlığımı,
Sonra da yavaşca budamaq imiş.

Daha bu sirləri saxlamır zaman,
İçində nə yoxmuş aman,ay aman?
Tumarlı sözləri indi bir güman,
Hissimlə,duyğumla oynamaq imiş.

O bal sevdalarım qaldı yazımda,
Hicran gecəsitək keçdi yazım da,
İlahi,yazdığın alın yazıma,
Dərd sözü ayrıca bir varaq imiş.

BUNDAN O TƏRƏFƏ XATİRƏLƏRDİ

Ömrümüzə dönməz ötüb keçənlər,
Yel əsdi,toz yağdı saçlarımıza.
..Nə mən yeniyətmə oğlan olaram,
Nə sən bənzəyərsən dəcəl bir qıza.

Əllərim uzanmaz yollar boyunca,
Qorxuram bu küçə boşa çıxacaq.
Bu soyuq gecə də qəfildən düşüb,
Deyirəm axırı qışa çıxacaq.

Bundan o tərəfə xatirələrdi,
Nə səndən olacaq,nə məndən,heyif.
Daha bir də belə payızdan olmaz,
Nə də saçımızda bu dəndən,heyif.

HAÇAN QOVUŞDUQ Kİ…

Necə dilin gəldi-“Daha ayrılaq”,-
Deyərək həsrəti necə sevdin sən?
Haçan qovuşduq ki köçəri quştək,
Bir gün də ömrümdən çıxıb gedəsən?

Gözlərin nə qədər yaxın olsa da,
Əllərin o qədər uzaqdı,uzaq.
Bu sevgi qarışıq yuxu kimidi,
Gəl otur,yuxunu bir yerdə yozaq.

Gözlərim qaralır baxdıqca yola,
Səbr ağacı bitir gözlədiyimdən.
Mənim ola-ola arzularımda,
Gerçəkdə elə bil özgəsininsən.

Nəyimə gərəkdi bu sənsiz ömür?,
Hər günü dərd ilə xışlanıb gedir.
İlləri alnımın qırışlarında,
Yolları gözümdən başlanıb gedir.

Kəsib qabağımı qəm divarları,
Susmuşam dilimdən dodağımacan.
Haçan qovuşduq ki daha ayrılaq,
Bir gün də ömrümdən çıxıb gedəsən?

İNANMIR ÜRƏYİM

Sənsən sükutumun acı tərəfi,
Soyuq gecəm bilir,pəncərəm duyur.
Mən necə qurtulum gözüm yaşından?
Göz yaşı üzü yox,ürəyi yuyur.
Heç nəyə inanmır ürəyim daha.

Səhv etdim,illərdi yarası sızlar,
Hələ də qaşıyın tökür içimi.
Bu gecə üstümə yağan baxışlar,
Dünyamda görünür yabançı kimi,
Heç nəyə inanmır ürəyim daha.

Bir də görəcəyəm vaxt ötüb-keçib,
Bir də görəcəyəm güllər sozalıb.
Payız da çevrilib xatirələrə,
Yerində əylənib bir az qış qalıb,
Heç nəyə inanmır ürəyim daha.

DEYİRDİK

Deyirdik,bircədi sevda yolumuz,
Bəs niyə ayırdı bu zaman bizi?
İllər də həsrətin sükutu ilə
Hər gecə göynədir ürəyimizi.

Məni isitmədi qurduğum yuva,
İndi pərən düşən bir tənha quşam.
Aldanıb düşdüyüm özgə vadidə
Qəfil ayrılığın yoluna tuşam.

Asılıb qalmışam kirpiklərimdən,
Əllərin gözümün yaşını silmir.
Səni taleyimdən çəkib aparan
Yollar da hələ ki qayıda bilmir...

GEDƏRİK

Əllərim göy səmtə bir cüt duadı,
Ağzından su yağır səs əvəzinə.
Sən məndən bir addım öndəsən, zaman,
Götür bu lenti də kəs əvəzimə.

Havaya səpdiyim arzuları da
Bir ovuc dən bilib, evdidi quşlar.
Qar düşdü qəfildən vaxtsız-vədəsiz,
Saçımdan ömrümə başlandı qışlar.

Varmı öz eşqindən doyub, ölən kəs..?
Gün kimi, Ay kimi ötüb gedirik.
Dünya bir ağacdı, budaqlarından
Yarpaqtək sürüşüb, itib gedirik...

SƏNİ UNUTMAQ

Xatirələr yağış kimi
yağdı ömrümə...
Ömür necə gəldi,
necə keçdi bilmədim.

Səni unutmağa vaxtım yox,
sənə qovuşmağa baxtım yox...

Səni unutmaq üçün
illəri yola saldım,
Gördüm göz yaşındadı
həsrətin dadı...

BU YOL DA...

Durub ayrılığın astanasında,
Gözündə çırpınan qəlbin özüdü.
Susan baxışların dodaqlarında
Bu yol da bir misra həsrət sözüdü.

Neynim ki,yaraşır bu baxış sənə?
Hər axşam yollara sərilib qalır.
Qayıda bilməyən addımlarında
Qovuşmaq istəyi əriyib qalır.

İtir gözdən düşən ayaq izlərin,
Dəlisov küləklər azır yaxanda.
Sığalsız saçların boynunu burub,
Hicran əllərimi sıxıb yıxanda.

İllərsə yığılıb xəyallarında,
Qarışıb yolların toz-torpağına.
Bu gedən ömürdən payız köçüdü,
Xəzəl ilmə vurub hər yarpağına...

UNUTDUĞUM ADAM

Yol oldum ümidin astanasında,
Özümdə azdığım ünvana döndüm.
İllərlə yük olan ayrılıqları
Atdım gözlərimdən bir yana,döndüm.

Yüyürür üstümə soyuq küçə də,
Yoxdu yaxınlıqda nə hənir,nə səs.
Səni qınamıram nifrətin üçün...
Yolundan azanı Tanrı da sevməz.

Daha vərəqləmə xəyallarını,
Gəlmişəm qapına a tənha adam.
Bəlkə,tanımadın?Gəl
taniş olaq...
Sən mənə özümkü,mən sənə "yadam".

Saçlarımda qırov,gözümdə sel-su,
Sənə gərəyəmmi bu qar-yağışla?
Unutduğum küçə bağışlamadı,
Unutduğum adam,məni
bağışla...

UNUTDU

bu baxışda nə deyirsən beləcə?
kirpiklərin üstü dolan buluddu...
əllərini,saçlarını kim sevib,
sonra özgə bir qadında unutdu?

günlər keçdi,gün qurutdu gözünü,
nə sən gəldin,nə də yollar qayıtdı.
söz vermişdin,tutmadın ki sözünü,
aralıqda bir həsrət də boy atdı.

son addım da bitdi gedən payızla,
təzələndi yenə ağrı yaddaşı.
sənsizliyim əllərimdə od tutub,
bu yanğını xilas etməz göz yaşı.

bu,bir qara sevdaydımı səninçün,
paytaxtını zülmət aldı,qəm tutdu?
əllərini,saçlarını kim sevib,
sonra özgə bir qadında unutdu?

SİNƏMDƏ GÖYNƏYİR

Daha mən səninçin bir özgə dünya,
Sənin öz dünyan var,həqiqət budu.
Dolan gözlərindən axan sel-sular
Yanan ürəyimdə söndürməz odu.

Bu eşqdə hələ də qınaq yoluyam,
Eh,bu yol nə uzun,ağrı nə dərin...
Sənin öz həyatın mənsiz də xoşdu,
Mənsə əsiriyəm xatirələrin.

Əllərin əlimdən üzülmüş ümid,
Gözlərin gözümə axmayan dəniz.
İllər ötüb keçdi addımlarında,
Sinəmdə göynəyir,sızlayır o iz...

QAYIDIRSAN

Bir buluddu gözlərinin baxışı,
Sıxıldıqca yağır yerə ağ-qara.
Bir həsrətdi gözlərimin yağışı,
Damcılanıb düşür ağ varaqlara.

Sanki birdən başlanıbdı sonbahar,
Kirpiyində qurular da yaş kimi...
Qayıdırsan,taleyindən küsərək
Yuvasından küsüb gedən quş kimi.

Hər gecədə bir üşüntü,bir ağrı,
Fikirin də dolaşıqdı kələfi.
Bir arzu var,yeri,göyü qapanıb,
Nə səmt bəlli,nə bilinmir tərəfi.

Qayıdırsan bu sevdanın yolundan,
Sən gedirsən,bir ömürlük söz qalır.
Sənsiz hər gün ayrılıqdan bir addım
Ürəyimdə ləpir-ləpir iz qalır...


Baxış sayı - 2 044 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728