manera.az
manera.az

Bütün sevgilər solaxay! Sevgi,sol yanı incidər-YENİ İMZA

📅 10.06.2017 16:11

Bütün sevgilər solaxay! Sevgi,sol yanı incidər-YENİ İMZA
Manera.az "Yeni imza" layihəsinə başlayır.Layihənin məqsədi poeziyaya yeni qədəm qoyan gəncləri ədəbi mühitə tanıtmaqdır.
Layihənin ilk qonağı gənc şair Habil Rzanurdur.


Gəlin ayrılığın səhərindən danışaq

Elə qəşəng olurki ayrılığın səhəri.
Çarpayın da tərtəmiz,
Bicə qırışı olmur.
Dünya dediyin şeyin, səninlə işi olmur.
Otaqın səndən küsür.
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən.
Bir metr ip gəzirsən!!
Təsəlli baş daşları papiros kötükləri.
Aşıb daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı....
Ağzın da zəhər dadır.
Mədənin qıcqırtısı.
Lap təzəcə doğulmuş,
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı..
Elə qəşəng olurki ayrılığın səhəri.
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.
Elə qəşəng olurki ayrılığın səhəri.
Səni səndən gizləmir.
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!
Yarıaçıq pəncərə.....
Otaq səndən üşüyür.
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.
Üşüyər dodaqların.
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.
Elə qəşəng olurki ayrılığın səhəri.
Sonsuz hesab etdiyin bir sevginin sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!
Elə qəşəng olur ki......

Suriyadan məktub!

Salam şair əmi...
Bağışla ki, sənə atəşli salam yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü mən də çox məşğulam..
Bacım kuklasının qolunu itirib, ağlayır.
...sakitləşdirə bilmirəm
Hələ öz ayaqından xəbəri yoxdu,
onuda biraz olar itirib.
Demişəm pişik aparıb.
Mənə çöyərin ətrini yollaya bilmərsiz?
Darıxmışam.
Əlli nağıl bunnan qabaq anamı da dəmir leyləklər apardı.
Ondan da çörək ətri gəlirdi.
Atamı axırıncı dəfə görəndə öz saqqalının içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər qurğuşunsuz yağışlar...
Suyundan barıt iyi gəlməyən yağışları deyirəm.
Varsa ondan da yollayarsız
Yox yox özümçün demirəm....bacım istəyir...
Mən kişiyəm! Qorxmuram!
Sizin Cırtdana da deyin ki, burdakı divlər 60 ton ağırlığındadı.
Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır...
Səsləridə qəribədi,
elə bil Cənnətlə Cəhənnəm bir birinə çığırır!
Hə bir də ki, burda güllələr də çox ədəblidi böyüklü, kiçikli, kimi görsələr görüşürlər...
Nə isə şair əmi...
Sən tanrı ilə danışa bilirsən deyirlər.
Ona deyə bilərsən bacımın ayaqını qaytarıb versin?
Özüm güclə ayaqda dayanmışam,
Artıq bacımı qollarımda tuta bilmirəm...
Minnət kimi çıxmasın
səhər Azan səsinə oyanmışam.
axşamdı, bomba səsindən yata bilmirəm!
Cavab gözləyirəm....


***
Məni unudan qızın üzünü unutmuşam.
Dodağını, qaşını, gözünü unutmuşam.
Mən dünyanın ən gözəl qızını unutmuşam.
Mən dünyanın ən gözəl sözünü unutmadım.
Əlvida...

O gedən yollar belə ayağıma dar gəlir,
Görəsən unudulmaq hansımıza ar gəlir?
Bə deyirdiz ayrılıq gələndə lal-kar gəlir,
Mən niyə ayrılığın səsini unutmadım?!

Unutdum Allah çarpsın, kəlməsini unutdum!
İlk öpüşdə etdiyi həmləsini unutdum,
Nə vəfasız adamam, yaxşısını unutdum,
Nə əcayib adamam, pisini unutmadım.

Nə rəng idi köynəyi, başmağı nə rəng idi...
Unutdum, yerişimi.... öpüşümü ləng idi.
İlahi, öpüş anı susmağı nəhəng idi,
Çiyələkli öpüşün izini unutmadım.

Yollar didib aparıb dizimi neçə vaxtdı.
Göylər qabığın soyub üzümün neçə vaxtdı.
Görmürəm aynalarda özümü neçə vaxtdı,
Görəsən gözlərində özümü unutmadım?


***
Yaş cücərər gözlərində bir anlıq,
Hiss edərsən bir səbəb var, "nədən" var.
Soyuq külək, yorğun bulud, qaranlıq,
yəqin yenə tərk eyləyib gedən var...

Saçın yolar "sallaq söyüd", şux çinar,
Ay işıqı arzuları kəfənlər.
Ağı deyər qanı qara qaranlıq,
Ağır olur gecə vaxtı dəfnlər...

Cırmaq atar ahın göyün üzünə,
Şivən salar, şimşək olar aldığın.
Beş- on damcı göy ağlayar üstünə,
Gör nə qıydı sənə qurban olduğum.

Mıxlanarsan ürəyindən torpağa.
Kök atarsan dayandığın yerdəcə.
Hələ üsyan etməyin var Allaha...
Bütün ömrü həll eləyər bir gecə.

Sübhə qədər soyuyarsan səmirsiz,
Görən sanar xəyallara dalmısan.
Anlayarsan bir ölüsən qəbirsiz
göylə yerin arasında qalmısan.

Anladıqca əriyərsən, bitərsən,
Zaman yorar cavanlıqın diz çökər.
Unutmağı bilməyənlər sevəndə,
Unutmağı bilən kəslər kef çəkər.

Yaş cücərər gözlərində bir anlıq.
Anlayarsan bir səbəb var, "nədən" var.
Soyuq külək, yorğun bulud, qaranlıq,
yəqin yenə tərk eyləyib gedən var...

Sən beləsən

Gör necə zərifsən,necə də safsan.
Yenicə doğulmuş uşaq kimisən.
Yuxumda nişanlım,şeirdə sözüm,
Xəyalən öpdüyüm dodağ kimisən.

Can verən canımsan,kəsən qılıncım.
Sən mənim imanım,mənim inancım.
Saçların yorğanım,sinən balıncım,
Qısılıb yatdığım yataq kimisən.

Yazın qaranquşu,qışın sərçəsi,
Dağların Kəkliyi,bağın Karcası,
Tanrının ən gözəl şeir parçası,
Alnıma yazılı varaq kimisən.

Nə fəryad,nə nalə,nə bir ah bilir.
Nə qorxu,nə üsyan,nə günah bilir.
Ruhum da sevgini səcdəgah bilir.
Ziyarət etdiyi ocaq kimisən.

Əlimin qabarı,alnımın təri.
Ömrümün bəzəyi,bəzəyin zəri.
İlahi sevginin duracaq yeri,
Tanrının açdığı qucaq kimisən.

Yağışlar

Bu yağan yağışları,
Bir şeirə yığasan.
Və yanan ürəklərin..,
..üstlərinə sıxasan.

Sağasan buludları..
..son damlasına qədər.
Harda ki,ayrılıq var.
Yağasan axşam,səhər.

Beləcə sevişdirib,
Yağışla şeirləri.
Ömür boyu yazasan,
Yağışlı şeirləri.

Yağışa döndərəsən,
Bu bulud kağızları.
Yağışla dindirəsən.
Lal,sükut kağızları.

Qoymayasan yağışda..
..ayrılanlar odlana.
Bu yazdığın şeirlər..
alovlanan qəlblərin,
yağışları adlana.

Bütün sevgilər solaxay

Bütün sevgilər solaxay!
Sevgi,sol yanı incidər.
Sağ əl ilə sağollaşıb,
Büs bütün canı incidər.

Eşq odu qızdırar canı,
İndi belə sevgi hanı?
Eşq nəyinki bir insanı....,
....bütün dünyanı incidər!

Kordu,gözümü danladım,
Sonra,özümü danladım,
Neynim,sevəndə anladım,
Nöqsan,nöqsanı incidər.

Nə evli,nə,dul tanımaz,
Sevgi asan yol tanımaz,
Şah tanımaz,qul tanımaz!
Sevsə,sultanı incidər.

Sevgi bu imiş deyəsən,
Sevgidir də,neyləyəsən?!
Gül qoxulum söyləyəsən,
Gül də,bağbanı incidər!!

Qayıt keçmişinin əvvəlində qal

Mənim küləklərlə aram yoxdu heç!
Səninçün darıxan günləri çıxsam.
Heç atamın oğlu deyiləm əyər,
Birdə küləklərdə bucür darıxsam!

Bir də buludlarla öpüş yollama,
Bir də ətirlənib eyvana çıxma!
Bir də qismətinlə savaşa girmə,
Mənli arzularla göylərə baxma..!

Qayıt,keçmişimin,əvvəlində qal!
Həyatda hər nə var,gəldi gedərdi.
Doğrusu büs bütün arzular ki var,
Dünyaya gəlməmiş xatirələrdi!

Sən

Yatmadığım gecələrdə..
gördüyüm yuxum kimisən.
Bütün varlığım sən idin,
olmusan,yoxum kimi,sən!

Sevişir ağ dən başımla,
Nə durmusan,buyur şumla!
Sən qəlbimdə göz yaşımla,
yetişən toxum kimisən.

Budur,mənim sədaqətim…
Elə saf ki,məhəbbətim,
Hərdən duam,ibadətim,
hərdən də,ahım kimisən.

Küsürsüzsə küsün məndən!
İmanımi kəsin məndən..!
Allah inciməsin məndən,
Elə Allahım kimisən!!

Payız şeirləri ağrısız olmur

Payızda xəzəllər ağladır məni,
Sanki bu yarpaqlar əlimdən düşür!
Ölən xəzəllərə bulud ağlayır,
Şairin ğöz yaşı qələmdən düşür!

Heyif xəzəllərdən ah çəkə bilmir,
Kimsə düşünmür heç bu ahsızları.
Bir dəcəl küləyə qurban olurlar,
Külək edam edir günahsızları.

Mən yağış görmüşəm güllədən betər,
Mən yarpaq görmüşəm,torpağı deşir!
Hər ölmüş insanın fatihəsi tək,
Hər ölən yarpağa bir şeir düşür.

Bir ağac gəzirəm,əlli,ayağlı,
Payız olsa belə,yarpağı solmur!
Yağışda od tutub yananlar bilir,
Payız şeirləri ağrısız olmur!!


Baxış sayı - 2 094 | Yüklənmə tarixi: 10.06.2017 16:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031